AZ

Ekoloji problemlərin həlli üçün...

Mühüm tədbirlər davam edir

İqlim dəyişikliyinin canlı aləmə zərərli təsirinin aradan qaldırılması, ətraf mühitin mühafizəsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi bütün dünyanın diqqət mərkəzində dayanır. Ötən ay COP-un 29-cu sessiyasının ölkəmizdə təşkili xalqımızın həyatında əlamətdar tarixi hadisələrdən biri oldu. Qeyd edək ki, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsinin əsasında mühüm səbəblər dayanırdı. Xüsusilə, davamlı inkişaf çərçivəsində ətraf mühitin qorunması, qlobal ekoloji problemlərin həlli məqsədilə milli və beynəlxalq səviyyələrdə göstərdiyi fəallıq ölkəmizin COP29-a ev sahibliyi etməsini şərtləndirən mühüm faktorlardan biri idi.

“Sıfıra doğru” şüarı ilə...

Mühüm tədbirdən sonra ekoloji böhranların aradan qaldırılması, ətraf mühitin qorunması istiqamətində ölkəmizdə aktual müzakirələr davam etməkdədir. Məsələn, bu günlərdə baş tutan “Sıfıra doğru” şüarı ilə “Sənaye Təhlükəsizliyi Zirvəsi”ni xüsusilə vurğulaya bilərik. Tədbirin keçirilməsində məqsəd Azərbaycanda sənaye təhlükəsizliyi sahəsində mövcud vəziyyəti təhlil etmək və inkişaf perspektivlərini müəyyənləşdirməkdir. Ölkəmizdə 2-ci dəfə keçirilən Sənaye Təhlükəsizliyi Zirvəsində ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi və iş yerində təhlükəsizlik mövzularında qlobal yeniliklər, innovativ həllər və qabaqcıl təcrübələr barədə fikir mübadiləsi aparılıb.

Tədbirin “Sinerjidən enerjiyə” mövzusundakı birinci panelində innovasiyaları davamlı, karbonsuz gələcəyə aparan əməkdaşlıq yaratmaq üçün hökumət, biznes və akademik dairələrin birgə təşəbbüsü ilə alternativ enerji mənbələrinə keçidi sürətləndirmək, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə rəhbərlik etmə yolları müzakirə edilib. Tədbirin ikinci paneli isə müxtəlif sənaye liderlərinin “TEDx” formatında çıxışları ilə karbonsuzlaşdırma və SƏTƏM sahəsindəki yenilikləri müzakirə edərək, açıq ünsiyyət və psixoloji təhlükəsizliyin sənaye innovasiyaları və əməkdaşlığını gücləndirməkdəki rolunu vurğulayıb.

Ətraf mühitin mühafizəsi əsas prioritetlərdəndir

Tədbirdə çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, ekoloji davamlılıq və yaşıl maliyyələşdirmə təşəbbüsləri əsas prioritetlər sırasındadır. O, qeyd edib ki, ekoloji məsuliyyətin artırılması məqsədilə sənaye müəssisələrinin fəaliyyətində müasir idarəetmə alətlərinin tətbiqi diqqət mərkəzindədir: “Bu proseslərdə “yaşıl maliyyələşdirmə” xüsusi rol oynayır. Bu çərçivədə həyata keçirilən layihələr istehsal xərclərinin azalmasına, resursların səmərəli istifadəsinə və ekoloji təhlükəsizliyin təmin olunmasına xidmət edir. Bu isə ölkədə sosial-iqtisadi islahatların davam etdirilməsinə, innovativ iqtisadiyyatın formalaşdırılmasına və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin güclənməsinə şərait yaradır. Müasir dövrdə dövlət və ictimai sektor arasında səmərəli əməkdaşlığın artırılması, məlumat, təcrübə və fikir mübadiləsinin genişləndirilməsi ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir”.

Ekoloji səmərəliliyin artırılması...

V.Kərimovun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində yaşıl artımın təmin olunması və ekoloji təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, ekoloji davamlılıq və yaşıl maliyyələşdirmə təşəbbüsləri əsas prioritetlər sırasındadır. Bu istiqamətdə istehsal müəssisələrinin öz fəaliyyətini qanunvericiliyə uyğun şəkildə həyata keçirməsi, enerji səmərəliliyinin artırılması və təbii resurslardan səmərəli istifadə vacib şərtlərdən hesab olunur. Eyni zamanda, davamlı inkişaf məqsədilə müəssisələrin əməyin təhlükəsizliyini və işçi sağlamlığını təmin etməsi, ekoloji səmərəliliyi artırmaqla yanaşı, istehsal xərclərini azaltmaq kimi mühüm məqsədlər qarşıya qoyulur”.

Bu yanaşma karbon emissiyalarının azaldılmasını əhatə edir

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının sədr müavini Cabir Süleymanlı bildirib ki, “Sənaye Təhlükəsizliyi Zirvəsi” “Sıfıra doğru” konsepsiyası əsasında təşkil olunub: “Bu yanaşma Azərbaycanın Paris Sazişi çərçivəsində 2030-cu və 2050-ci illərə qədər karbon emissiyalarının azaldılması ilə bağlı götürdüyü öhdəliklərə uyğun olaraq, sənayedə təhlükəsizlik mədəniyyətinin inkişafını və karbon emissiyalarının azaldılmasını əhatə edir. Həmçinin tədbir Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim sammitindən sonra ölkədə iqlim dəyişikliyi ilə bağlı həyata keçirilən ən genişmiqyaslı tədbirlərdən biridir.

İqlim dəyişikliyi ilə mübarizədə sosial məsuliyyət

C.Süleymanlı tədbirin məqsəd və məramı haqqında ətraflı məlumat verərək qeyd edib: “Tədbirdə 350-dən çox iştirakçı, o cümlədən dövlət tənzimləyici qurumlarının, özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri və spikerlər iştirak edib. Burada sənaye təhlükəsizliyi çərçivəsində iş yerlərindəki insidentlərin qarşısının alınması, təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi, həmçinin karbon izinin azaldılması mövzuları müzakirə olunub. Bu kontekstdə, dövlət qurumları və özəl sektorun nümayəndələri birgə həll yolları axtarıblar.

“Sənaye Təhlükəsizliyi Zirvəsi” iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində sosial məsuliyyət, sənayedə təhlükəsizlik və ekoloji dayanıqlılıq məsələlərinin müzakirə edildiyi mühüm bir platforma olaraq ölkənin beynəlxalq təşəbbüslərə verdiyi dəstəyi bir daha nümayiş etdirib. Tədbirin sonunda qəbul edilmiş qərar və tövsiyələrin sənaye sektorunda təhlükəsizliyin artırılması və karbon emissiyalarının azaldılmasına töhfə verəcəyinə ümid edirik”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.

Seçilən
31
yeniazerbaycan.com

1Mənbələr