AZ

Le Pen Fransada növbədənkənar prezident seçkilərinin keçiriləcəyini istisna etmir

Fransanın sağçı “Milli birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen Emmanuel Makronun “kövrək mövqeyi” fonunda növbədənkənar prezident seçkilərinin keçiriləcəyini istisna etmir.

AZƏRTAC xəbər verir ki, Marin Le Pen bu barədə “Le Parisien” qəzetinə müsahibəsində deyib.

“Emmanuel Makron bir çox səbəbdən prezidentlik müddətini erkən başa çatdıra bilər. Mən onun kövrək mövqeyini və əlində qalan bir neçə institusional rıçaqları nəzərə alaraq ehtiyat tədbiri kimi növbədənkənar prezident seçkilərinə hazırlaşıram”, - deyə Marin Le Pen bildirib.

Onun fikrincə, dövlət başçısı hətta mərkəzçi blokdan olan müttəfiqləri tərəfindən də problemlərlə üzləşə bilər.

Siyasətçinin sözlərinə görə, Makron beynəlxalq arenada da nüfuzunu itirib: “Ursula fon der Lyayen Fransanın qarşı çıxmasına baxmayaraq, Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarı ölkələri arasında azad ticarət sazişi imzalayaraq Emmanuel Makronu dəhşətli dərəcədə alçaldıb”.

Fransanın İctimai Rəy İnstitutu - İfop tərəfindən keçirilən son sorğunun nəticələrinə görə, Marin Le Pen hazırda Fransa prezidentliyinə ən populyar namizəddir.

Qeyd edək ki, Fransanın hazırkı prezidenti Emmanuel Makronun səlahiyyət müddəti 2027-ci il mayın 13-də bitəcək. 2027-ci ilin aprelində prezident seçkilərinin birinci turu baş tutacaq. Əgər ilk turda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, ən çox səs qazanan iki namizəd iki həftə sonra keçiriləcək ikinci turunda iştirak edəcək.

phrase_var_article.chosen
17
1
yeniazerbaycan.com

2phrase_var_article.sources