Rusiyanın “Krasnodar” komandasının baş məşqçisi, vaxtilə Azərbaycan təmsilçisi “Sabah”ı da çalışdırmış Murad Musayev Bakıya səfərə gəlib.
Arena.az xəbər verir ki, bu barədə “Sabah”ın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Rusiya çempionatında yaranmış fasilədən istifadə edərək Bakıya səfərə gələn Musayev “Sabah” Futbol Mərkəzində qonaq olub. O, burada “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və komandanın indiki baş məşqçisi, rusiyalı mütəxəssis Vasili Berezutski ilə görüşüb.
Xatırladaq ki, Murad Musayev 2021-ci ilin noyabrından 2024-cü ilin fevralına qədər “Sabah”da işləyib. “Bayquşlar” onun rəhbərliyi altında 87 oyun keçiriblər (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). “Sabah” Musayevin rəhbərliyi altında ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Musayev 2024-cü ilin mart ayından bəri “Krasnodar”a rəhbərlik edir. 41 yaşlı mütəxəssis “Sabah”dan öncə də bu komandanın baş məşqçisi olub.