Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı milis dəstəsinin üzvü olan Nofəl Quliyev Füzuli, Goranboy, o cümlədən Qarabağın müxtəlif istiqamətlərində gedən döyüşlərdə iştirak edərək şücaət göstərib və 1991-ci ilin 13 dekabrında Goranboy rayonunun Todan kəndinə erməni silahlılarının hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
QHT.az xəbər verir ki, Nofəl Quliyev 4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində anadan olub. 1982-1983-cü illərdə orduda xidmət edib və xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində əmək fəaliyyəti ilə məşğul olub. Erməni silahlı dəstələrinin Qarabağa hücumlarının başlanmasından sonra 1990-cı ilin dekabr ayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN xüsusi təyinatlı milis dəstəsinə qoşulub.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Nofəl Zahid oğlu Quliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Ruhu şad olsun!