AZ

Gələn il “E-KOB evi” portalı açılacaq

Bakı, 16 dekabr, AZƏRTAC

E-KOB evi portalı test rejimində istifadəyə verilib və növbəti ildə onun açılışı hədəflənir.

AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Dayaq” mükafatının təqdimat mərasimində deyib.

O.Məmmədov qeyd edib ki, bu il ərzində yeni bölgələrdə “KOB dostu” şəbəkəsinin əhatə dairəsi daha da genişlənib.

“Sahibkarlarımızın idxal-ixrac əməliyyatlarının asanlaşdırılması üçün Xaçmaz rayonunun Xudat şəhərində “KOB evi”nin xidmətlər mərkəzi istifadəyə verilib. “Bakı KOB evi”ndə “KOB gömrük anbarı” təşkil olunub. Bu il, həmçinin dövlət-universitet-özəl sektor əməkdaşlığı çərçivəsində “KOB model-müəssisə” yaradılıb. Ölkəmizdə yeni təcrübə olan və zəruri avadanlıqlarla təchiz edilmiş model-müəssisədə nəzəri bilikləri təcrübədə sınaqdan keçirmək, istehsal prosesində resursa, vaxta və xərclərə qənaət üsullarını öyrənmək mümkündür. Bununla yanaşı, KOB inkişaf mərkəzləri tərəfindən təmin edilən pulsuz təlim və konsaltinq xidmətləri, daxili bazar araşdırmaları, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə edən Startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə çıxış, yerli və beynəlxalq sərgilərdə iştirak üzrə dəstək tədbirləri və s. bizneslərin inkişafı üçün sahibkarların istifadəsində olub”, - deyə KOBİA sədri vurğulayıb.

 

Seçilən
44
2
azertag.az

3Mənbələr