AZ

İcma BMT ekspertlərinə çağırış etdi

BMT ekspertlərini Ermənistanda Azərbaycanofobiya problemini diqqətdə saxlamağa, bu ölkədə medianı, internet məkanını daim monitorinq etməyə çağırırıq.

Hokm.az-ın məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.

İcma BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsində Ermənistanın dövri məruzəsinə dair baxışı zamanı BMT ekspertlərinin azərbaycanlıların Ermənistandan deportasiya edilməsi və Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması ilə bağlı məqamların qabardılmasını təqdirəlayiq hesab edib:

“Ermənistan nümayəndə heyətinin bu suallara dözümsüz münasibəti, bizim üçün əziz olan Göy Məscidin Azərbaycan xalqına mənsubluğunu bir daha danması erməni cəmiyyətində dərin kök salmış Azərbaycanofobiyanın, qondarma “etnik müstəsnalıq” xəstəliyinin bariz nümunəsidir. Bu, eyni zamanda Ermənistanın iki ölkə arasında münasibətlərin normallaşdırılması barədə gəlişigözəl sözləri ilə tam ziddiyyət təşkil edir.

Ermənistanın işğal dönəmində Yuxarı Gövhər ağa məscidinin Azərbaycan xalqına məxsusluğunu inkar etməsi siyasəti tam uğursuzluğa düçar olduğu kimi, Göy Məscidin də Azərbaycan mənşəyini danmasının heç bir perspektivi yoxdur. Nə Ermənistan rəsmilərinin BMT kürsülərindən isterik cavabları, nə də Fransanın Ermənistandakı irqçi səfirinin gülünc tvitləri, “atmaca”ları Azərbaycan xalqının qədim tarixini, zəngin mədəni irsini, izini silə bilməz”.

İcma eyni zamanda Komitənin Ermənistana “Azərbaycan və Ermənistan kontekstində mediada və internet məkanında rəsmilərin və siyasətçilərin nifrət dolu çıxışlarından narahatlıq ifadə etməsi” ilə bağlı verdiyi tövsiyəsini Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü irqçi siyasətin BMT tərəfindən qeydə alınması kimi qiymətləndirib:

“Bu xüsusda, BMT ekspertlərini Ermənistanda Azərbaycanofobiya problemini diqqətdə saxlamağa, bu ölkədə medianı, internet məkanını daim monitorinq etməyə çağırırıq. Biz, eyni zamanda BMT-nin digər aidiyyəti qurumlarını Ermənistanla bağlı müzakirələr zamanı Qərbi azərbaycanlıların pozulmuş hüquqlarına toxunmağa və bu ədalətsizliklərin aradan qaldırılması üçün Ermənistana tövsiyələr verməyə dəvət edirik”.

Seçilən
26
10
hokm.az

10Mənbələr