AZ

Səkkizinci günün dan yeri...- Polkovnik-leytenant Nazir Şahsuvarovun əziz xatirəsinə

... Hacı Bədəl körpüsünün üstündə nəfəsini dərdi. Hardan gəldiyini, niyə qaçdığını bilmirdi, amma yaman təntimişdi. Ağa çayında bir kölgəgördü. Allahım, bu Ay işığıydı, dan yerinin işartısıydı, yoxsa onun, bəlkə də ruhunun əksiydi. Gecə və gündüz rejimləri də məchulluğa qərq olmuşdu.

Qosqoca, iri dağdağan ağacının qoğuşunda bir dəstə kənd uşağı oynaşırdı. Zahid, balaca Qulu, Tapdıq, Səxavət, Əmrah, Muradxan, Eldar... Gülzar xala çayda kilim yuyurdu. Bilal əmi samovarı qaynatmaq üçün talaşa doğrayırdı.Bu nəydi?! Özü də uşaqların arasındaydı. Axı hazırda körpünün üstündə durmuşdu.

Çox düşünüb-daşınmağa macal tapmadı. Atasını gördü. Bağı kişi dağdağan ağacının arxasından gülümsəyirdi. Bir az aralıda ərik bağı gözə dəyirdi.

-Gəl, - Bağı kişi sakit səslə dilləndi , xoş gəlmisən, oğlum, qovuşduq. Sənin də vaxtın çatdı , gedək. Tutu anan yolunu gözləyir.

... Hövlnak oyandı. Tər içindəydi.

--- Nazir, yuxu görürdüm, su gətirim, bir yerin ağrıyır, - Qərənfil xanım cavab gözləmədən danışırdı, - ürəyin nəsə istəyir, neçə gündür fərli-başlı yemək yemirsən, bəlkə dolma bişirim?

Nazir başını qaldırıb kədərlə ömür -gün yoldaşına baxdı...

         Arayış

Şahsuvarov Nazir Bağı oğlu 1957-ci il avqustun 8-də Qubadlı rayonunun Dəmirçilər kəndində dünyaya göz açıb. O vaxtkı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə Sumqayıt Superfosfat zavodunun hüquqşünası kimi başlayıb.

Sumqayıt Şəhər İcra hakimiyyəti yanında mənzil - kommunal təsərrüfatı idarəsinin hüquq şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirib. Sonradan hərbi sahəni seçib. Bakı qarnizonunda , Bakı şəhər Hərbi Prokurorluğunda, Sumqayıt şəhər Hərbi Prokurorluğunda məsul vəzifə daşıyıb. Füzuli rayonunun Hərbi prokuroru olub. İşgüzarlığı, savadı, obyektivliyi diqqət çəkib. Respublika Hərbi Prokurorluğu  İstintaq idarəsinə böyük müstəntiq təyin edilib. Təqaüdə qədər Respublika Hərbi Prokurorunun böyük köməkçisi vəzifəsində çalışıb.

Ömür-gün yoldaşı Qərənfil xanım Sumqayıt Dövlət Universitetinin fizika fakültəsinin baş müəllimidir. Qızı Tünzalə Azərbaycan Döblət Tibb Universitetini əla qiymətlərlə bitirib. Bakı şəhər,  5 nömrəli xəstəxanada terapevtdi. Oğlu Nəriman öncə Turizm Universitetini , daha sonra Belarusiya yanğınsöndürənlər məktəbini bitirib. Fövqaladə Hallar Nazirliyində işləyir.

4 nəvənin fərəhini yaşaya bildi Nazir.

Ailəsi ilə xoş günlərini keçirmək, istirahət etmək niyyətindəydi. Amma tale təqaüd istirahətlərini ona vur tut 6 il qıydı.Qardaşı Qulunun göz yaşlarına bələnmiş xatirələri.

"Dəmirçilər" deyə-deyə getdi qardaşım. Təsəllimiz budur ki, torpaqlarımızın azad gününü gördü. Amma Qubadlıya , doğma kəndimiz Dəmirçilərə getməyə, açığı, mane olduq. Qorxduq. Şuriyə dedi, Qulu , bu xəstəliklə Qubadlıya getməsi məsləhət deyil, yolda canını tapşıra bilər. Bilmirəm, bəlkə də ürəyinin bir guşəsində bizdən incikliyi vardı , özü ilə götürdü.

Bəşirin çayxanasına gedirdi tez-tez. Kənd adamları ilə ünsiyyətə can atırdı. Sinif yoldaşlarını arayıb-axtarırdı.Xəstəliyi başlayandan hər gün Zahidlə telefon bağlantısına Təsəvvür edin: nahar vaxtı Zahid Suriyadan zəng vururdu, axşam deyirdi,  nə əcəb Zahiddən zəng gəlmədi?

Bir də kiçik bacım Həmayılı bir gün görməsə, ürəyi partlayardı.

Həmayılla saatlarla  dərdləşir, xatirələri birlikdə çözələyirdilər.

Son 7 günü ağır keçirtdi.

Hər gün Zahidlə danışıqdan bir-iki saat sonra "nə əcəb Zahid zəng vurmadı" nigarançılığı ilə gözünü üzümə dikirdi. Bir də hər gün mənə deyirdi , ay Qulu, sən dünyagörmüş adamsan bilərsən, görən bu xəstəlik adamı öldürər? Cavabı da gözləmirdi, köks ötürüb kədərlə üzümə baxırdı. Qulu , ürəyimə damıb ki, son həftəmi, son günlərimi yaşayıram. Bu Nərimanı bir az ərköyün böyüymüşdük. Mən Tbilisidə işləyəndə babasının yanında qaldı, baba, nənə yanında böyüyən uşaq necə olmalıdır ki?!

Nərimandan muğayat ol,  Qulu.

... Sentyabrın 26-da axşam ayrıldım. Evə gəldim. 27-də səhər saat 6-da Nərimanın mobil telefonundan zəng gəldi.

-Qulu əmi, atanın halı yaxşı deyil. Geyinib çıxmaq istəyəndə...

    Sonuncu səhər.

--- Nazir , qurban olum, darıxma, Qulu ilə Şuriyə gəlirlər.Təcili yardıma da zəng vurdum. Gələrlər indi, özünü darıxdırma, Nazir, keçib gedər.

-Həmayılı da çağırın.

-Yaxşı, indi zəng vuraram .

-Quluynan Şuriyədən bərk incimişəm.

-Niyı, qurbanın olum, belə qardaşlardan da incimək olar?

-Məni Qubadlıya aoarmadılar. Dəmirçilərdən ötrü burnumun ucu göynəyir. Əvvəl razıydılar, sonra aralarında nə pıçıldaşdılarsa, fikirlərini dəyişdilər. Bircə dəfə Hacı Bədəl körpüsünə çıxsaydım...

Əhd eləmişdim, o körpünün üstündən uşaqlıqda olduğu kimi qaça-qaça keçəcəkdim... Qərənfil, telefonu yaxın qoy, birdən Zahid zəng vurar.

Suriyada gecə saat 4-idi. Amma yenə də telefonu yaxına gətirdi Qərənfil. Qəhərdən boğulurdu. Hönkürtüsü tıxanıb boğazında qalmışdı. Ağzını açıb nəsə demək istəyirdi, qorxurdu qəfil hönkürtü gələ. Bu gün səkkizinci gün idi ki, səhəri dirigözlü açırdı. Həkimlərin əməliyyatdan imtina xəbərindən sonra Nazirin halı sönmüşdü.

Hər səhər belə pəncərəyə baxa-baxa qalırdı Qərənfil xanım. Amma pəncərənin o üzündə zil qaranlıqdan alayı bir şey görə bilmirdi.

Bu gün ilk dəfə dan yerinin işartısını gördü.

-Qərənfil, haqqını halal et, uşaqlardan muğayat ol...

Vəssalam. Qərənfil xanım dönüb baxdı... Nazirin donmuş təbəssümündə dan yerinin işartısını gördü...

... Və bu gün çox darıxanda, üzüləndə, Nazirli günlərə təşnə olanda dan yerinin işartısına baxıb toxtaqlıq tapır.

Hafiz Ataxanlı, yazıçı publisist

Seçilən
9
news365.az

1Mənbələr