AZ

İrəvanın KTMT oyunu – Moskva hansı addımları atacaq? – Rusiyalı ekspertdən açıqlama

Rusiya ilə Ermənistan arasındakı münasibətlərin gərginləşməsində bir başa rolu Qərb oynayır. ABŞ və Fransa Rusiyanı  Cənubi Qafqazdan sıxışdırmaq üçün Ermənistandan istifadə edir. Ermənistanı Moskvanın patronajlığı altındakı siyasi platformalardan uzaqlaşdırmaq üçün səylər göstərilir. Ermənistan buna cəhd etsə də hələlik məqsədinə nail ola bilməyib. KTMT-nin tədbirlərinə qatılmayan Ermənistan MDB-də aparılan müzakirələrdə də sönük təsir bağışlayır. Bütün bu amillər Moskvanın diqqətindən yayınmır və məlum siyasətinə görə  Ermənistan  ciddi tənqid olunur. İrəvan isə Moskvanı KTMT-dən çıxçmasıyla şantaj edir. Eyni zamanda Nikol Paşinyan hələ 2024-cü ilin fevralında Ermənistanın KTMT-də fəaliyyətini  dondurduğunu və bu il təşkilatın maliyyələşdirilməsində iştirak etməyəcəyini bəyan edib. Ermənistan Xarici İşlər Nazirliyi də təsdiqləyib ki, “Ermənistan 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərara qoşulmaqdan çəkinəcək”.

Moskvanın İrəvanın addımlarına cavabı isə özünü çox gözlətməyib. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Pankin Avrasiya İqtisadi Forumu çərçivəsində Ermənistanı KTMT-yə maliyyə borcu ilə bağlı kəskin tənqid edib: “Ermənistanın KTMT-yə 2024-cü il üçün borc var, müddət 2025-ci ilin sonunda başa çatacaq. Ermənistan bu borcu ödəməyə bilər. Sonra müvafiq qərarlar veriləcək”, – deyə Pankin İrəvana xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə həftəlik brifinq zamanı  Ermənistanı ödəniş etməməkdə qınayıb. Ermənistanı KTMT-də səsvermə hüququndan məhrum ediləcəyi ilə hədələyib: “Təşkilatı maliyyələşdirmək üzrə öhdəliklərini yerinə yetirməyən dövlətlər  KTMT-də səsvermə hüquqlarını itirə bilər”, – deyən rusiyalı diplomat KTMT-nin maliyyələşdirilməsinin bütün üzv ölkələr üçün məcburi olduğunu və təşkilatın büdcəsinin ortaq töhfələr hesabına formalaşdığını açıqlayıb: “Rusiya KTMT büdcəsinin yarısını, digər iştirakçılar isə cəmi 10%-ni ödəyir”, – deyən  Zaxarova Ermənistanı məsuliyyətli olmağa çağırıb.

Rusiya tərəfinin bəyanatlarından görünür ki, Moskva İrəvanın avantürist siyasətini dayandırmaq niyyətində deyil. Ermənistan xarici siyasət kursunu seçməkdə və nəticədə ölkənin KTMT-də mövcudluğunu davam etdirmək məsələsində daha konkretdir. Rusiyanın KTMT çərçivəsində Ermənistanla tərəfdaşlığın tam şəkildə bərpasında maraqlı olduğunu nəzərə alsaq, çox güman ki, Moskvanın İrəvana “yumşaq təzyiq” siyasəti vaxtaşırı güclənəcək. Ancaq Rusiya bu  cür yanaşma ilə nə qədər uzağa gedə bilər və Ermənistana qarşı mövcud maliyyə-iqtisadi təzyiq rıçaqlarından istifadədə maraqlıdırmı? Hər halda, rusiyalı ekspertlər belə bir ehtimalı istisna etmirlər.

 Rusiyalı ekspert Dmitri Verxoturovun sözlərinə görə , Moskvanın İrəvanla bağlı siyasəti bir neçə  mərhələdən ibarətdir. Onun sözlərinə görə, Rusiya Ermənistanı KTMT-də səsvermə hüququndan məhrum etsə, İrəvan özü təşkilatdan çıxmaq prosedurunu tezləşdirəcək: “Bu halda  Paşinyan qapıları çırparaq Ermənistanın KTMT-dən çıxmasının başladığını elan edəcək. Lakin Rusiya özünə dost olmayan ölkə kimi iqtisadi xarakterli bir sıra təsirli tədbirlər görə bilər. Məsələn, İrəvanı enerji təchizatından məhrum etmək olar. Rusiyadan elektrik enerjisi və müəyyən maliyyə yardımı alan Abxaziya nümunəsindən istifadə edərək konkret fakt deyim. Abxaziya nə əldə etdi? Sakinləri işıqsız qaldı. Eyni şeyi Ermənistanla da etmək olar. Tutaq ki, “Rospotrebnadzor” erməni konyakında istehlak üçün yararsız bəzi maddələri aşkarlaya və onun daxil olmasını qadağan edə bilər. Bu, Ermənistan iqtisadiyyatına ciddi  zərbə olacaq. Belə taktikanı istənilən başqa məhsula, şirələrə, içkilərə də şamil etmək olar. Obrazlı desək, Moskvada ikili vətəndaşlığı və nüfuzu olan erməni əsilli iş adamlarını təzyiq altında saxlamaq da olar. Yəni Ermənistanı cilovlamaq üçün kifayət qədər yollar var. Ona yolunu göstərəndən sonra Paşinyan ağıllanacaq. Mənə elə gəlir ki, Nikol Paşinyan və komandasının inadkarlığını nəzərə alsaq,  indiki hakimiyyət heç bir nəticə çıxarmayacaq və ölkəni tam iflasa aparacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
29
50
konkret.az

10Mənbələr