AZ

Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Əliheydər Salamzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Əliheydər Salamzadə zərərçəkmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində meşə gözətçisi olan Rafiq Səfərovu şantaj edib. O, 2023-cü ilin sentyabr ayının sonlarında zərərçəkmiş şəxsin meşə gözətçisi işlədiyi - Muğanlı meşəbəyliyinin 9 saylı dolayına gələrək kəsilmiş ağacların videoçəkilişini apardıqdan sonra “youtube” vasitəsilə yaymaqla ictimailəşdirib. Eləcə də həmin dolayda qeyd edilən nazirliyin qurumları tərəfindən yoxlama aparılmasına nail olub. Lakin Rafiq Səfərov tərəfindən onun hərəkətlərinə əhəmiyyət verilmədiyinə görə Əliheydər yenidən həmin meşə dolayına gələrək videoçəkilişlər aparıb. Bu barədə məlumatı əldə edən zərərçəkmiş şəxs onun hərəkətlərinin oğluna münasibətdə mənfi nəticələr doğurduğunu görüb məcburiyyət qarşısında qalaraq həmin tarixdə onunla görüşüb. Aralarında onun yaşadığı Zaqatala rayonu Car kəndinə qədər davam etmiş söhbət zamanı Əliheydər həmin görüntüləri internet vasitəsilə ictimailəşdirəciyi, yəni haqqında rüsvayedici məlumatları yaymaqla hədələyərək 1000 manat, daha sonra qarşı tərəfin maddi vəziyyəti ilə bağlı 500 manat pul tələb edib. Nəhayət tələb edilən pulun 300 manatını həmin gün, 200 manatını isə növbəti dəfə Zaqatala rayonuna gələrkən verilməsi barədə aralarında razılıq əldə edilsə də, Rafiq onun barəsində şikayət xarakterli ərizə ilə Zaqatala RPŞ-yə müraciət edib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə təqsirləndirilən şəxs cinayət başında yaxalanıb.

 

Zaqatala Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Kamal Məmmədov

Tarix: 18 Dekabr 2024, 10:00   
Seçilən
24
pravda.az

1Mənbələr