AZ

Vergi Məcəlləsinə dəyişikliyi zəruri edən amillər

Ötən gün Milli Məclisdə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin son oxunuşda müzakirəsi aparılıb və müzakirələrdən sonra qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanovun müsahibəsini təqdim edirik:

- Yeni Vergi Məcəlləsində dəyişikliklərlə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.8-ci maddəsindən irəli gələrək növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində hazırlanmış Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə layihə investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə bağlı istiqamətlər üzrə mühüm dəyişiklikləri əhatə edir.

- Dəyişikləri zəruri edən amillər nədən ibarətdir?

- Məlum olduğu kimi “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə fokuslanmış baxışların və həmin prioritetlərin icrası istiqamətində qarşıya qoyulan vəzifələrin icrası məqsədilə “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunmuşdur. Strategiyada dövlət büdcəsinin dayanıqlığının təmin edilməsi üçün iqtisadiyyatın strateji sahələrinin inkişafının stimullaşdırılması, investisiya və kapital qoyuluşu həcminin artırılması məqsədilə vergi təşviqi alətlərindən effektiv istifadə və kölgə iqtisadiyyatı ilə sistemli mübarizə aparılması, şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində 2 əsas hədəf müəyyən edilmişdir. Bu hədəflərdən irəli gələrək Vergi Məcəlləsində dəyişiklik layihəsi hazırlanmışdır. Dəyişən iqtisadi mühit, rəqəmsallaşma və investisiya təşviqi yeni dəyişiklikləri zəruri edir.

- Azərbaycanda diferensial ƏDV tətbiq oluna bilərmi və ya bununla bağlı müzakirələr varmı? Ümumiyyətlə, yeni Məcəllədə bu məsələ nəzərə alınıbmı? Əgər nəzərə alınıbsa, hansı sahələrə şamil olunması nəzərdə tutulub?

- ƏDV-nin differensial dərəcəsinin tətbiq edilməsi ilə bağlı bildiririk ki, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin differensial dərəcəsinin tətbiqinə həmin mallar üzrə dəqiq uçot aparıldıqdan, sahibkarlıq subyektləri tərəfindən vergi intizamına əməletmə səviyyəsi və şəffaflıq təmin edildikdən, vergitutma obyektlərinin dəqiq müəyyən edilməsi istiqamətində proseslər yekunlaşdırıldıqdan, habelə uçot tam bərpa edildikdən və bununla bağlı hesabatlılıq təmin edildikdən sonra baxıla bilər. ƏDV-nin differensial dərəcəsinə alternativ olaraq ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan “ƏDV geri al” mexanizminin tətbiqi uğurla davam edir. Layihənin məqsədi ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə yanaşı, həm də tətbiq olunduğu sahələrdə real dövriyyələrin müəyyənləşdirilməsidir.

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi istehlakçılara geri qaytarılır.

2024-cü ilin yanvar-noyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 160,3 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb. Həmçinin, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılır.

“ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması prosesi də davam edir. 2024-cü ilin yanvar-noyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 21 milyon 301,8 min manat təşkil edib. Bununla yanaşı tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onların vergi tutulan ümumi dövriyyəsindən çıxılır.

- Xüsusən, mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün hansı vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub?

- Vergi Məcəlləsinə dəyişiklik layihəsində bu istiqamətdə aşağıdakı vergi güzəştləri nəzərdə tutulmuşdur:

  • Ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsi;
  • Torpaqdan istifadə hüququnun başqasına verilməsinin və torpaq sahələri üzrə icarə haqlarının ƏDV-dən azad edilməsi;
  • Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 10 faizdən 5 faizə endirilməsi;
  • Bəzi xidmət sahələri üzrə (tərcümə, reklam xidməti, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, turizm bələdçiliyi, avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti və s.) illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75% vergi güzəştinin müvafiq tələblərlə (işçi sayı və MDSS borcu) şərtləndirilmədən tətbiq edilməsi;
  • Teatr, kino, muzey və simfonik orkestr fəaliyyətinə mənfəət (gəlir), torpaq vergiləri üzrə güzəştlərinin verilməsi, habelə teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin fiziki şəxs istehlakçılara geri qaytarılması;
  • Kənd təsərrüfatı məhsullarının satışı üzrə ƏDV-nin ticarət əlavəsindən hesablanması rejiminin daha 2 il müddətinə uzadılması.

- Vergi Məcəlləsinə dəyişikliyə əsasən, bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşir. Bu dəyişikliyin hansı müsbət nəticələri ola bilər?

- Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Bu dəyişiklik tikinti sektoruna faktiki çəkilən xərclərə görə işlərin yerinə yetirilməsi həcmində gəlirlərin tanınmasına və vergi öhdəliklərinin optimallaşdırılmasına imkan verəcəkdir. Dəyişiklik nəticəsində tikinti sahəsində vergi uçotunun təkmilləşəcəyi, dövriyyə məbləğlərinin bəyan edilməsi təşviq edilməklə artacağı gözlənilir.

- Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə bir sıra sahələrdə vergi güzəştlərinin edilməsi nəzərdə tutulur. Bu çərçivədə layihənin büdcə təsirləri nə qədərdir?

