AZ

"Qalib Azərbaycan" adlı II Hüquq Olimpiadasının növbəti mərhələsi keçirilib - FOTO

Dekabrın 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) ilə Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasının növbəti - II mərhələsi keçirilib.

E-huquq.az xəbər verir ki, yarışdan öncə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev və "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli iştirakçılara uğurlar arzulayıb, müsabiqənin reqlamenti və qaydalarını izah ediblər.

Daha sonra Olimpiadaya start verilib və hər bir komandaya 120 dəqiqə ərzində cavablandırılması üçün konkret mövzular üzrə 5 sual təqdim edilib.

Təqdim edilmiş suallar münsiflər tərəfindən qiymətləndirilərkən sualların milli qanunvericilik əsasları, dolğun hüquqi şərhi, beynəlxalq hüquq normalarına, o cümlədən mövcud məhkəmə praktikasına istinadı kimi meyarlar əsas götürülüb.
Olimpiadada qiymətləndirmə üzrə münsiflər heyəti qismində hüquqşünas alimlər - hüquq elmləri doktoru Nazim Əliyev, hüquq elmləri doktoru Asif Qədirov, hüquq üzrə fəlsəfə doktoru Tuqay Əliyev, Münsiflər Komissiyasının sədri, Ali Məhkəmənin hakimi, Hakimlərin seçki komissiyasının sədri Vidadi Cəfərov, Ali Məhkəmənin hakimi Raqib Qurbanov, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Cəmilə Musayeva və Tural Qocayev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Leyla Əsgərova-Məmmədova və Kamran Muxtarov, o cümlədən ARVK-nın üzvləri - Xavər İsmayılova, Gülnar Qurbanova və Anar Məmişov iştirak ediblər.

Məlumat üçün bildirək ki, Qarabağ Universiteti və Naxçıvan Dövlət Universitetinin komandalarının onlayn iştirakı təşkilatçılar tərəfindən təmin olunub.

Qeyd edək ki, üç mərhələdən ibarət Olimpiadada ölkə üzrə bütün hüquq fakültələrinin - ADA Universiteti, Dövlət İdarəçilik Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Milli Aviasiya Akademiyası, Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin komandası yarışır.
Hüquq Olimpiadasının məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.

Olimpiadaya təşkilati dəstək Vəkillər Kollegiyası Akademiyası, "Kəngərli və partnyorları" Vəkil Bürosu, o cümlədən ELSA Azərbaycan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) və Femida könüllüləri tərəfindən göstərilir.

Xatırladaq ki, Olimpiadanın final mərhələsi dekabrın 21-də Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati binasında keçiriləcəkdir.

Sonda qaliblər və iştirakçılar mükafatlandırılacaqlar.
phrase_var_article.chosen
38
e-huquq.az

1phrase_var_article.sources