AZ

Daim artan hərbi potensialımız

Müdafiə Sənayesi Nazirliyi işçilərinin bayramıdır

Milli iqtisadiyyatın mühüm seqmentlərindən biri olan müdafiə sənayesi dövlət suverenliyimiz və ərazi bütövlüyümüzün təmin edilməsində mühüm rola malikdir. Hələ sovet hakimiyyəti dövründə respublikamızda ağır maşınqayırma və hərbi sənaye kompleksi müəssisələrinin tikilməsi üçün təşəbbüslər göstərilib. Həmin dövrdə işə salınmış bir sıra zavodlar, elm-istehsalat sahələri hazırda ölkəmizin müdafiə sənayesinin mövcud potensialının mühüm bir hissəsini təşkil edir. Müstəqil dövlət quruculuğu dövründə düşmən işğalına məruz qalan ölkəmizin müdafiə potensialının yaradılması üçün məqsədyönlü işlər aparıb.

Bu gün Azərbaycan Ordusu ən yaxın müttəfiqi olan Türkiyənin hərbi modeli əsasında formalaşdırılır. Belə ki, orduya sərf olunan xərclərin artırılması, yeni bölmələrin, milli müdafiə institutlarının yaradılmasını və xüsusi təyinatlıların sayının artırılmasını nəzərdə tutan bir sıra yeni hərbi islahatların aparılması da məhz türk modeli əsasında həyata keçirilir.

Prezident İlham Əliyev vaxtilə çıxışlarından birində ordu quruculuğunda əldə olunmuş uğurlarımızın erməni faşizmini qorxuya saldığını vurğulayaraq demişdi: “Onlar da yaxşı bilirlər ki, Azərbaycan Ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. O zərbə nəticəsində nəinki Qarabağda, Ermənistanda da vəziyyət başqa istiqamətdə inkişaf edə bilər”.

Hərbi sənaye kompleksimizin inkişafında böyük töhfə

Ölkə başçısı müdafiə sənayesinin inkişafını daim diqqətdə saxlayır, gücləndirilməsi və modernləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirir. Məhz İlham Əliyevin təşəbbüsü ilə 2005-ci ildə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi yaradılıb, bir sıra zavodlar, istehsal sahələri, elmi tədqiqat mərkəzləri və Aerokosmik Agentlik onun tərkibinə verilib. Bu addım ölkəmizin hərbi sənaye kompleksinin əsaslı şəkildə yenidən qurulmasına və onun müdafiə qüdrətinin möhkəmləndirilməsinə böyük töhfə verib. Nazirliyin 23-dən çox müəssisəsində ən müasir texnologiya və avadanlıqla təchiz olunan 50-dən çox yeni istehsal sahəsi yaradılıb. İstehsal sahələrində müasir tələblərə cavab verən rəqəmsal, proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıqlar quraşdırılıb. 2200-dən çox müxtəlif təyinatlı dəzgah, 10 minlərlə cihaz, alət və tərtibatlar alınaraq istismar üçün müəssisələrə verilib.

Yeri gəlmişkən, bu gün Müdafiə Sənayesi Nazirliyi (MSN) işçilərinin peşə bayramı günüdür. Prezident İlham Əliyevin 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si ölkəmizdə MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Tarixi qələbəmizə töhfələrini veriblər

İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsində başlıca rol oynayan, Azərbaycanın hərb salnaməsinin qızıl səhifəsini yazan Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazanılan tarixi qələbəsində Müdafiə Sənayesi Nazirliyi öz layiqli töhfələrini verib. Əks-hücum əməliyyatında Silahlı Qüvvələrin silah, sursat, hərbi-xüsusi texnika, pilotsuz uçuş aparatları və digər məhsullar ilə fasiləsiz təmin edilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin tabeli qurumları və müəssisələri gücləndirilmiş iş rejimində çalışıb. Bu dövlət orqanının monolit kollektivinin 72 üzvü qanlı döyüşlərdə iştirak edib, üç əməkdaşı qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb, 7 işçisi yaralanaraq qazi olub.

Hərbi qüdrətimizin artırılması davam edir...

Hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan Silahlı Qüvvələrimizin daha müasir silah, sursat və hərbi texnika ilə təchiz edilməsi, milli müdafiə sənayesinin təkmilləşdirilməsi və müdafiə təyinatlı məhsulların yerli istehsalının genişləndirilməsi istiqamətində zəruri tədbirlər davam edir. Sözsüz ki, Azərbaycanın hərbi qüdrətinin artırılması, müdafiə qabiliyyətinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin bugünkü nailiyyətləri dövlət başçısının bu sahədə həyata keçirdiyi davamlı siyasətin və göstərdiyi yüksək diqqətin nəticəsində mümkün olub.

Xüsusilə qeyd olunmalıdır ki, Müdafiə Sənayesi Nazirliyinin fədakar və zəhmətkeş kollektivi daim dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə olunur. Ölkənin müdafiə sənayesinin gələcək inkişafına təkan verən layihələrin qəbulu, işçilərin maddi rifahının yaxşılaşdırılması və görülən digər tədbirlər müdafiə sənayesi işçilərində dərin minnətdarlıq və sonsuz ehtiram hissləri doğurmaqla yanaşı, onların üzərinə əlavə məsuliyyət də qoyur.

Yeganə BAYRAMOVA

Seçilən
60
yeniazerbaycan.com

1Mənbələr