AZ

Nəsiminin məqbərəsi təhlükədə — "Məzarı Azərbaycana gətirilməlidir...."

Azərbaycan şairi İmadəddin Nəsiminin məqbərəsi təhlükədədir. Bu barədə tanınmış jurnalist, "haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev sosial şəbəkə hesabında məlumat verib. Hazırda Suriyada olan tanınmış jurnalist şairin Hələbdəki məqbərəsinin önündən foto paylaşıb. O, qeyd edib ki,  Hələbdə hakimiyyəti ələ keçirmiş Təhrir əş-Şam məqbərəyə girişi qadağan edib: 

“Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsminin məqbərəsi… Nəsimi soyundan gələn Bəşər Nəsimini də tapdım. Ailə məqbərənin yanında yaşayır. 2015-ci ildə İŞİD Nəsiminin məqbərəsini dağıtmışdı. Fəqət şəhər azad olunduqdan sonra Nəsimi ailəsi məzarı bərpa etdi.

Nəsiminin başı hər zaman qalda. Hazırda Hələbdə hakimiyyəti zəbt etmiş Tahrir aş-Şam sələfi ideologiyasına mənsub olduğundan, məqbərələrə, o cümlədən Nəsiminin məzarına girişi qadağan edib.

Nəsimi ailəsi çox narahatdır. İslamçılar yenəmi bu məqbərəni dağıda bilər?”, - deyə jurnalist paylaşımında bildirib. 

Siyasi şərhçi Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında deyib ki, əslən Şamaxıdan olan İmadəddin Nəsimin nəsli hazırda Suriyanın Hələb şəhərində şairin məqbərəsinin ətrafında yaşayır. Onun sözlərinə görə bu nəsil elə “Nəsimi” soyadını daşıyır:



“Nəsiminin məqbərəsinə girişin qadağan olunması ilk belə hal deyil. Daha əvvəl İŞİD Hələbi ələ keçirdikdən sonra Nəsiminin məzarını dağıtmışdı. Sonradan şairin məzarı yenidən bərpa edilmişdi. Nəsiminin soyundan gələnlər məzarın yenidən dağıdılacağından narahatdırlar. Suriyadakı radikal dindarlar Nəsimini “kafir” adlandırır, məqbərəsinin dağıdılmasını tələb edirlər. Ancaq maraqlıdır ki, Əsəd rejimi dövründə Nəsiminin məqbərəsi dövlətin mühafizəsi altında olub”.
Ekspertin fikrincə, azərbaycanlı şairin məzarı öz vətəninə gətirilməlidir:

“Çox istərdim ki, Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilsin. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə addım atmalı, Türkiyə vasitəsilə Suriya hökumətini bu barədə xəbərdar etməlidir. Nəsimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Onun məzarı da irsi kimi Azərbaycan dövlətinin himayəsində olmalıdır. Şairin məzarının Azərbaycana gətirilməsi və qorunması təmin edilməlidir”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
17
demokrat.az

1Mənbələr