AZ

Gömrük-biznes dialoqu və iqtisadi tərəqqi

Dünən “Gülüstan” sarayında Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının təşkilatçılığı və “BP” şirkətinin dəstəyi ilə “Gömrük-Biznes Forumu 2024 Dialoq” adlı tədbir keçirilib.

Gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, bu il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılması məqsədi daşıyan forumda dövlət və özəl sektorun, ictimaiyyətin nümayəndələri, gömrük işinin təşkili sahəsində ixtisaslaşan elm adamları, ekspertlər və media təmsilçiləri iştirak ediblər.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edərək bildirib ki, son 5 ildə ölkəmizin xarici ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 52 milyard dollara çatıb. Qeyd olunub ki, gömrük prosedurlarının sadələşdirilməsi, bürokratik maneələrin aradan qaldırılması sayəsində yerli və xarici investorlar üçün daha əlverişli imkanlar yaradılıb. Nəqliyyat dəhlizlərinin Azərbaycanın tranzit imkanlarını artırdığını və biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaratdığını diqqətə çatdıran natiq deyib ki, Orta Dəhliz vasitəsilə Çindən Avropaya daşınan yüklərin tranzit müddəti 8-10 günə qədər azalıb.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov çıxışında bildirib ki, gömrük rüsumları və vergiləri 2023-cü ilin dövlət büd­cəsinin 18 faizini, ÜDM-in isə 5,2 faizini təşkil edib. Qeyd olunub ki, büdcə daxilolmaları üzrə gömrük gəlirlərində 2023-cü ildə əvvəlki illə müqayisədə 12,4 faiz artım müşahidə olunub. Onun sözlərinə görə, komitə gəlirlərin toplanması istiqamətində beynəlxalq standartlara uyğun metodik vəsait, elektron bildiriş sistemi və təminat əsasında malların buraxılış mexanizmini hazırlayıb. 

Komitə sədri qeyd edib ki, son bir il ərzində Avtomatlaşdırılmış Risk Təhlili Sisteminin tətbiqi nəticəsində orta sərhədkeçmə vaxtı 58 faiz, rəsmiləşdirmə müddəti 15 faiz, fiziki yoxlamaların sayı isə 20 faiz azalıb. Ötən il sözügedən sistemin tətbiqinin alətlərin daha effektiv istifadəsinə imkan yaratdığını vurğulayan Ş. Bağırov deyib ki, bu zaman gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxt azaldılır, daşımalar üzrə xərclər minimuma endirilir ki, bu da gömrük qanunvericiliyinə əməl edən xarici ticarət iştirakçıları üçün əlverişli biznes mühiti formalaşdırır. 

 Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında qeyd edib ki, son 6 ildə ölkəmizdə əməkhaqqı fondunun 3,2 dəfədən çox artması biznesin inkişafının əsas göstəricilərindəndir. Onun sözlərinə görə, bu dövr ərzində Azərbaycanda əmək müqavilələrinin artımının 80 faizi özəl sektorun sayəsində olub. Qarabağda əmək qabiliyyətli vətəndaşların 85 faizinin işlə təmin olunduğunu diqqətə çatdıran nazir deyib ki, hazırda qalan vətəndaşların da məşğulluğunun təmin edilməsi istiqamətində lazımi işlər görülür. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov çıxışında kiçik və orta biznes subyektlərinin ölkə iqtisadiyyatındakı rolundan bəhs edib. Müasir dövrdə gömrük əməliyyatlarının biznes prosesinin mühüm tərkib hissəsini təşkil etdiyini vurğulayan KOBİA sədri deyib ki, ölkəmizdə fəaliyyətdə olan sahibkarların 99,7 faizini KOB subyektləri təşkil etdiyini nəzərə alsaq, gömrük əməliyyatı istifadəçiləri olan sahibkarların da mütləq əksəriyyətinin KOB-ların payına düşdüyünü söyləmək olar. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığın həcm və effektivlik baxımından böyük hissəsi xidmət təminatı ilə bağlıdır.

Hazırda “KOB ev”lərində müxtəlif dövlət və özəl qurumlar, o cümlədən Dövlət Gömrük Komitəsi tərəfindən vahid məkanda xidmətlərin təmin olunduğunu diqqətə çatdıran O. Məmmədov deyib ki, “Bakı KOB evi”ndə həm də Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonası fəaliyyət göstərir ki, burada “KOB gömrük anbarı” ilə yanaşı, gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər mövcuddur. KOBİA sədri, həmçinin bildirib ki, hazırkı gömrük-biznes forumu da idxal-ixrac əməliyyatları sahəsində maraqlı tərəflərin bir araya gəlməsi, yeniliklərin paylaşılması, müzakirələrin aparılması üçün əlverişli platforma təmin edir.

Forumda, həmçinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və digərləri çıxış ediblər.

Sonra Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanan, 2025-ci ildən etibarən tətbiqinə başlanacaq gömrük dəyərini qabaqcıl beynəlxalq təcrübə əsasında dəqiq və dürüst, rəqəmsal həllər əsasında müəyyənləşdirən “Rəqəmsal Gömrük Dəyəri”, saxlanc xərclərinin azaldılmasına, malların istehlakçıya daha sürətli şəkildə çatdırılmasına, biznes proseslərin çevikliyinin artırılmasına şərait yaradacaq “İkipilləli Buraxılış Sistemi” və daşıyıcılar üçün resursların daha rasional bölüşdürülməsi, sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi, logistika işinin səmərəli təşkili və proqnozlaşdırılması baxımından əhəmiyyətli olan “İlkin Məlumatlandırma Sistemi” layihələrinin təqdimatı keçirilib.

Yeri gəlmişkən, rəqəmsal həllərə və beynəlxalq dəyərləndirmə standartlarına, süni intellektə və elmi araşdırmalara əsaslanan yeni layihələr əlverişli biznes mühitinin formalaşdırlması, vaxt və vəsaitə qənaət olunması, gömrük işinin səmərəliliyinin artırılması baxımından xarici ticarət iştirakçılarına əlavə imkanlar yaradacaq.

Daha sonra Səlahiyyəti İqtisadi Operator layihəsi çərçivəsində SİO statusu alan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə və “FoodCity Aqrokompleks”ə sertifikatlar təqdim olunub.

Forum öz işini panel müzakirə ilə davam etdirib.

Seçilən
31
1
xalqqazeti.az

4Mənbələr