Brüssel, 18 dekabr, AZƏRTAC,
Tar, kamança və qaval UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsəri kimi tanınan muğam musiqi janrının fundamental elementləridir. Azərbaycan bu günə kimi 24 elementi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Paraqvayın Asunson şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası zamanı siyahıya “Azərbaycanda təndir hazırlamaq və çörək bişirmək sənəti” milli nominasiyası da əlavə edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev Brüsseldə Kral İncəsənət və Tarix Muzeyinə Azərbaycan milli musiqi alətlərinin hədiyyə edildiyi tədbirdə deyib. “Azərbaycan mədəniyyəti olduqca zəngin və rəngarəngdir, lakin muğam sənəti xüsusi yer tutur. Tar, kamança və qavaldan ibarət Muğam üçlüyü tarixə kök salmış Azərbaycan musiqi ənənələrinin fövqəl nümunəsini təmsil edir. Bu trio indiki formasını 19-cu əsrdə alsa da, onu bəstələyən alətlər və ifa etdikləri musiqilər daha qədim mənşələrə malikdir”,-deyə S. Fətəliyev bu musiqi alətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, tar Azərbaycan musiqi kimliyinin simvolu, misilsiz ifadə dərinliyi təqdim edən simli musiqi alətidir. Kamança zəngin və ifadəli tembri ilə Azərbaycan ruhunun əsl səsidir. Qavala gəlincə, o, muğamın mərkəzi ritmik elementidir, bu unikal musiqiyə quruluş və nəbz gətirir.
Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi musiqi alətlərini, onların tarixini və simvolikasını ətraflı təqdim edib. “Tar Azərbaycan musiqisinin mühüm alətidir. Ən çox yayılmış versiyaya görə, bu alət XVI əsrdə meydana çıxsa da, onun müasir variantı 1870-ci illərdə məşhur musiqiçi Mirzə Sadıq Əsəd oğlu tərəfindən təkmilləşdirilib. 2012-ci ildən “Simli musiqi aləti olan tar hazırlamaq və ifa etmək sənəti” Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Təqdim etdiyimiz tar Bakıda simli musiqi alətləri ustası Eyvaz İbrahimov tərəfindən tut ağacından hazırlanıb və təbii sədəflə bəzədilib.
Kamança Azərbaycan musiqi ənənəsində ən qədim alətlərdən biridir. Yumşaq, zərif və bir qədər həzin tonu ilə kamança musiqisevərlər tərəfindən xüsusi rəğbətlə qarşılanır. Təqdim etdiyimiz kamança tut və qoz ağaclarını birləşdirən, təbii sədəflərlə bəzədilmiş əl işidir. Onun yuxarı hissəsi nərə balığının dərisindən hazırlanmış nazik qişa ilə örtülüb.
Qaval tar və kamançanın müşayiəti ilə ənənəvi muğam üçlüyünü tamamlayır. Bu üçlükdə əsas rolu ritmik melodiyaları qeyd etmək üçün qavalı çalaraq oxuyan xanəndə oynayır. Təqdim etdiyimiz qaval Gəncə şəhərində usta Mehman Məmmədovun əl işidir. O, tut ağacından hazırlanıb. Balıq dərisi pərdəsi alətə unikal rezonans verir”, - deyə S.Fətəliyev bildirib.
Diplomat vurğulayıb ki, bu alətlər iki ölkənin mədəniyyətləri arasında möhkəm körpü olacaq və ziyarətçilərə Azərbaycan musiqisinin tarixini, gözəlliyini və dərinliyini tanıdacaq, zəngin mədəni irsimizi daha çox kəşf etməyə və araşdırmağa ruhlandıracaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel