AZ

“Yeni savaşın başlaması ehtimalı böyükdür” - Qüdrət Həsənquliyevdən SENSASİON AÇIQLAMALAR

“Ermənistan Qərbin  Azərbaycana sanksiya tətbiq etməsinə çalışır”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsava”a Suriyada baş verən son hadisələr, bundan sonrakı gözləntilər, həmçinin Ermənistanın sülhü pozan hərəkətləri ilə bağlı maraqlı müsahibə verib.   

- Qüdrət bəy, Əsəd rejiminin devrilməsindən sonra Suriyada nələr baş verəcək?

- Bölgədə insan azadlıqlarını, ümumiyyətlə, insanları  heçə sayan başqa qanlı rejimlər də var. Suriyaya gəldikdə, xalq demokratik dəyişikliklərə hazır deyil. Ölkədə çoxsaylı silahlı qruplaşmalar, ekstremist və terror təşkilatları mövcuddur. Həmçinin cəmiyyətin daxilində milli və dini zəmində parçalanmalar var, demokratik ənənələr yoxdur. Xalq totalitar rejimin repressiyaları altında uzun müddət yaşayıb. Bu baxımdan Suriya dövlətində yaxın gələcəkdə mülki-demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması  mümkünsüz görünür. Arzu edək ki, orada heç olmasa məhdud azadlıqlar olan avtoritar idarəetmə olsun, dövlətin bütövlüyü qorunub-saxlansın.

- Yəni vəziyyət daha pis ola bilər, eləmi?

- Əvvəlkindən daha pis olmasa da, daha yaxşı olacağı ehtimalı azdır. Ümid edək ki, “Taliban” tipli rejimin formalaşmasına Türkiyə imkan verməyəcək. Suriyada  sərt diktatura olsa da, Əfqanıstanla müqayisədə heç olmasa dünyəvi dövlətçilik modeli olub, məsələn, qadınlar hicab geyinməyə məcbur edilməyib. Açığı, ölkənin gələcəyi ilə bağlı çox da optimist deyiləm. Dua edək ki, yaxşılığa doğru  dəyişiklik olsun. Əsədin devrilməsini  hər bir halda müsbət hadisə kimi qiymətləndirirəm. Bu adam həqiqətən də çox ağır cinayətlər törədib, həm Suriya xalqına, həm rəqiblərinə münasibətdə. İndi görürsünüz,  kimsənin xəbəri olmayan yeraltı həbsxanalar aşkarlanır, orada minlərlə insan saxlanılıb, amansız rəftara məruz qalıblar, vəhşicəsinə öldürülüblər.

- Ələ keçirdiyi Qoland təpələri istiqamətində İsrailin güzəştə getməyəcəyini və burada daimi qalacağını bəyan etməsi, sizcə, Suriyanın taleyi üçün nə demək olacaq? Bu, ölkənin ayrı-ayrı paytaxtlar arasında bölüşdürülməsinə gətirib çıxara bilərmi?

- Suriyanın ərazi bütövlüyünə  ciddi təhdidlər var. Fikrimcə, Suriya ən yaxşı halda federallaşacaq. İsrailin Qoland təpələrindən geri çəkilməsi indiki mərhələdə mümkünsüz görünür. Hesab edirəm ki, nəinki indi, yaxın gələcəkdə də bu, baş verməyəcək. 

- Bir çoxları, o cümlədən iri dövlətlər üçün Suriya hadisələri, Əsədin faktiki olaraq müqavimətsiz ölkəni təhvil verməsi, qaçışı gözlənilməz oldu. Nə baş verdi? Doğrudanmı gözlənilməz hadisə oldu, yoxsa sadəcə hazırlanmış ssenari həyata keçirildi?

- Mən hesab edirəm ki, Suriyanın gələcəyi ilə bağlı  bölgəyə təsiri olan böyük dövlətlər arasında öncədən razılaşma olub.

- Hansı dövlətlər arasında?

- Türkiyə, Rusiya və İran arasında. Düşünürəm ki, Türkiyə bunu müəyyən Qərb dövlətləri, NATO-nun aparıcı ölkələri ilə də razılaşdırıb. Məncə, razılaşdırılmış şəkildə Əsədin əvəzlənməsi planı həyata keçirildi. İndi hamı deyir ki, bundan ən çox ziyan görən Rusiya oldu. Suriyada  iki hərbi baza saxlamaq Rusiyanın maliyyə imkanları xaricində idi. Ukraynada ağır müharibəyə girən Rusiyaya həm əsgər, həm hərbi texnika, həm də maliyyə vəsaiti lazımdır. Ona görə Rusiya heç Əsədin devrilməsinə ciddi  müqavimət göstərmədi, bir-iki dəfə təyyarələri qalxıb bomba atdı, rejimi sona qədər müdafiə etmədi. Bundan əlavə, bu hadisələrdən öncə Türkiyənin Əsədə “gəl, oturaq, danışaq” müraciəti və Əsədin bundan imtinası... Mən hesab edirəm ki, bunlar hamısı ciddi ssenarinin tərkib hissəsi idi. Gördünüz, İran da qarışmadı, Əsədə dəstək vermədi. Təqribi hesablamalara görə, İran proksi qüvvələrə ildə 50 milyard ABŞ dolları vəsait xərcləyir, o cümlədən Suriyada, İraqda, Livanda... Bu, çox böyük vəsaitdir, həm də İranın hazırda özünün bu vəsaitə çox böyük ehtiyacı var. Üstəlik, İranın proksi qüvvələri İsrail tərəfindən həm Fələstində, həm də Livanda darmadağın ediliblər. Yəni bundan sonra onlara o qədər vəsait ayırmağın da mənası yoxdur. İran da bunu başa düşdü. Həm də İrana lazımdır ki, Qərblə anlaşma əldə eləsin, müharibədən yayınsın, həmçinin sanksiyaları bir az yumşaltsınlar, iqtisadiyyatlarını inkişaf etdirə  bilsinlər. Qərbə də lazım idi ki, baş verənlərin nəticəsi olaraq İran və  Rusiya Suriyadan çıxsın. İkincisi, Suriya üzərindən borularla Qətərdəki böyük qaz yataqlarından mavi yanacaq artıq Avropaya ötürüləcək. Buna ən böyük maneə Əsəd rejimi  idi, bu maneə də aradan qalxdı. Ona görə də çevrilişə dəstək məqsədilə Suriyanın hərbi bazaları, silah anbarları İsrail və ABŞ tərəfindən bombalanırdı. Qərb bu məsələdə ciddi şəkildə Türkiyəyə dəstək verdi. Türkiyə özü də silahlı müxalif qruplara Əsədi devirmək üçün kömək etdi. Təqribən 4,5 milyon suriyalı qaçqın Türkiyədən öz ölkəsinə qayıdacaq, artıq qayıdış başlayıb. Türkiyənin də istədiyi həm bu, həm də sərhədlərinin təhlükəsizliyidir. Bu baxımdan Əsəd rejiminə son qoyulması bütün böyük güclərin maraqlarına cavab verirdi. 

- Bəs Rusiya tərəfindən Bəşər Əsədin Suriya xalqına və yeni hökumətinə təhvil verilməsi gözləniləndirmi? Əsəd alver predmetinə çevrilə bilərmi?

- Əsəd kimyəvi silahlardan da istifadə etməklə ağır cinayətlər törədib. Onun Beynəlxalq Məhkəmə qarşısına  çıxarılması Qərblə Rusiya arasında  danışıqlar predmeti olacaq. İndi gizli həbsxanalarla bağlı elə dəhşətli faktlar ortaya çıxır ki... Rusiya da “biz sivil, demokratik, hüquqi dövlətik” deyir. Özünü belə adlandıran ölkənin bu cür dəhşətli faktlardan sonra Əsədi təhvil verməməsi faktiki olaraq çox çətin olacaq. Rusiya öz sifətini qoruyub-saxlamağa çalışacaq, öz imici haqqında düşünəcək. Ona görə də mümkün sayıram ki, Rusiya Əsədi Beynəlxalq Məhkəməyə təhvil verə bilər. Vaxtilə Bosniya müsəlmanlarına qarşı serblərin törətdiyi qətllərə görə Haaqa Tribunalı quruldu, məsuliyyət daşıyanlar cəzalandırıldı. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası Əsədin cinayətlərinin araşdırılması ilə bağlı xüsusi  tribunal yarada bilər. Amma Beynəlxalq Ədalət Məhkəməsi də bunu etmək imkanına malikdir. Bu, həm də Qərblə Rusiya arasındakı münasibətlərin hansı istiqamətdə inkişafından asılı olacaq. Ukrayna ilə  hansısa barışıq əldə olunsa, Rusiya Əsədi  təhvil verəcək. Yox, barışıq əldə olunmasa, Rusiya bu addımı atmaya bilər.

