AZ

Bu dəfə Azər Bağırov narazı qaldı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Hakimlər futbolçulara 17 sarı vərəqə göstərdi ki, bunların da əksəri (13-ü) qonaqların payına düşdü.

“Zirə”nin futbolçuları, ümumiyyətlə, cəzalanmadı. Baş məşqçilərin oyunsonrası açıqlamalarında da idarəçiliklə bağlı ciddi irada rast gəlmədik. Hə, “Zirə”yə 0:4 uduzan “Kəpəz”in çalışdırıcısı Azər Bağırov istisnadı.

Kəpəz – Zirə, TURAL QURBANOV
“Kəpəz” meydana “Səbail”lə aradakı xal fərqini artırmaq, “Zirə” isə “avrokubok zonası”ndakı yerini möhkəmlətmək üçün çıxdı. “Qartallar”ın böyükhesablı qələbəsində ədalət təmsilçisinin pay sahibi olmadığını deyə bilərik. Lakin gəncəlilərin baş məşqçisi Azər Bağırov belə düşünmür. Onun fikrincə, hakimin qərarsızlığı matça mənfi təsir edib. Halbuki “fit sahibi” hansısa yanlış müdaxiləylə yadda qalmadı. 4 qol buraxan “sarı-göylər” günahı hakimdə yox, özündə axtarmalıdı. Bəli, Tural bəy bir çox oyunda səhv qərarlarla yadda qalır. Amma bu dəfə yox...

Turan Tovuz – Şamaxı, KAMAL UMUDLU
Bölgə təmsilçilərinin qarşılaşması çox maraqlı mübarizə şəraitində keçdi. Tovuzluların son dəqiqələrdə vurduğu qolla qalib gəldiyi matçda hakimdən narazılıq etməyə dəyməzdi. Baş məşqçilər də belə etdi. Vurğulamaq lazımdı ki, FİFA referisi oyunun tempinə çox da müdaxilə etmədi. Umudlu kobud qayda pozuntularına görə cəza verməkdən çəkinmədisə, fasilələrin yaranmaması və dinamik matça şahidlik etməyimiz üçün şərait yaratdı. Odu ki, Kamal bəy ədalətli mühakiməni və xoş sözləri haqq edir.

Səbail – Araz-Naxçıvan, RƏŞAD ƏHMƏDOV
O qədər də sərt keçməyən oyunu idarə etmək Rəşad Əhmədov və onun köməkçiləri üçün elə də çətin olmadı. Amma penalti epizodu müəyyən şübhələr yaratdı. Çünki Slavik Alxasov Dmitri Litvinin müdaxiləsindən öncə topa zərbə vurmağa macal tapmışdı. Sanki qonaqlar penalti qazanmaq üçün məqam axtarırdı və Alxasovun yerə yıxılması onlar üçün göydəndüşmə fürsət oldu. Diasın qol vurduğu epizodda da hakimlər VAR-a xeyli baxdılar ki, bu isə sürəti onsuz da aşağı olan oyunun tempini bir qədər də aşağı saldı. Amma səviyyə fərqini nəzərə alanda hakimlərin oyunun nəticəsinə təsir edən səhvə yol vermədiklərini deyə bilərik.

Sabah – Qarabağ, ELÇİN MƏSİYEV
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşmədi. İlk yarıda bir qədər passiv oyun izləsək də, ikinci yarıda komandalar sona qədər qol axtarışında oldu. Elçin Məsiyev və köməkçiləri gərginliyin öhdəsindən pis gəlmədi. Hər iki komanda ikinci yarıda mübarizə əzmini ortaya qoysa da, hansısa aqressivliyin şahidi olmadıq. Futbolçuların intizamlı oyun tərzi diqqəti çəkdi. Elçin bəyin qərarları və mövqe seçimi doğru idi. Komandaların açıq oynamasına şərait yaradan referi üç futbolçuya sarı vərəqə göstərdi.

Sumqayıt – Neftçi, FƏRİD HACIYEV
Sumqayıtlı Samir Abasovun sabiq komandası ilə görüşündə gözlə görünəcək dərəcədə hakim müdaxiləsi baş vermədi. 43-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Cordan Rezabala 2-ci qolu vuran zaman Hacıyev tələsməyərək VAR-ın epizodu incələməsini gözlədi. Əli qulağında qola ofsayd şübhəsi ilə yanaşan ədalət təmsilçisi bu sırada azarkeşlərin də dilinə düşdü. Fərid bəy meydan sahiblərindən üç, qonaqlardan bir futbolçuya sarı vərəqə göstərdi.

Seçilən
20
football-plus.az

1Mənbələr