AZ

“Xilas etdiyimiz insanların sayını unuduruq...” – YANĞINSÖNDÜRƏNLƏRİN VƏ XİLASEDİCİLƏRİN BİR GÜNÜ

Bakı, 16 dekabr, Günel Türksoy, AZƏRTAC

Qırmızı rəngli, sayrışan işıqlı maşınların şəhərin müxtəlif küçələrində siqnal verə-verə yüksək sürətlə hərəkət etdiyini görərkən, adətən bir anlıq da olsa həyəcanlanırıq. Bu zaman ağlımızdan keçən ilk sual harada və nə baş verməsi ilə bağlı olur. Köməksiz, yanğın tüstüsündə və ya dağıntı altında qalanlara dua etdiyimiz kimi, onları xilas etməyə tələsən insanlara da uğurlar arzulayırıq. Əlbəttə, söhbət yanğınsöndürənlərdən və xilasedicilərdən gedir. Onların gördükləri iş isə yüngül desək heç də asan deyil. Müxtəlif əməliyyatlar zamanı yanmış, qana bulanmış cəsədləri görüb həyata əvvəlki enerji ilə davam edə bilmək böyük cəsarət tələb edir. Necə deyərlər, bu işdə hər dəqiqənin, saniyənin hökmü var.

Yanğınsöndürmə peşəsi bütün dünyada hörmət edilən peşələr sırasındadır. Çox ağır və məsuliyyətli bir işi icra edən bu peşənin sahibləri yanğından tutmuş zəlzələ və sel kimi müxtəlif təbii fəlakətlərdə də insanların xilas edilməsi prosesində aktiv iştirak edirlər.

Biz də AZƏRTAC-ın əməkdaşları olaraq 16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü ərəfəsində nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin qəhrəman əməkdaşları ilə söhbətləşərək onların iş prosesi ilə tanış olduq.

42 metrlik avtonərdivanda təlimlər icra edilir

Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti gündəlik iş rejimində yeni növbəyə hər hansı hadisə baş vermədiyi təqdirdə səhər düzülüşü ilə başlayır. Daha sonra fiziki hazırlıq və idman tədbirləri həyata keçirilir. Bu tədbirlərdən sonra isə dərslərə hazırlıq mərhələsinə başlanılır. Dərslər əməli və nəzəri olmaqla iki hissədən ibarətdir. Nəzəri hissədə şəxsi heyətin əldə etdiyi biliklər daha sonra əməli hissədə tətbiq olunur. Bundan başqa, şəxsi heyətin yemək və istirahət, psixoloji gərginliyin aradan qaldırılması və texnikaya qulluğu üçün də xüsusi saatları da var.

Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət mayoru Pənah Mahmudov bizimlə söhbətində rəhbərlik etdiyi hissənin günün nizam qaydasına uyğun olaraq təşkil olunduğunu vurğuladı. O, eyni zamanda şəxsi heyətə tədris edilən psixoloji hazırlıqla bağlı dərsdə avtonərdivan, odlu zolaq, tüstü kamerasından istifadə ilə bağlı məşqlər keçirildiyini qeyd edərək bildirdi: “Şəxsi heyət ildə bir dəfə tüstü kamerasına gedir. Biz tüstü kamerasında labirint formasında təşkil edilən süni yanğında xəsarət alanların xilas edilməsi əməliyyatlarını icra edirik. Bundan əlavə, psixoloji hazırlıq məqsədilə 42 metr hündürlükdə olan avtonərdivanda təlimlər icra edirik. Hadisənin qarşısının vaxtında alınması və çevik müdaxilə olunması üçün mütəmadi olaraq şəxsi heyət yanğın taktiki təlimlərə və gecə dərslərinə cəlb olunur. Bu zaman onlara peşə fəaliyyəti ən xırda detallaradək öyrədilir. İnsanların həyat fəaliyyətinin, təhlükəsizliyinin təmin olunması, yanğınların qarşısının vaxtında alınması və hadisə yerində köməksiz vəziyyətdə qalan insanların xilas olunması bizim əsas məqsədimizdir. Yanğın baş verdikdə isə iş saatının və istirahət gününün olub-olmamasının fərqi yoxdur. Həmin vaxt başda mən olmaqla, şəxsi heyətlə hadisə yerinə yollanırıq. Yanğından qayıtdıqdan sonra 10 dəqiqə ərzində şəxsi heyət öz üst-başını qaydasına salır. 20 dəqiqə ərzində isə yanğın texnikası yenidən hazır vəziyyətə gətirilərək döyüş hesabına qoyulur”.

“Xilas etdiyimiz insanların sayını unuduruq...”

17 ildir bu sahədə çalışan P.Mahmudov hər yanğın hadisəsinin onun üçün fərqli təcrübə olduğunu vurğuladı: “Yanğınların özünün kütləsi və yayılma sürəti var. Hər bir detal öz kütləsinə görə bölünür. Qeyd edim ki, bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə yanğınların baş verməsi fərqli olur. Çünki bir yanğın o birinə bənzəmir. Praktikamda azyaşlıların, yaşlı insanların xilas edilməsi proseslərində iştirak etmişəm. Çoxmərtəbəli yaşayış binalarında baş verən yanğınlarda yaşlıları, körpələri xilas etdiyim hallar olub. Bu cür hadisələrin sayı çox olduğu üçün biz xilas etdiyimiz insanların sayını unuduruq”.

Bu peşəni seçməyinin səbəbinə gəlincə, P.Mahmudov dedi: “Uşaqlıqda yaşadığımız ev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yaxınlığında idi. Hər gün hərbi geyimdə oradan çıxan hərbçiləri gördükdə mənim də forma geyinməyə xüsusi marağım yaranırdı. Ailədə atam və əmim də hərbçi olub. Eyni zamanda, yaşca balaca olan uşaqlara həmişə yanğınsöndürmə avtomobili maraqlı gəlir. Məsələn, indi adi günlərdə balaca uşaqlar valideynləri ilə birgə bizim hissənin yanında keçəndə yanğınsöndürmə avtomobilini görən kimi dayanıb şəklini çəkirlər”.

Qarabağ uğrunda gedən döyüşlərdə yanğınsöndürənlər də böyük igidlik və qəhrəmanlıq göstəriblər. Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin binasının girişində birinci Qarabağ müharibəsində şəhid olan yanğınsöndürənlərin xatirəsinə ehtiram əlaməti olaraq guşə yaradılıb. Şəhid yanğınsöndürənlərdən ikisi - Cəmil Niftəliyev və Malik Əsədov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Peşəsini sevərək 12 ildir icra edən Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin Yanğınsöndürmə növbəsinin manqa komandiri, daxili xidmət baş çavuşu Səxavət Novruzovla söhbətimizə davam edirik. Bu peşəni seçməsinin səbəbindən danışan daxili xidmət baş çavuşu televiziyaların birində yanğınsöndürənlərin qəhrəmanlıqları haqqında göstərilən süjeti izlədikdən sonra onda bu peşəyə xüsusi maraq yarandığını bildirdi: “İnsanların xilas edilməsi, əşyalarının yanğın nəticəsində məhv olmasının qarşısını almaq mənəvi olaraq zövq verir. Hər yanğın ayrı bir hadisədir, çünki biz içəri daxil olarkən nə ilə qarşılaşacağımızı bilmirik. İçəridə qaz balonu, partlayış və uçma təhlükəsi ola bilər. Əgər obyektin və ya mənzilin daxilində insan varsa, ilk növbədə, insanların xilas edilməsi məsələsi üzərinə fokuslanırıq. Bəzən elə olub ki, daxildə kəşfiyyat aparan zaman istilikdən yanmış insan meyitinə də rast gəlmişik. İnsanın yandıqdan sonra hansı hala düşdüyünü gördükdə istər-istəməz çətin anlar yaşayırsan. Ancaq biz bu cür durumlarla qarşılaşacağımızı əvvəlcədən təxmin etdiyimiz üçün özümüzü psixoloji olaraq prosesə hazırlayırıq. Zamanla gördüklərinə alışmağa başlayırsan”.

“Yanğın yerindən çıxartdığımız körpələrin valideynləri sevinc göz yaşlarına boğulmuşdular”

Çoxmərtəbəli yaşayış binalarının birində yanğın hadisəsini xatırlayan müsahibim bildirdi ki, hadisə yerinə çatdıqda sakinlər içəridə iki azyaşlı körpənin qaldığı barədə onlara məlumat verilib: “Biz dərhal həmin körpələrin axtarışına başladıq. Uşaqları tapdıqda onların zəhərli qazdan boğulduqlarını müşahidə etdik. Dərhal onlara ilkin yardım göstərərək xilasetmə işlərinə başladıq. Həmin körpələrin xilasetmə anı bizə çox duyğulu anlar yaşatdı. Valideynləri sevinc göz yaşlarına boğulmuşdular. Bizə həmin an minnətdarlıqlarını bildirirdilər”.

S.Novruzovun fəaliyyəti təkcə ölkə daxilində baş verən yanğın hadisələrinin məhdudlaşdırılmasından ibarət deyil. O, 2021-ci ilin iyul ayında Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində və 2023-cü ilin fevralında yenə qardaş ölkədə baş verən dəhşətli zəlzələdə insanların xilas edilməsində iştirak edib. Həmin günləri yenidən xatırlayan müsahibim meşə yanğınlarının söndürülməsinin çətin proses olduğunu dedi: “Həmin ərazinin relyefi bizə tanış deyildi. Yanan ağaclar da əsasən şam ağacları idi. Biz də Azərbaycandan köməyə gedən heyət olaraq meşə yanğınlarının söndürülməsi prosesində aktiv iştirak etdik. Fövqəladə Hallar Nazirliyinin helikopterləri, həm də amfibiya təyyarəsi yanğınların söndürülməsində iştirak edirdi. Bununla yanaşı, prosesə şəxsi heyət və yanğınsöndürən avtomobillərimiz də cəlb edilmişdi. 17 gün ərzində yanğınların söndürülməsində yüksək peşəkarlıq nümayiş etdirdik.

2023-cü ilin fevralında baş verən dəhşətli zəlzələdə də insanların axtarılması, dağıntıların arasından çıxarılması prosesində iştirak etdim. Şəxsən özüm beş gündür dağıntılar altında qalmış ata ilə oğlunun xilas olunmasında iştirak etmişəm. Onları dağıntılar arasından sağ çıxartdıq, xəsarət almamışdılar. İlkin axtarışlar zamanı atası ilə danışıqlarımız da oldu. Günlərdir dağıntılar arasında qalan bir insanın səsini eşitməyin insanda yaratdığı duyğunu ifadə etməkdə çətinlik çəkirəm. Danışan zaman uşağın vəziyyəti barədə də xəbər aldıq. Hər ikisinin yaxşı olduğunu eşidib daha da ruhlandıq. Əlimizdən gələn bütün vasitələri həmin şəxslərin xilas edilməsi prosesinə səfərbər etdik”.

Reportaj zamanı iki hadisə barədə məlumat gəldi

Nərimanov rayon Yanğından Mühafizə Hissəsində olduğumuz gün günorta saatlarında həm yanğın, həm də intihara cəhd hadisəsi ilə bağlı məlumat daxil oldu. Yanğın barədə zəng daxil olan kimi Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin rəisi Pənah Mahmudov başda olmaqla, şəxsi heyət qısa vaxt ərzində döyüş geyimində çıxışa hazırlaşdı. Daha sonra prosedur qaydalarına uyğun olaraq qısa vaxt ərzində dispetçer yol vərəqəsini hazırladı, hadisənin harada olduğu öyrənildikdən sonra gediləcək istiqamət müəyyənləşdirildi. Hadisə yerinə çatan kimi yanğınsöndürənlərimiz alovla mübarizəyə başladı. Maksimum qısa zaman kəsiyində 300 kvadratmetrlik obyektin 40 kvadratmetrlik ərazisində baş verən yanğının söndürülməsi istiqamətində bütün zəruri addımlar atıldı. Yanğın söndürüldükdən, insanların həyatı üçün təhlükə sovuşandan sonra iş yerinə qayıdan əməkdaşlar ilk növbədə, üst-başlarını qaydaya saldılar. Daha sonra isə texniki vasitələr yenidən döyüş vəziyyətinə hazır hala gətirildi.

Günün ən həyəcanlı hadisələrindən biri isə Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında intihara cəhd hadisəsinin baş verməsi ilə bağlı gələn xəbər idi. Hadisə yerinə gedən Fövqəladə Hallar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Kəmalə Hüseynova yaşadığı anları bizə belə danışdı: “Bu çağırışda bizi həyəcanlandıran məsələ atanın öz qızı ilə birgə intihara cəhd etmə təşəbbüsü idi. Çünki insan o vəziyyətə düşəndə nə edəcəyini əvvəlcədən bilmək olmur. Özümüz də çıxılmaz vəziyyətdə qalmışdıq. Biz intihara cəhd edən şəxslə daimi olaraq ünsiyyətdə idik. Gah yuxarı qalxıb pəncərə vasitəsilə, gah da qapıdan onunla danışırdıq. Beş dəqiqə ərzində qapını açacağını bildirsə də, məsələ iki saat davam etdi. Sonda qapını qırıb içəriyə daxil olduq və intihara cəhd hadisəsinin qarşısını aldıq. Belə hadisələrdə bizim xilasedicilərin əsas vəzifəsi intihara cəhd edən şəxslə psixoloji söhbətlərin aparılmasıdır. Çünki biz özümüz belə vəziyyətlərlə bağlı psixoloji dərslər keçirik. 10 yaşlı uşaq psixoloji travma almışdı, ona yerində dəstək olmağa, fikrini yayındırmağa çalışdıq”.

