AZ

Yaşıl enerji təşəbbüslərimiz beynəlxalq dəstək qazanır

Son illərdə iqlim dəyişikliyi, ətraf mühit problemləri və enerji təhlükəsizliyi məsələləri qlobal gündəmin əsas prioritetlərindən birinə çevrilib. Bu kontekstdə Azərbaycan özünün yaşıl enerji təşəbbüsləri ilə beynəlxalq səviyyədə diqqət mərkəzinə düşməkdədir.

Azərbaycan coğrafi mövqeyi və təbii şəraiti ilə bərpaolunan enerji mənbələrinin inkişafı üçün əlverişli imkanlara malikdir. Xüsusilə ölkəmizdə külək və günəş enerjisi sahəsində böyük potensial mövcuddur. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerjisi istehsalı üçün təxminən 157 QVt güc vardır. Bu da külək enerjisinin istehsalında böyük perspektivlər açır. Bununla yanaşı, Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikası günəş enerjisi istehsalı üçün mühüm regionlar hesab olunur.

Azərbaycanın yaşıl enerji təşəbbüsləri beynəlxalq əməkdaşlıq çərçivəsində dəstəklənir. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankı, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ölkədə bərpaolunan enerji layihələrinə maliyyə və texniki dəstək verirlər. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə strateji tərəfdaşlıqlar qurulub. Bu əməkdaşlıqlar çərçivəsində günəş və külək enerjisi sahələrində iri layihələr həyata keçirilir.

Azərbaycanın yaşıl enerji təşəbbüsləri yalnız enerji sektoru ilə məhdudlaşmır. Bu, həm də ölkənin beynəlxalq arenadakı mövqeyini gücləndirmək və qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək üçün strateji hədəfdir. Azərbaycan 2030-cu ilədək bərpaolunan enerjinin ümumi enerji istehsalında payını artırmağı planlaşdırır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.

Beynəlxalq sərmayəçilər, texnoloji tərəfdaşlar və dövlətlərarası əməkdaşlıq Azərbaycanın bu sahədəki uğur hekayəsini daha da genişləndirir. Bu təşəbbüslər, eyni zamanda, əhalinin rifahını yüksəltmək, yeni iş yerləri yaratmaq və ekologiyanın qorunmasına töhfə vermək kimi çoxşaxəli məqsədlərə xidmət edir.

Azərbaycanın yaşıl enerji təşəbbüsləri ilə bağlı  səylərinin nəticəsi olaraq ölkəmiz yalnız daxili enerji sektorunu modernləşdirmək və iqlim dəyişikliyinə qarşı mübarizə aparmaqla kifayətlənmir, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində strateji layihələrə imza atır. Cari ilin dekabrın 9-da Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu saziş bölgədə bərpaolunan enerji resurslarının istifadəsini artırmağa və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"ni genişləndirərək regional enerji təhlükəsizliyini və beynəlxalq əməkdaşlığı gücləndirməyə yönəlib. Fərman bu istiqamətdə atılan addımların Azərbaycan üçün enerji ixracını və strateji tərəfdaşlıqları inkişaf etdirməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin yaradıcısı olan 4 ölkə - Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yeni nəhəng marşrutun əsasını qoymaqla bölgədə geniş yaşıl əməkdaşlıq bloku formalaşdırıb. Digər region ölkələri, o cümlədən Avropa dövlətləri də bu dəhlizin iştirakçısı olmaqda təşəbbüs göstərirlər. Məsələn, Bolqarıstan yaşıl dəhlizdə yer almaq niyyətini bəyan edib. Ölkə Qara dəniz kabelinə qoşulmaqla Azərbaycanın külək və günəş enerjisi stansiyalarından alınan yaşıl enerjinin əldə edilməsinə nail ola bilər. Digər ölkələr də tranzit zəncirə qoşulduqdan sonra yaşıl dəhliz daha böyük coğrafiyanı əhatə edəcək və regional enerji habına çevriləcək. Bunu Avropa İttifaqının Enerji Komissarlığı da bəyan edib. Komissarlığın bəyanatında deyilir ki, təmiz enerjiyə keçidin ən etibarlı qollarından biri olan Yaşıl enerji dəhlizi geniş bölgəni əhatə etməklə təmiz enerjiyə keçid strategiyasının prinsiplərinə uyğun olaraq rəqabətqabiliyyətli bazarı formalaşdıracaq və bərpaolunan mənbələrdən elektrik enerjisinin çoxşaxəli mübadiləsini təmin edəcək. Bu baxımdan, layihənin Cənubi Qafqaz - Avropa platformasından çıxaraq digər regionları da əhatə edəcəyi istisna deyil. Bu isə dövlətimizin enerji təşəbbüskarlığına beynəlxalq dəstəyi artıracaq.

Qazaxıstan və Özbəkistan da yaşıl koalisiyada yer almaq niyyətindədir. COP29 sammiti çərçivəsində noyabrın 13-də Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşünün yekunu olaraq yaşıl enerji sahəsində əməkdaşlığa dair sazişin imzalanması Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsini nəzərdə tutur ki, bu Qara dəniz kabelinə inteqrasiya deməkdir. Hazırda Xəzər dənizi bərpaolunan enerji mənbələri üzrə ən böyük ehtiyatlara malikdir. Qazaxıstan sektorunda günəş və külək stansiyaları üçün zəngin resurslar var. Hazırda bu sahədə infrastrukturlar yaradılır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Yaxud  Özbəkistanın Asiya çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür, külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir. Bu isə Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səfərbər olunması üçün imkanları artırır.

Nigar Orucova, “İki sahil”

Seçilən
86
48
ikisahil.az

10Mənbələr