Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Əlbəttə ki, belə bir şəraitdə kimsə iddia edə bilməz ki, biz Ermənistan ərazisində o dövlətin icazəsi ilə gəzib, dolaşırıq. Onların bu səfirin orada olması, yaxud müşahidəçilərin orada olması, hətta Azərbaycan ərazisinə qanunsuz giriş kimi də dəyərləndirilə bilər. Yəni şərti sərhədlər var hələ ki. Ona görə də üçüncü tərəflər bu məsələyə burun soxmaqdan çəkinməlidirlə, o cümlədən də Niderland səfiri, ümumiyyətlə, Niderlandın özü bir dövlət olaraq. Əlavə olaraq da, Avropa ölkələri Azərbaycanın xoşməramlı çağırışlarını nəhayət ki, eşitməlidirlər. Azərbaycan dəfələrlə bəyan edib ki, biz özümüz Ermənistanla anlaşa bilərik. Üçüncü tərəflər müdaxilə etməsə, yəni bunu anlamaq doğrudanmı çətindir? Əslində çətin deyil. Onlar da bunu anlayır, yaxşı da anlayır. Sadəcə olaraq, Niderland da, onun kimi, Fransa və bənzər dövlətlər də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəmirlər. Ona görə bax, bu cür təxribatlarla məşğuldurlar. Amma bütün bunlara baxmayaraq, Azərbaycan nəhayətdə öz istədiyinə nail olacaq və Ermənistan da sonda anlayacaq ki, Azərbaycanla və Türkiyə ilə anlaşmaq onlar üçün tək çıxış yoludur, başqa bir alternativi olmayan çıxış yoludur. Biz sadəcə olaraq bu təklifi Ermənistana verərkən deyirik ki, vaxtı uzatmağa dəyməz. Yəni çalışaq mümkün qədər tez sülh müqaviləsi bağlayaq, anlaşaq sərhədlər açılsın, normal münasibətlər təmin edilsin. İndi bu üçüncü tərəflər də, Niderland kimi dövlətlər də buna mane olurlar. Bax, səfirin şərti sərhədə gəlməsi, orada müşahidə aparması bununla bağlıdır. Yəni yuyulmamış çömçə kimi özlərini araya soxmağa cəhd edirlər".