AZ

Fransa Cənubi Qafqazda nə axtarır?..

Avropa İttifaqının (Aİ) əsas üzvlərindən olan Fransa Ermənistanı silahlandırmaqda davam edir. Bir neçə gün öncə Ermənistan və Fransa 2025-ci il üçün müdafiə əməkdaşlığı proqramı çərçivəsində onlarla tədbiri əhatə edən sənəd imzalayıblar. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bəri başdan qeyd edək ki, Fransa və Ermənistan arasında 2025-ci il üçün nəzərdə tutulan hərbi əməkdaşlıq sazişi adi bir sənəd deyil. Odur ki, əksər sikyasətçilər çox haqlı olaraq onu təkcə Cənubi Qafqaza deyil, ümumilikdə beynəlxalq aləmə meydan oxumaq kimi dəyərləndirirlər. Bir məsələni də vurğulayaq. Son zamanlar Paris və İrəvan rəsmilərinin hər görüşü demək olar ki, hərbi sahə ilə əlaqədar sənədlərin imzalanması ilə nəticələnir. Hətta onların humanitar yönümlü anlaşmalarının  altında ölümcül silahlar açıq-aydın görünür. Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti dünən yenə də Fransaya “işgüzar” səfərdə olub. Səfər çərçivəsində Suren Papikyan Fransa prezidentinin hərbi məsələlər üzrə müşaviri Fabien Mandon ilə hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Sual olunur: məgər Ermənistan o qədər güclü bir dövlətdir ki, Fransa onunla hərbi əməkdaşlığa bu dərəcədə önəm verir? Təbii ki, yox. Bəlkə, Fransa silah satmaqla öz hazırkı durumunu yaxşılaşdırmaq istəyir? Yenə də yox. Çünki Ermə­nistanın Fransadan silah almaq üçün yetərincə vəsaiti  yoxdur.  Yəni, Paris-İrəvan hərbi əmək­daşlığında məqsəd heç də bi­rincinin  qazanc əldə etməsi deyil. Elə isə demokratiyadan, insan hüquqlarından dəm vuran Makron Fransası niyə belə addımlar atmaqda davam edir? Şübhəsiz, bu hər şeydən əvvəl, sözügedən dövlətin müstəmləkəçilik, bu və ya digər problemi körükləməklə öz maraqlarını gerçəkləşdirmək  xislətindən, həmçinin Rusiyanı sıxışdırmaqla Cənubi Qafqazda möhkəmlənmək, “əl tutduğu” Ermənistanın vasitəsilə regionda gərginlik yaratmaq, separatizmi dirçəltmək istəyindən irəli gəlir. Elə son zamanlar təcavüzkar ölkədə revanşist çağırışların artması da bununla əlaqədardır. Göründüyü kimi, Ermənistanın silahlandırıl­ması siyasi məzmun daşı­maqdadır və olduqca qlobal məqsədlərə köklə­nib.

Hazırda Ermənistanı öldürücü və hücum xarakterli hərbi silah-sursatlarlarla  silahlandıran əsas ölkə Fransadır. Dekabrın 12-də jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir daha bu məsələdən söz açaraq bildirib ki, Ermənistanda militarizasiya proqramı həyata keçirilir: “Bunun arxasında duran əsas qüvvələrdən biri Avropa İttifaqının və NATO-nun üzv ölkəsi olan Fransadır. Təəssüf ki, Fransa özünün beynəlxalq öhdəliklərinə rəğmən Ermənistanın silahlandırılması ilə bağlı proqramda iştirak edir”. Fransa ilə yanaşı, Hindistan da Ermənistana silah satışını davam etdirir. Yunanıstan isə təcavüzkara S-300 raket komplekslərini vermək niyyətindədir.

Gürcüstanda hakimiyyət çevrilişinə cəhdləri baş tutmayan Makron Fransası həm də Ermənistan tərəfindən şərti sərhəddə yerləşdirilən Aİ-nin təxribatçılıqla, casusluqla məşğul olan “mülki missiya”sına da nəzarəti demək olar ki, tamamilə əlinə keçirib. Hətta  Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia edən Fransanın Ermənistandakı səfiri Olivier Dekotini mütəmadi onlara baş çəkir və əldə etdiyi məlumatları Makrona ötürür. Səfir elə bu günlərdə “mülki missiya”nın Ermənistandakı qərargahında olub, həmçinin Xaçik kəndində patrul xidmətinə qoşulub, onlara növbəti tapşırıqlarını verib. Onu da xüsusi vurğulayaq ki, əslində bu,  mülki deyil, hərbi-kəşfiyyat xarakteri bir missiyadır. Missiya üzvlərinin əvvəllər hərbi-təhlükəsizlik sahəsində çalışmaları  bunu bir daha təsdiqləyir.

Bütün bunları dərindən analiz edəndə belə qənaətə gəlmək olar ki, Fransanın bu canfəşanlığının arxasında həm də müstəqil siyasət yürüdən rəsmi Bakıya təsir etmək, Azərbaycanla Ermənistan arasında məsələlərin həllində üçüncü qüvvəyə çevrilmək iddiası dayanır.  Amma Makron Fransası hələ də anlamır ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə işi haqqında sənədin imzalanması, Qazaxın işğal altında olan 4 kəndinin Azərbaycana qaytarılması və s. heç bir missiyanın, heç bir vasitəçinin  yardımı olmadan həllini tapıb. Bu gün Cənubi Qafqaz yalnız bir reallıq qarşısındadır: bitmiş və tarixin arxivinə göndərilmiş münaqişə fonunda dayanıqlı sülhə nail olmaq... Bütün bunları anlamamasının nəticəsidir ki, istər beynəlxalq  səviyyədə, istərsə də öz ölkəsinda Makronun reytinqi  gündən-günə aşağı düşür. Hətta onun istefa tələbi  gündəmdədir. Fransa parlamentindəki “Fəth Edilməyən Fransa” Partiyasının lideri Matilde Pano, “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippot da yenidən bu tələblə çıxış ediblər. Bir məsələni də qeyd edək ki, Fransada hökumətlər bir-birini əvəz etsə də, ölkədə vəziyyət dəyişmir. Yeri gəlmişkən, dekabrın 4-də Milli Assambleya üzvlərinin əksəriyyəti Baş nazir Mişel Barnierin kabinetinin əleyhinə səs verərək onu vəzifəyə gəlməsindən cəmi üç ay sonra istefa verməyə məcbur edib. Fransanın mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri, Makronun tərəfdarı kimi tanınan 73 yaşlı Fransua Bayru ölkənin yeni Baş naziri təyin edilib. Siyasətçilərin fikrincə, onun da dövranı  uzun sürməyəcək. Bildirilir ki, Fransanın yalnız bir nicat yolu var ki, o da Makronun hakimiyyətdən uzaqlaşdırılmasıdır. Hadisələrin gedişatı göstərir ki, o gün uzaqda deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”

phrase_var_article.chosen
27
ikisahil.az

1phrase_var_article.sources