AZ

Dekabrdan başlayıb fevralda bitəcək – Ölkəmizi nə gözləyir?

“Sakit okeanda normal şəraitdə şərq istiqamətindən qərbə doğru ekvator boyunca əsən Passat küləkləri okeanın isti su kütləsinin Cənubi Amerika sektorundan Asiya sektoruna axınına səbəb olur. Okean sularının dərinliklərdən soyuq sular səthə doğru qalxır və bu hidrofiziki prosesə apvellinq (upwelling) deyilir. El Nino və La Nina bu normal şərtləri pozan iki əks iqlim cərəyanlarıdır ki, adətən 9-12 ay arasında davam edir, lakin onlar müntəzəm baş vermir, orta hesabla 2-7 ildən bir baş verir, qlobal miqyasda iqlimə və ekosistemə təsir etməklə mənfi təzahürlərə səbəb ola bilir”.Bu fikirləri “Yeni Sabah”a açıqlayan meteoroloq Cavid Hüseynov Dünya Meteorologiya Təşkilatının La Nina effekti ilə bağlı etdiyi xəbərdarlığa belə şərh verib:

“İqlim mütəxəssisləri bu hadisələri El Nino-Cənub tərəddüdləri (ENSO) dövrü adlandırırlar. El Nino ispan dilində “kiçik oğlan” deməkdir. Cənubi Amerikalı balıqçılar ilk dəfə 1600- cü illərdə Sakit Okeanda qeyri-adi isti su dövrlərini müşahidə etdilər. Onların istifadə etdikləri tam ad El-Nino de-Navidad idi, çünki El Nino adətən dekabrda maksimuma çatır. La Nina ispan dilində “kiçik qız” deməkdir. La Nina bəzən El Viejo, anti-El Nino və ya sadəcə olaraq “soyuq cərəyan” adlanır. El Nino zamanı Passat küləkləri zəifləyir. İsti su şərqdən Amerikanın qərb sahillərinə doğru itələnir. Bu yerdəyişmə ilə ABŞ və Kanadanın şimalındakı ərazilər normaldan daha quru və isti olur. Lakin Körfəz sahili və ABŞ-ın cənub-şərqi boyunca bu dövrlər daha rütubətli olur və daşqınların təkrarlanma tezliyini artır, daha güclü qasırğa mövsümünə səbəb ola bilir. La Nina atmosfer sirkulyasiyasında dəyişikliklərlə müşayiət olunan Sakit okeanda (mərkəzi və şərqi ekvatorial hissədə) səth temperaturunun genişmiqyaslı soyumasıdır. La Nina cərəyanları zamanı passat küləkləri (şərq küləkləri) daha da güclənir və Sakit Okeandakı bu soyuq sular okean cərəyanlarını şimala doğru itələyir. Bu, adətən ABŞ-ın cənubunda quraqlıqla, Sakit okeanın şimal-qərbində və Kanadada isə güclü yağış və daşqınlarla nəticələnir. La Nina ilində qış temperaturu cənubda normadan daha isti, şimalda isə daha soyuq olur. El Nino La Nina ilə müqayisədə daha tez-tez baş verir”.

Ekspert sözügedən hava effektinin ölkəmizə necə təsir edəcəyini də açıqlayıb:

“Ümumdünya Meteorologiya Təşkilatının son məlumatlarına görə, La Nina şəraiti növbəti üç ay ərzində inkişaf edə bilər, lakin nisbətən zəif və qısamüddətli olacağı gözlənilir. La Nina baş versə belə, onun qısamüddətli soyutma effekti atmosferə rekord dərəcədə təsir etməyəcək. Okean və atmosfer üzərində aparılan müşahidə nəticələrinə görə, Sakit okeanın mərkəzi və şərq ekvatorial hissəsində səth temperaturu orta səviyyədən bir qədər aşağıdır. Lakin bu soyutma hələ tipik La Nina hədlərinə çatmayıb. Bu ləng inkişafın mümkün səbəblərindən biri, 2024-cü ilin sentyabr ayı və noyabr ayının əvvəlində müşahidə olunan və La Ninanın inkişafına əlverişli olmayan güclü qərb küləyinin anomaliyalarıdır. Ümumdünya Meteorologiya Təşkilatının Proqnoz Mərkəzləri və digər iştirakçı mərkəzlər tərəfindən 2024-2028-ci illər üçün hazırlanmış qlobal illik və onillik proqnozları ümumiləşdirərək hesabat dərc etmişdir. Son hesabata görə, 2024-2028-ci illər arasında qlobal orta səth temperaturunun 1850- 1900-cü illərdə müşahidə ediləndən 1.1-1.9°C yüksək olacağı proqnozlaşdırılır. Hesabatda qeyd olunur ki, bu illərdən ən azı birinin hazırda ən isti il olan 2023-cü ili geridə qoyaraq yeni temperatur rekordu vurması ehtimalı 86% təşkil edir.

Ölkəmizdə qış fəslinin nisbətən mülayim, bəzi günlərdə isə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur. Qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən yanvar və fevral aylarında bölgəmiz tez-tez Arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi, yağıntıların isə əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur”.

Seçilən
20
50
medianews.az

10Mənbələr