AZ

Qayınana gəlini cehiz üstündə danladı, əri isə... — TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 1987-ci il təvəllüdlü Fərid ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülşənə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

News24.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 22 iyun 2024-cü ildə baş verib. Fərid həmin gün saat 12:30-da yaşadığı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Gülşənin anası Zəminə ilə mübahisə etməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə baş nahiyəsinə vurub. Ona müxtəlof dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki,  Gürcüstan Respublikasında anadan olsa da, Bakı şəhərində yaşayır və orta təhsilini Azərbaycan dilində Suraxanı rayonunda orta məktəbdə alıb: “Barəmdə şikayətçi olan Gülşən qeyri-rəsmi həyat yoldaşımdır. Əvvəllər münasibətlərimiz yaxşı olsa da,  sonralar xasiyyətlərimiz uyğun gəlmədiyi üçün münasibətlərimiz korlandı və əvvəllər aramızda heç bir ədavət olmayıb. Gülşən ilə 2021-ci ilin dekabr ayında toyumuz olsa da, rəsmi nikaha daxil olmamışıq. Birgə nikahımızdan bir oğlan övladımız var”.

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 22-də, saat 12:30-da yaşadığı evin həyətində olub və azyaşlı oğlu Sənanın əynində paltar olmamasını görərək əsəbləşib: “Bu səbəbdən evin mətbəxində olan Gülşənin yanına yaxınlaşaraq ona irad bildirdim. Bu zaman Gülşən yaxşı elədiyini dedi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əllərim ilə Gülşənin sifətinin, qulaqlarının, boynunun, başının və bədəninin müxtəlif yerlərindən vurmağa başladım. Bu zaman anam ilə bacım bizi ayırdı və Gülşən yataq otağına getdi. Yenidən Gülşənin arxası ilə yataq otağına gedərək onun sifətinin, qulaqlarının, boynunun, başının və bədəninin müxtəlif yerlərindən əllərim ilə vurmağa başladı. Bu zaman azyaşlı oğlum ağlamağa başladığı üçün vurmağı dayandıraraq digər otağa getdim”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülşənin sözlərinə görə, barəsində şikayətçi olduğu Fərid ilə qeyri rəsmi həyat yoldaşıdır, əvvəllər münasibətləri yaxşı olsa da, sonralar xasiyyətləri uyğun gəlmədiyi üçün münasibətləri korlanıb: “Əvvəllər aramızda heç bir ədavət olmayıb. Fərid ilə 2021-ci ilin dekabr ayında toyumuz olsa da, rəsmi nikaha daxil olmamışıq. Birgə nikahımızdan bir oğlan övladımız var. Məlum hadisə günü, saat 12:30-da yaşadığı evin mətbəxində olmuşam, işlərim ilə məşğul olurdum. Bu zaman azyaşlı oğlum nənəsinın ayağına qələm ilə toxundu. Qaynanam buna irad bildirdi. Qaynanama oğlumun azyaşlı olmasını və ona irad bildirməməyini dedim. Bu səbəbdən qaynanam mənimlə söz mübahisəsi etməyə başladı. Daha sonra “nə üçün gəlin gəldiyi zaman yaxşı cehiz gətirməmisən” deməyə başladı. Bu zaman həyat yoldaşım Fərid bizə yaxınlaşdı və nə üçün anasına cavab qaytardığımı deyərək barəmdə xoşa gəlməz sözlər dedi. Mən bu səbəbdən Fəridə cavab qaytardım. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Fərid əlləri ilə sifətimin, qulaqlarımın, boynumun, başımın və bədənimin müxtəlif yerlərindən vurmağa başladı. Bu zaman qaynanam ilə baldızım bizi ayırdı. Mən yataq otağına getdim”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Fərid yenidən arxasi ilə yataq otağına gəlib, sifətinin, qulaqlarının, boynunun, başının və bədəninin müxtəlif yerlərindən vurmağa başlayıb: “Bu zaman azyaşlı oğlum ağlamağa başladığı üçün Fərid vurmağı dayandırdı və digər otağa getdi. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Eyni zamanda bu barədə ərizə ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət etdim”. 

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. 

Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub. 



Seçilən
10
4
news24.az

5Mənbələr