AZ

"Əhali bu halda kommunal xidmətlərdən istifadə edə bilməyəcək" - EKSPERT XƏBƏRDARLIQ ETDİ

"Ümumiyyətlə tikinti işləri aparıldığı zaman lazımdır ki, həmin ərazidə geoloji araşdırmalar aparılsın. Yəni, həmin ərazidə torpaq sürüşməsinin baş verib-verməməsi, eyni zamanda yeraltı suxurların vəziyyəti araşdırılmalıdır. Həmin ərazinin tikintiyə uyğun olub-olmaması müəyyən labarotor müayinələrdən sonra qərar verilməlidir". Bu sözləri SİA-ya açıqlamasında əmlak eksperti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Orucov deyib.

O bildirib ki, özbaşına tikililər istənilən vaxtı problem yaradır. "Göllərin yanında tikintisi icazəlidirsə, dövlət strukturları müvafiq təhlilləri aparıb və razılıq verirlər. Yox əgər bu belə deyilsə, təbii ki, həmin göllərin sahələrinin artması, ərazidə rütubət nəticəsində fərdi yaşayış evinə ziyan vurulması prosesi ola bilər. Eyni zamanda həmin ərazilər müvafiq dövlət qurumları tərəfindən mühafizə olunan zolaqlara yaxınlığı ilə seçilə bilər. Yəni bütün bunlar nəzərə alınaraq yalnız və yalnız qanuni şəkildə tikinti işini aparmaq lazımdır. Həmin ərazilərin müvafiq sürüşmə zonasına aid olub-olunmadığını müəyyən etmək lazımdır. Bu baxımdan özbaşına tikintilərin olmaması üçün nəzarət gücləndirilməlidir. Ötən il qəbul olunmuş qərar da buna öz təsirini göstərəcək.

Bildiyimiz kimi, kommunal, maye və su xətlərindən, eyni zamanda elektrik xətlərindən istifadə edə bilmək üçün mütləq tikintinin qanuni şəkildə inşa olunması əsas prioritet tələbdir. Çünki əks təqdirdə həmin tikili müvafiq xidmətlərdən istifadə edə bilməyəcək. Əhalinin bu istiqamətdə maarifləndirilməsi və qanunla yaxından tanış olması vacibdir".

Müəllif: Seyranə Quliyeva
Seçilən
27
sia.az

1Mənbələr