AZ

Əsədin Ermənistanyönümlü siyasəti bitti: gələcəkdə Azərbaycanla münasibətlərinin yaxşılaşması ehtimalı var

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Suriyadakı məsələlərlə bağlı Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb. Hikmət Hacıyevin sözlərinə görə, Suriyada Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq. Eyni zamanda o qeyd edib ki, biz ümid edirik ki, Azərbaycanla Suriya arasında normal münasibətlər formalaşacaq, dostluq münasibətləri zəminində ikitərəfli əlaqələr inkişaf edəcək. Prezidentin köməkçisi Suriyadakı əvvəlki rejimin bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaratdığını xatırladıb. Qeyd edib ki. Suriya Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar olan məsələlərdə qeyd-şərtlə çıxış edirdi. Hətta İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində islam həmrəyliyinə ziddi xarakter daşıyan açıqlamalar olurdu.

"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a  bildirib ki, Suriyanın əvvəlki rejimi bir tərəfdən erməni lobbisinin, digər tərəfdən isə İran və Rusiyanın ciddi təsiri altında idi:

“Demək olar ki, Bəşər Əsəd rejiminin kukla kimi görüntüsü mövcud olub. Yəni rejimin real çəkisi mövcud deyildi. Ona görə də hesab edirəm ki, Azərbaycana münasibət birmənalı olmayacaqdı. Hətta regional və qlobal səviyyədə olan beynəlxalq təşkilatlarda həmin rejimin Azərbaycan əleyhinə kampaniyalarda iştirakını görmüşük. Məsələn, Birləşmiş Millətlər Təşkilatında hansısa qətnamə çıxarılanda Əsəd rejimi Ermənistan mövqeyində dururdu. Yəni Ermənistan yönümlü siyasət yürüdürdülər. Qarabağda ermənilərin qanuzsuz yerləşdirilmə prosesi həyata keçirilən zaman da Əsəd rejimi Ermənistan üzərindən ermənilərin Qarabağa köçürülməsini reallaşdırırdı. Suriyada müvəqqəti hökümətin gələcəkdə daimi olacağı təqdirdə, Azərbaycanla münasibətlərinin yaxşılaşması ehtimalı var”.
Seçilən
54
sherg.az

1Mənbələr