- Qüdrət bəy, Prezident Əliyevin Türkiyə lideri Ərdoğana Suriyada baş verənlərlə bağlı zəng etməsinə münasibətinizi də bilmək istərdik. Bu zəngin davamında hansı addımların şahidi ola bilərik?

- İlham Əliyev bu zənglə  beynəlxalq birliyə qardaş Türkiyə ilə hər zaman bir yerdə olmağımızın mesajını verdi. Ehtiyac olarsa, Azərbaycanla Türkiyə birlikdə Suriyada həm sülhəməcburetmə, həm də humanitar əməliyyatlarda iştirak edə bilər.

- 2024-cü il başa çatmaq üzrədir, amma Ermənistanla Azərbaycan arasında sülhün imzalanması baş vermədi. Proseslərin perspektivini necə görürsünüz?

- Ermənistanla Azərbaycan arasında sülh sazişinin  imzalanması üçün rəsmi İrəvan 10 noyabr sənədinin şərtlərini yerinə yetirməlidir. Sazişdə təhlükəsizlik üçün Zəngəzur dəhlizinə Rusiya sərhədçilərinin nəzarət etməsi nəzərdə tutulub. Ermənistan Rusiya ilə anlaşmalıdır, Rusiyanın Ukraynada məğlub olmasını gözləməməlidir. Hazırda Ermənistan sülh sazişinin imzalanmasını məqsədli şəkildə yubadır. Ona görə də üçtərəfli sazişin  şərtlərini yerinə yetirmir, konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə qarşı olan müddəaları çıxarmır. Ermənistan  öhdəliklərinə əməl etsəydi, səmimi olaraq sülh istəsəydi, çoxdan sülh sazişi imzalanmışdı.

- Paşinyanın son açıqlamaları Ermənistanın sülh istəmədiyinə şübhə yeri qoymadı...

- Bilirsiniz, nə konstitusiya dəyişikliyi, nə imzalanmış hər hansı sülh müqaviləsi, beynəlxalq öhdəlik sülhə təminat verir, əgər arxasında səmimi niyyət və xalqın iradəsi dayanmırsa... Ukrayna ilə Rusiya arasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına, dostluq və əməkdaşlığa dair sazişlər, Budapeşt memorandumu var idi. Sülhün təminatı sənin güclü müttəfiqlərinin, güclü ordunun, güclü iqtisadiyyatının, daxildə vətəndaş həmrəyliyi və milli birliyin olmasıdır ki, təhlükə olduğu təqdirdə, xalq bir yumruq kimi birləşə bilsin. Ermənistan müharibə etmək istəsə, iddia edəcək ki, Azərbaycan atəşkəsi pozdu və hücuma keçəcək. Sülh sazişinin arxasında xalqların iradəsi dayanmalı, bütün sahələrdə əməkdaşlıq olmalıdır.

- Yəni yeni savaş realdır...

- Yeni savaşın başlaması ehtimalı böyükdür. Ermənistan inanır ki, Rusiya Ukraynada kollektiv Qərbə qalib gələ bilməyəcək və dövlət olaraq çökəcək, ola bilsin parçalanacaq. Hesab edirlər ki, bundan əlavə, Qərb Türkiyənin neytrallığını Birinci Qarabağ savaşında olduğu kimi təmin edəcək və müharibədə qalib gəlmiş Qərb bizi Rusiyanın müttəfiqi və məğlub düşərgənin təmsilçisi kimi Rusiya ilə birlikdə cəzalandıracaq. Ona görə revanşist müharibəyə hazırlaşmaq üçün Ermənistan vaxt udmağa çalışır və  hər gün deyir ki, sülh sazişi imzalamağa hazırdır. Bu yolla həm də  Azərbaycanı beynəlxalq birliyə “aqressiv tərəf” kimi təqdim etmək istəyirlər. Sabah Qərbdən Ermənistana tapşırıq gəlsə ki, “müharibəyə başla”, o zaman beynəlxalq birlik hərbi əməliyyatlara görə Ermənistanı ittiham etməsin, desinlər “ermənilər sülh tərəfdarıdır, müharibəni istəyən Azərbaycan idi”. Hazırda Ermənistan  Qərbin ё Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinə  çalışır...

Elşad PAŞASOY,
FOTO: “YM”

Seçilən
14
5
musavat.com

5Mənbələr