- Builki layihədə nəzərdə tutulan güzəştlər dövlət-özəl tərəfdaşlığı layihələri, maşınqayırma sənayesi, gəmiqayırma və gəmi təmiri, sənaye məhəllələri, investisiya mühitinin təşviqi (xarici investisiyanın cəlbi, sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi), beynəlxalq yükdaşıma, mədəniyyət, tibbi turizm, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı kimi sahələri əhatə edir. Layihənin büdcə təsiri 7,3 milyon manatdır.

- Xarici investisiyaların cəlb edilməsi istiqamətində hər hansı vergi güzəştlərinin edilməsi nəzərdə tutulur?

- Dövlət-özəl tərəfdaşlığı çərçivəsində vergi təşviqlərinin verilməsi ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların həcminin artırılmasına öz töhfəsini vermiş olacaqdır. Ölkəyə investisiya yatırmış qeyri-rezident vergi ödəyiciləri ilə rezident vergi ödəyicilərinə bərabər iqtisadi şəraitin yaradılması və hədəfli təşviq siyasətinin davam etdirilməsi məqsədilə qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri rezidentə köçürülən məbləğdən ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 10 faizdən 5 faizə endirilməsi təklif edilir. Sözügedən güzəştin verilməsi ilə qeyri-rezidentlərin daimi nümayəndəliklərinin vergi yükünün azaldılması və ölkənin regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsinə təkan verilməsi ilə nəticələnəcəkdir.

- Azərbaycanda AİRBNB və Booking kimi saytlarda kirayə mənzil elanları çoxalıb. Onların vergiyə cəlb olunması necə tənzimlənir? Bununla bağlı mexanizmlərdən danışardınız, zəhmət olmasa.

- Əksər sahələrdə olduğu kimi kirayə (icarə) münasibətləri sahəsində də müasir dövrün tələblərin irəli gələrək ənənəvi formadan fərqli yeni münasibətlər sisteminin formalaşması, informasiya texnologiyalarından istifadə, yeni bazar iştirakçılarının yaranması, eyni zamanda məhz kirayə bazarında vasitəçilik funksiyasını həyata keçirən şəxslərdən daxil olan müraciətlər nəzərə alınaraq, əlaqələndirici platformalar vasitəsilə vergi ödəyicisi olmayan şəxslər arasında əmlak kirayəsi (icarəsi) zamanı vergi öhdəliyinin yerinə yetirilməsi mexanizminin sadələşdirilməsi məqsədilə qeyd edilən halda verginin ödənilməsi və bəyannamənin verilməsi ilə bağlı vəzifənin həmin platformalar (vergi agentləri) tərəfindən yerinə yetirilməsini nəzərdə tutan Vergi Məcəlləsinin 124.1-ci maddəsinə dəyişiklik təklif edilmişdir. Bu dəyişiklik imkan verəcəkdir ki, mənzili kirayə verən şəxslər vergi orqanında uçota alınmadan vergi öhdəliklərini yerinə yetirsinlər. Bu dəyişiklik mövcud bazarın leqallaşdırılmasına müsbət təkan verəcəkdir.

- Əldə etdiyimiz məlumata görə, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin bank hesabından vəsaitlərin çıxarılmasına qoyulan 15 min manat məhdudiyyətin artırılması nəzərdə tutulur və bununla bağlı sənəd hazırlanıb. Bu məhdudiyyətin nə qədər artırılması nəzərdə tutulur?

- “Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Məlumat üçün qeyd edək ki, dəyişiklik 15 min deyil, 30 min manatlıq limitlə bağlıdır.

Ölkə ərazisində nağdsız hesablaşmalarla bağlı limitlərin tətbiq edilməsindən artıq bir neçə il keçmişdir və keçən müddət ərzində ölkənin iqtisadi həyatında baş verən dəyişikliklər, sahibkar birlikləri ilə iş çərçivəsində keçirilmiş bir sıra görüşlərdə vergi ödəyiciləri tərəfindən səsləndirilən aktual çətinliklər mövcud limitlərə yenidən baxılması zərurətini yaratmışdır. Əsasən orta və iri sahibkarlıq subyektləri üzrə kiçik sahibkarlıq subyektləri ilə eyni həcmdə nağd dövriyyə limitinin müəyyən edilməsi orta və iri sahibkarlıq subyektləri tərəfindən aparılan hesablaşmalarda çətinliklərin yaranmasına səbəb olur və həmin subyektlər üçün nağd dövriyyə limitinin artırılmasına zərurət yaranır.

Bu məqsədlə hazırlanmış layihədə dövriyyədən asılı olaraq differensial yanaşma aşağıdakı kimi müəyyən edilir:

- ƏDV və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əvvəlki təqvim ayında satış dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30 min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada aparılmalıdır;

- əvvəlki təqvim ayında satış dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30 min manatdan çox, 50 min manatdan az olduqda, satış dövriyyəsinin 2 faizindən artıq olan hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada aparılmalıdır;

- əvvəlki təqvim ayında satış dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 50 min manatdan çox olduqda, nağd hesablaşma limiti 50 min manat olur, təqvim ayı ərzində ümumi məbləği 50 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər isə yalnız nağdsız qaydada aparılmalıdır.

"iqtisadiyyat.az"

Seçilən
27
operativmedia.az

1Mənbələr