AZ

SÖZÜN İŞIĞI İNSANLARI İSİDİR

Elə söz var ki, onu deməsən və başqasına  söyləməsən adamın az qala ürəyi partlayar. Və bir də  sözün işığı, nuru insanın qəlbinə əbədi bir rahatlıq gətirir. O söz ki biz onu həm insanların arasında, həm cəmiyyətdə, həm də kütləvi  informasiya vasitələrində  çox sakitliklə və ürəyiaçıqlıqla səsləndirə bilirik. 

Heç kimə sirr deyil ki, uzun müddət  bizim də yaşadığımız SSRİ-də söz, mətbuat, fikir və düşüncə azadlığı  olmayıb. Kimsə həqiqəti, haqqı deyəndə ona bir  damğa vurublar ki, sən Şura hökumətinin düşmənisən. Elə Mikayıl Müşfiqi, Hüseyn Cavidi, Əhməd Cavadı bu sözə görə güllələyiblər. Çünki onlar haqqı, ədaləti xalqa çatdırırdılar və bu da mövcud hakimiyyətə  heç cürə  sərf eləmirdi. Yəni  ötən əsrin  37-ci illərinin pıçıltısı indi də  insanların  qulağına  çatanda çox adam diksinir. Çünki  37-də xalqımızın çox böyük  şairləri, yazıçıları, ictimai  xadimləri azad sözü ifadə etdiklərinə görə onun qurbanı olublar. Hətta onların ailələrini belə rahat yaşamağa  belə qoymayıblar. Həftə səkkiz, mən doqquz evlərə hücum  çəkiblər, o insanları  səksəkə içində yaşadıblar. 

Təbii ki, belə bir mövcud hakimiyyətin  ömrü  çox uzun olmamalı idi. Yəni 70 ildən sonra  SSRİ dağıldı və onun tərkibindəki  respublikalar müstəqillik yolu seçdi. Elə bu müstəqillik yoluna qədəm qoymaq da o qədər asan deyildi. 1988-ci ildən Azərbaycanda başlayan azadlıq hərəkatının qarşısını almaq üçün imperiya bütün vasitələrdən və təzyiqlərdən istifadə edirdi. «Azadlıq» meydanındakı  siyasi xadimləri, şairləri, yazıçıları çıxışlarına görə «keqebe»yə aparır, orda sorğu-sual etdikdən sonra  evlərinə  buraxırdılar. Və tapşırırdılar ki, əgər SSRİ-nin əleyhinə sərt sözlər işlətsəniz daha ağır cəzalara  məruz qalacaqsınız.

Bütün bunlar  artıq tarixə çevrilib. Azərbaycan 1990-cı illərin əvvəllərində müstəqillik yoluna qədəm qoydu və bu yolda çox böyük çətinliklə və eyni zamanda bir çox problemlərlə üzləşməli oldu. Çünki yeni müstəqil dövlət dünyaya göz açan  körpəyə bənzəyirdi. O körpəni böyütmək, ona qayğı göstərmək və ona yeni nəfəs vermək elə də asan deyildi. Çünki müstəqil Azərbaycanın inkişafına mane  olan həm daxili, həm də xarici qüvvələr mövcud idi. Amma bütün bunların qarşısını almaq üçün Azərbaycanda yeni bir proses başlamışdı. Bu da demokratik yol, hüquqi dövlət quruculuğuna uzanan addımlar demək idi. Eyni zamanda  demokratik  ölkədə birmənalı olaraq söz, mətbuat, fikir plüralizmi və düşüncə azadlığına  münbit şərait  yaradılmalı idi.

Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın  müstəqillik yolunda inkişafına nail olmaq üçün çox böyük  ağır yükün altına  çiyin verdi. Ulu Öndər Heydər Əliyev  hakimiyyətə Azərbaycanın çox ağır vəziyyətində gəlmişdi. Bir yandan ölkəmizin 20 faiz ərazisi ermənilər tərəfindən işğal  olunmuş, digər tərəfdən isə ölkə iqtisadiyyatı çox bərbad günə  salınmışdı. Təbii ki, belə mürəkkəb durumda mövcud problemləri həll etmək elə də asan məsələ deyildi. Bir milyondan çox qaçqını  olan  insanlara  şərait yaratmaq, iqtisadiyyatı  inkişaf etdirmək və hərbi sahədə islahatlar aparmaq çox çətin və  məsuliyyətli bir iş idi. Bununla  paralel  olaraq ölkədə  demokratik  mühitin formalaşması, söz, mətbuat və fikir azadlığına münbit şərait yaradılması əsas prioritetlərdən biri idi. Ümummilli Lider Heydər Əliyev  çox yaxşı bilirdi ki, Azərbaycan demokratik  yolu  seçməsə Avropa  ölkələri və eləcə də inkişaf etmiş ölkələr bizimlə o qədər  də yaxın əlaqə qurmayacaqlar. Ona görə də ilk növbədə ölkəmizdə mövcud durum dəyişikliyə doğru getməli idi və getdi də!

İlk növbədə ölkəmizdə «qlavlit» adlandırılan  senzura ləğv oludu.  Bu senzuranın ləğv olunması ölkəmizdə mətbuatın, televiziyanın və eləcə də digər kütləvi  informasiya vasitələrinin sərbəst inkişafına yeni bir nəfəslik yaratdı. O nəfəslik ki mətbuatda o vaxta qədər yazılmayan yazılar, deyilməyən sözlər çap olunmağa başladı. Yəni  kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan  vətəndaşı  azad və sərbəst surətdə öz fikir və düşüncələrini həm cəmiyyətdə, həm də müxtəlif  ifnormasiya  vasitələrində sərbəst surətdə  ifadə elədi. 

Bununla yanaşı, insanların azad  toplaşması və müstəqil  surətdə  hərəkəti üçün lazımi şəraitin  bərpa olunması öz müsbət nəticəsini  verdi. Həmin dövrlərdə Azərbaycana  xarici ölkələrdən gələn  siyasətçilər, millət  vəkilləri və qeyri-hökumət  təşkilatının üzvləri Azərbaycandakı demokratik  mühiti, söz və mətbuat azadlığını  görür və bununla bağlı müxtəlif  mötəbər qurumlara  hesabatlar verirdilər. Düzdür, bəzən onların  arasında ədalətli olmayan  və ölkəmizə qərəzlə yanaşan siyasətçilər də vardı. Həmin  siyasətçilər bulanıq  suda balıq tutan adam kimi nəsə bir bəhanə axtarır, ölkəmizi nüfuzdan  salmaq üçün müxtəlif yollar  arayırdılar. Amma həqiqət  isə gün işığı  kimi bir şeydir, onun qarşısını  qara buludlar nə qədər istəsə də ala bilmir.

Ölkəmizdə çıxan çoxlu sayda ictimai  rəyə təsir edən qəzetlərin «Azərbaycan» nəşriyyatına  borcları vardı. Həmin borcların  olması üzündən  50-yə yaxın tanınmış qəzetin  nəşri hər an dayandırıla bilərdi. Amma  Ulu Öndər Heydər Əliyevin  tapşırığı ilə qəzetlərin  nəşriyyata  olan borcları ləğv edildi. Bu isə o demək idi ki, çətin durumda çoxlu sayda qəzetlərə yenidən ikinci nəfəs verildi. Təbii ki, bunu qəzetlərin təsisçiləri və baş redaktorları da çox yaxşı anladılar və bildilər ki, dövlətin  dəstəyi  olmadan oxucuların səbirsizliklə gözlədiyi müstəqil qəzetlər heç vaxt  işıq üzü görə bilməz. 

Azərbaycan Prezidenti  İlham Əliyev də ölkəmizdə söz, mətbuat və düşüncə azadlığına «yaşıl işıq» yandırıb. Azərbaycanda dünya və beynəlxalq səviyyəli möhtəşəm tədbirlərin  keçirilməsi  bunu deməyə əsas verir ki, ölkəmiz tutduğu demokratik yolla addımlayır və eyni zamanda məmləkətimizdə söz, mətbuat və düşüncə azadlığına  daha yaxşı şərait yaradılır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bütün dünyanın diqqətini tək iqtisadi inkişafı ilə deyil, həm də söz, mətbuat və fikir azadlığı ilə özünə cəlb edir. Və bundan  sonra da ölkəmiz bu yolla addımlayacaq.
 

phrase_var_article.chosen
31
adalet.az

1phrase_var_article.sources