AZ

Qurban Qurbanovdan etiraf: "Bu, məni narahat edir"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 17-ci turunda Tofiq Bəhramov adına Respublika Stadionunda "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Öncə Vaqif Cavadova uğurlar arzulayıram. Onu burada görmək çox xoş oldu. Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. Zədəlilərimiz çoxdur. Müdafiədə çatışmazlıqlarımız var idi. Bu gün Bədavi Hüseynov da əzələsində ağrı hiss etdi. İstəyirik ki, futbolçularımızı istirahətə sağlam buraxaq. Amma əfsuslar olsun ki, tam alınmır. Bu, məni bir az narahat edir. Xeyli rotasiyalar, yerdəyişmələr etdik. Səhvlərimiz yenə var. Eyni oyunçular eyni mövqe səhvləri edir. Bu da yorğunluqla bağlıdır. İlin sonudur, yəqin çoxu istirahət haqda düşünür. Azarkeşlərimizə təşəkkür edirəm. Bu soyuq havada bizimlə oldular.

- Toral Bayramov mərkəz müdafiəçisi mövqeyində necə təsir bağışladı? Ona yerə həmin mövqedə şans verəcəksiz?

- Oyun tərzinə baxanda hazırda müdafiəçilərin içində ən uyğunu Toraldır. Təki digərləri sağlam olsun və belə bir ehtiyacımız olmasın. Toralın hücumu başlamaq qabiliyyəti var, onun ötürmələri daha dəqiqdir. Lazım olduqda onu orada istifadə edə bilərik.

- Qışda mərkəz müdafiəçisi transferi gözlənilir?

- Hər mövqe üçün axtarışlar gedir. Mərkəz müdafiəçisi mövqeyi üçün də ciddi axtarışdayıq.

- Daxili çempionatda bəyəndiyiniz futbolçular var?

- Maraqlandığım futbolçular var.

Seçilən
7
7
sportinfo.az

10Mənbələr