AZ

Yeni marşrut xətti açılır, 4 avtobusun isə...

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan optimallaşdırma işləri çərçivəsində Bakının mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi, yeni xətlərin təşkili və avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

News24.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 15 dekabr tarixindən 4 sayda müntəzəm avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

Dəyişikliyə əsasən,

- 35 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun mərkəzinə;

- 44 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun Elxan Həsənov küçəsinə;

- 88A nömrəli avtobusların hərəkəti "Bakı Ağ Şəhər"in Mərkəzi Bulvar küçəsinə;

- 120E nömrəli avtobusların hərəkəti isə Afiyəddin Cəlilov küçəsindən keçməklə təşkil edilib.

"Eyni zamanda, sərnişin tələbatına uyğun olaraq yeni marşrutların yaradılması istiqamətində də təhlillər aparılıb. Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 20 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Yeni marşrut xətti Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirəcək",- deyə qurumdan əlavə edilib.

Qeyd edilib ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqi davam etdirilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkizi" vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.\milli.az


Seçilən
9
20
news24.az

10Mənbələr