AZ

TƏBİB-in təşkilatçılığı ilə “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”  keçirilib

TƏBİB-in

Azərbaycanda yeni səhiyyə erasına həsr edilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” adlı tədbir baş tutub.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, zirvənin tədbirlər proqramı çərçivəsində açılış nitqi ilə çıxış edən TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev bildirib ki, səhiyyə idarəçilərinin rolu və öhdəliklərini müzakirə etmək üçün tədbir əhəmiyyətli platformalardan biridir. M.Mirzəyev panel müzakirələri barədə məlumat verib və tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra panel müzakirələrinə start verilib.

“Dayanıqlı səhiyyə idarəetməsi” adlanan panel müzakirələrinin I sessiyası Yeni Klinikanın iqtisadi işlər üzrə direktor müavini Ravil Tağıyevin moderatorluğu ilə baş tutub.

Sessiyada TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Qarabağ Universitetinin Tibb proqramlarının direktoru Samir Babayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə, “Rəqəmsal Tibbi Həllər” MMC-nin direktoru Ramil Mehdiyev, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov, Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov, Yeni Klinikanın direktoru Barat Yusubov idarəetmədə beynəlxalq təcrübə, dövlət və özəl tibb müəssisələrinin idarə edilməsindəki əsas konturlar, təhsil sistemində yeni hədəflər, səhiyyə idarəçiliyində müasir texnologiya və tendensiyaların tətbiqi ətrafında fikir mübadiləsi aparılıb.

Panel müzakirələrinin II sessiyası TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmlinin moderatorluğu ilə baş tutub.

Sessiyanın natiqləri TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev səhiyyə idarəedilməsində keyfiyyətə nəzarət, hüquqi-normativ bazanın təkmilləşdirilməsi, xidmət çeşidlərinin və pasiyent məmnunluğunun, həkim və pasiyent hüquqlarının artırılması üçün zəruri tədbirlərdən danışıblar.

Tədbirin rəsmi hissəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov,  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov və digər dövlət, hökumət rəsmiləri, eləcə də tibb müəssisələrinin rəhbər heyətləri iştirak ediblər.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev səhiyyə idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsinin vacibliyindən danışıb:

“Artıq dörd ildir ki icbari tibbi sığorta ölkəmizdə tətbiq olunur. Bu müddət ərzində səhiyyə sahəsində önəmli dəyişiklər baş verib. Azərbaycanda həm dövlət, həm də özəl tibb müəssisələri icbari tibbi sığortanın tətbiqində iştirak edir. Tibbi xidmətlərin vətəndaşlar üçün əlçatan olmasında tibb müəssisələrinin rolu danılmazdır. Bu baxımdan xəstəxana rəhbərlərinin bir araya gəlməsi tibb müəssisələrində innovativ həllərin tətbiqi, rəqabətə davamlılığının artırılması və digər aktual məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Səhiyyə idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar əhalinin sağlamlığının qorunmasına və bütövlükdə səhiyyənin inkişafına xidmət edir”.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında bildirib ki, TƏBİB Azərbaycanın önəmli səhiyyə qurumlarından biri kimi tibb sahəsindəki müasir tendensiyaları yaxından izləyir:

“Bu gün TƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, resursların effektiv idarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması, innovativ yeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərlə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamanda günümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində də işlər uğurla davam etdirilir.

Tibb müəssisələrimizdə pasiyentlər arasında sıxlığın minimuma endirilməsi üçün canlı və onlayn növbə sistemləri təşkil olunub. İlk olaraq pilot layihə kimi bu sistem Yeni Klinikada tətbiq olunub və daha 5 tibb müəssisəsində hazırlıq prosesi davam edir. Məlumat üçün bildirim ki, ümumilikdə 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə edib”.

Çıxış edən Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov isə bildirib ki, səhiyyə sahəsində ən mühüm addımlardan biri də məhz ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiq edilməsidir: 

“Bu sistemin tətbiqi öz növbəsində iki önəmli nəticəyə gəlməyə əsas verdi. Birinci nəticə odur ki, səhiyyənin maliyyələşməsi artdı. Bu? tibb sahəsində daha çox iş görməyə imkan yaratdı. İkinci nəticə isə odur ki, vətəndaşların xərcləri azaldı ki, bu, çox vacib amildir”.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında bildirib ki, Agentlik Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti dövlət qurumları ilə birlikdə sağlamlıq turizminin inkişafı ilə bağlı strategiya sənədi üzərində işlər aparmaqdadır: 

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində də tibbi turizmin inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Dövlət Turizm Agentliyi tərəfindən sağlamlıq turizmi resurslarının qiymətləndirilməsi aparılıb və hesabat sənədi hazırlanıb”.

Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışı zamanı qeyd edib ki, gələcəkdə süni intellekt vasitəsilə tibbi xidmətlərin göstərilməsi inkişaf etdiriləcək:

“Bu istiqamətdə çalışan səhiyyə işçilərini formalaşdırmaq lazımdır. Bu da təbii ki, təhsil sistemi ilə əlaqəlidir. Təhsil sistemində də bu, daima düşünülür və gələcək inkişafı proqnozlaşdırılır. Təhsil sisteminin qarşısında duran əsas məsələ odur ki, biz bu gün elə məzunlar yetişdirməliyik ki, onlar hələ biz bilmədiyimiz vəzifələri yerinə yetirmək istiqamətində səriştəli olsunlar”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Soltan Məmmədov isə bildirib ki, səhiyyədə dayanıqlı inkişafın təmin edilməsi, rəqəmsallaşma və innovasiyaların tətbiqi yalnız tibbi xidmətlərin keyfiyyətini dəyişən amillər deyil, eyni zamanda sosial rifaha, iqtisadi inkişafa mühüm töhfələr verən yeni yanaşmaları ehtiva edir:

“Əldə olunan nəticələr, aparılan müşahidə və təhlillər göstərir ki, ötən dövrdə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi ilə bağlı çox iş görülüb. İcbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfinin genişləndirilməsi, ən yeni avadanlıqlarla təchiz olunan müasir tibb müəssisələrinin qurulması, tibbi xidmət prosedurlarının şəffaflaşdırılması, eləcə də digər istiqamətlərdə atılan addımlar qısa vaxt ərzində uzun bir yolun qət edildiyini söyləməyə əsas verir”.

Daha sonra “Yeniliklər zamanıdır” konsept mesajı ilə təşkil olunan tədbir panel müzakirəsi ilə davam etdirilib.

“Səhiyyədə yeni imkanlar panelində” Azərbaycanda sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri, səhiyyədə kadr potensialının gücləndirilməsi, səhiyyədə dayanıqlı inkişafın iqtisadiyyata təsiri, iqlim dəyişikliyinin sağlamlığa təsiri və COP29 sonrası yeni fürsətlər müzakirə olunub.

Panel müzakirəsi TƏBİB-in Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri Ziya Məmmədzadənin moderatorluğu ilə baş tutub. Məruzəçi qismində isə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, Millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov çıxış edib.

Qeyd edək ki, tədbirdə iki panel, üç sessiya üzərindən dayanıqlı səhiyyə idarəedilməsi və səhiyyədə yeni imkanlar müzakirə edilib.

Xatırladaq ki, tədbirin əsas məqsədi ölkəmizdə səhiyyə sistemi və xidmətlərinin effektiv təşkil edilməsi, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və effektiv istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdan ibarət olub.

E-saglam.az

Seçilən
25
4
e-saglam.az

5Mənbələr