Qasım Hacıyev: "Bu iddianı ortaya atmaqla Azərbaycan, türk dilinə qısqanclıq edirlər, amma unudurlar ki, bu dil bölgədə həmişə maraq kəsb edib"
Azad İran Teleqram kanalının “Mehr News”ə istinadən yaydığı məlumata görə, İranın Gürcüstandakı mədəniyyət müşaviri Mehdi Səadətnejad “gürcü dili fars dili ilə ortaq kökə sahibdir, gürcü dilində 3000-dən çox fars sözü var və bu, iki xalq arasında uzun müddət davam edən qarşılıqlı əlaqələri göstərir”-iddiasında bulunub.
O vurğulayıb ki, bu gün Gürcüstanda fars dilinə maraq çox aşağı enib və türk dili bu dili üstələyib. “SSRİ-nin dağılmasından və Gürcüstanın müstəqilliyindən sonra ölkədə fars dilinin tədrisi üçün uğurlu şərait yaradılıb, ancaq 2008-ci ildən Tbilisi siyasi yanaşmalarını dəyişib və bir sıra məhdudiyyətlər qoyub. 16 il öncə fars dilinin tədrisi üçün Gürcüstanda dörd məktəb açılıb, ancaq məktəblərə qəbul azalıb”, - deyə, Səadətnejad vurğulayıb. Türkiyənin Gürcüstandakı nüfuzundan narahatlığını gizlətməyən iranlı diplomat qeyd edib ki, xarici seriallar, xüsusilə türk serialları, eləcə də media ölkədə fars dili əvəzinə başqa dillərin, o cümlədən türk dilinin öyrənilməsinə səbəb olub.
O deyir ki, türk dili fars dilini sıxışdırıb.
Gürcüstanda fars dili kimin nəyinə lazım? Gürcü dili və fars dili arasında qohumluq var?
Gürcü və fars dili arasında nə yaxınlıq ola bilər ki?
Qeyd edək ki, əlbəttə, Türk dili, Azərbaycan dili tarixən Cənubi Qafqazda populyar olub və bu dildə Gürcüstanda da danışılıb. Onu da nəzərə almaq lazımdır ki, əsrlər boyu indiki Gürcüstan ərazisində Azərbaycan türkləri yaşayıb, bu gün də yaşayırlar. Bu baxımdan, türk dilinin Gürcüstanda böyük maraq kəsb etməsi tam uyğundur.
Ekspertlər hesab edirlər ki, İran tərəfin növbəti ortaya atdığı fikrin içində türk dilinə qısqanc münasibət öz əksini tapır. İranın Gürcüstanda nə vaxtsa fars dilində məktəb açmasının kökündə bu ölkənin daxilinə nüfuz etmək siyasəti dayanır. Xüsusən də, orada yaşayan azərbaycanlıları bu məktəblərə cəlb etməkdən, onların beyinlərini yumaqdan dolayı molla rejimi bu məktəbləri açırdı. Son illər qardaş Türkiyə də Gürcüstanda məktəblər açır və ora kütləvi olaraq maraq mövcuddur.
"Bundan istifadə etməklə siyasi oyunbazlığa ehtiyac yoxdur”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, orta əsrlərdə fars dili ümumiyyətlə İran yaylasında və ondan Şimalda olan Qafqaz ölkələrində xeyli yayılmışdı. "Məsələn, Orta Asiyada farsdilli xalqlar var. Amma Azərbaycan və Gürcüstanda fars dillilər çox azdı. Ermənistan o dövrdə yox idi. Gürcüstanın qədim dili ilə fars dilinin heç bir əlaqəsi yoxdur, ola da bilməz. Gürcü və fars dilləri arasında əlaqə haqda danışmaq tamamilə uydurmadır. Gürcüstanda fars dilində məktəblərin açılmasının başqa səbəbləri vardı. Çünki Gürcüstanın zəiflədiyi dövrdə bir müddət İran ona da öz məqsədləri üçün kömək və yardım edib. İran Gürcüstanın iqtisadi zəifliyindən istifadə edərək o vaxt orda bir neçə məktəb açdı. Bütün bunlar hamısı orada öz ideoloji xəttini yaymaq məqsədinə xidmət edib. Öz ideoloju xəttini şaxələndirmək üçün ən çox da Gürcüstandakı müsəlman xaqlarını hədəf alıb. Müxtəlif yollarla onlara maddi yardımlar ediblər. O dövrdə müsəlman əhalinin vəziyyətindən istifadə edərək İran öz mərkəzlərini, məktəblərini genişləndirib. Bu gün onlar türk dilinə qısqanc yanaşırlar. Amma bilməlidirlər ki, Türk dili Cənubi Qafqazda hər zaman maraq göstərilən dil olub, bu gün də belədir. Bu iddianı ortaya atmaqla Azərbaycan, türk dilinə qısqanclıq edirlər, amma unudurlar ki, bu dil bölgədə həmişə maraq kəsb edib".
Q.Hacıyev qeyd etdi ki, Gürcüstanda fars dilində təhsilə ehtiyac olmadığını əhali yaxşı bilib və bu dildə oxumaqdan imtina edib. İranın başqa dövlətlərə, xüsusən də müsəlman ölkələrinə "yardımlarının" kökündə öz ideoloji xəttini yaymaq dayanır. "İranın müsəlman ölkələrinə verdiyi "xeyirdən" hamının xəbəri var ki, onlar bunun müqabilində nələr tələb edir.
Eləcə də, Gürcüstanın müsəlman əhalisindən umacaqları da məlumdur.
Bir sözlə, fars dili ilə gürcü dilinin yaxınlığı, qohumluğu haqda deyilənlər uydurma məsələdir. Bu, İran şovinizminin təkəbbürüdür. Fars sözləri, eləcə də Azərbaycan sözləri hər bir qonşu xaqlın dillərində ola bilər. Çünki qonşu xalqların hər birinin dilində bir-birinə uyğun sözlər var, o cümlədən, Cənubi Qafqazın başqa xalqlarında da, İranın özündə də fars dilində çoxlu türk sözləri var. Bunlar qarşılıqlıdır. Ona görə də, bundan istifadə etməklə siyasi oyunbazlığa ehtiyac yoxdur" - deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA