İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı vətəndaşların məmnunluğunun və məlumatlılığının öyrənilməsi barədə keçirilən sosioloji sorğuların nəticələri ilə bağlı məlumat verib.
Musavat.com xəbər verir ki, 2023-cü ildən etibarən Bakı, Sumqayıt və Abşeronda, eləcə də digər 51 regionda sorğular təşkil olunub.
Zaur Əliyev bildirib ki, sorğuda 25 087 nəfər iştirak edib:
"Nəticələrə əsasən, ölkə əhalisinin 100%-ə yaxını icbari tibbi sığorta haqqında, 47%-i isə Xidmətlər Zərfi barədə məlumata malikdir. Ən yüksək göstəricilər ixtisaslaşmış ambulator və laboratoriya xidmətləri üzrə qeydə alınıb.
Ümumilikdə, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi 59%-dir.
İcbari tibbi sığorta tətbiqindən sonra sağlamlıqla bağlı xərclərin ciddi şəkildə azaldığını bildirən respondentlərin payı 25%, cüzi azalma bildirənlərin payı isə 40%-dir. Ümumilikdə respondentlərin 65%-i icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xərclərin azaldığını qeyd ediblər".
Z.Əliyev əlavə edib ki, respondentlərin 75%-i özəl tibb müəssisəsinə birbaşa müraciət edərkən ödənişin 20%-ə qədərini cibdən ödəməyə razı olduqlarını bildiriblər:
"Bu, əhalinin müəyyən bir hissəsinin belə bir ödəniş modelini qəbul etməyə açıq olduğunu göstərir. Hazırda hissəvi ödəniş sistemi mövcud olmasa da, gələcəkdə bu mövzu ilə bağlı müxtəlif mexanizmlərin tətbiqi və ya müzakirəsi mümkündür.
Sorğu nəticələri səhiyyə xidmətlərinin təkmilləşdirilməsi və əhalinin ehtiyaclarının daha dəqiq öyrənilməsi üçün mühüm göstəricidir. Bu çərçivədə atılacaq addımlar vətəndaş məmnuniyyətinin daha da artırılmasına xidmət edəcək".
Nigar HƏSƏNLİ,
Musavat.com