6 ildir xilasedici vəzifəsində çalışan K.Hüseynova xidmət etdiyi illərdə çoxlu sayda insanların xilas olunması prosesində iştirak edib. O, bu peşəyə təsadüfən gəldiyini söylədi: “Uzun illər idmanla məşğul olmuşam. Xilasetmə xidmətində vakansiya olduğunu görüb müraciət etdim. Bu peşədə işlədikdən sonra ona marağım daha da artmağa başladı. İnsanları xilas etməyin verdiyi mənəvi zövq ayrı bir hissdir. Bağlı qapı arxasında qalan xəstə uşağın xilasetmə anı isə xatirimdən hələ də çıxmır. Pəncərədən içəri daxil olub uşağı xilas etmişdim. Onun mələk siması hələ də gözlərimin önündən getmir. Əllərini açıb onu qucağıma götürməyimi gözləyirdi. Onu qucağıma alanda baxdım ki, uşağın başına xeyli tikiş qoyulub (sonradan bildim ki, tikişlərin sayı 25-dir). Sonradan anası ilə onun sağlamlıq vəziyyətini soruşmaq üçün sosial şəbəkə vasitəsilə əlaqə qurdum. Bir ildir uşaq rəhmətə getdi. Onun ölüm xəbərini eşidəndə də çox pis olmuşdum. Həmin uşaq o mələk siması ilə yaddaşıma əbədi həkk olunub.

Mebel sexində baş verən partlayışda insanların təxliyə edilməsində, meyitlərin çıxarılmasında iştirak etmişəm. Hər bir halda insan itkisi ağırdır. Biz xilasedicilərin arasında yayılmış bir ifadə var: “Xilasedicilərin iki ürəyi olur. Biri özləri, digəri isə xilas etdiyi insanlar üçün döyünür”. İtki olmayanda, kimsə özünə xəsarət yetirməyəndə günü sevinə-sevinə başa vururuq. Bəzən elə olur ki, gün və ya həftə ərzində itki hadisəsi baş vermir. Lakin müəyyən vaxtdan sonra üzləşdiyimiz hadisə elə ağır olur ki, sakit keçən günlərin “əvəzini çıxır”.

23 yaşlı yanğınsöndürən

Yanğınsöndürmə hissəsinin 23 yaşlı gənc yanğınsöndürəni, daxili xidmət çavuşu Fərhad Abbaslının isə bu peşəni seçməsi heç də təsadüfi baş verməyib. Yanğınsöndürən vəzifəsində çalışan F.Abbaslı qeyd etdi ki, atası və əmisi 20 ildən çox bu peşədə çalışıb: “Bu peşənin şərəfli olduğunu, insandan güc və qəhrəmanlıq tələb etdiyini bilirəm. Bu şəxsi keyfiyyətlərə də uşaqlığımdan etibarən yiyələnməyə çalışmışam. Çətin peşə olmasına baxmayaraq bu arzumdan vaz keçmədim. Çalışdığım müddət ərzində daha çox təsirləndiyim hadisə Binəqədi rayonunda mebel sexində baş verən partlayış idi. Bilirsiniz ki, həmin sexdə 9 nəfər şəxs yanaraq həlak olmuşdu. Bununla yanaşı, bir neçə vətəndaşı dağıntılar altından sağ çıxararaq aidiyyəti üzrə təhvil vermişdik. Dərnəgüldə taxta bazarında da baş verən güclü yanğının söndürülməsi prosesində iştirak etmişəm. Bu ilin yayında Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 6-sı azyaşlı olmaqla, 27 bina sakini təxliyə edilmişdi. Tüstüdən zəhərlənən uşaqların ikisinə şəxsən öz əleyhqazımı çıxarıb verdim, onların həyatlarını xilas etdik. Bizim üçün yanğın yerindən insanların xilas edilməsi çətin proses deyil, işimizin ayrılmaz parçasıdır”.

AZƏRTAC olaraq, çətin və məsuliyyətli bir peşəni icra edən Fövqəladə Hallar Nazirliyi işçilərinin, o cümlədən Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin bütün əməkdaşlarının peşə bayramını təbrik edir, onlara insanların xilas edilməsi, yanğınların qarşısının vaxtında alınması prosesində güc-qüvvət arzulayırıq!

Seçilən
33
azertag.az

1Mənbələr