AZ

Professor: Dünya bədii düşüncəsində Asiya ədəbiyyatı önə çıxır

Bakı, 20 dekabr, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə dekabrın 15-18-də “Asiya xalqları ədəbiyyatı; ənənələr və müasir tendensiyalar” adlı beynəlxalq elmi konfrans keçirildi. Konfrans və onun nəticələri ilə bağlı institutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli AZƏRTAC-a fikirlərini bölüşüb: “Təəssüratlar gözlədiyimizdən də yuxarıdır. Təsəvvür edin, ilk dəfə Asiya ədəbiyyatına həsr edilmiş elmi simpozium keçirilir və dünyanın müxtəlif yerlərindən gəlmiş alimlər müzakirəyə qoşulur. Biz bu konfransa ilin əvvəlindən hazırlaşırdıq. Olduqca mühüm, məhsuldar bir elmi toplantı oldu. Asiya ölkələrindən 20-dək məruzə dinlənildi. Ümumilikdə 50 məruzədə Asiya ədəbiyyatının müxtəlif problemləri, şəxsiyyətləri, ədəbi inkişaf təmayüllərinə nəzər salındı. Eləcə də müqayisəli ədəbiyyatşünaslıq kontekstində xeyli məruzələr var idi. Deyim ki, müqayisəli ədəbiyyatşünaslığa son illərdə böyük əhəmiyyət verilir. Biz də buna üstünlük verdik. İndiyədək aparılan araşdırmalarda Avropa və Amerika ədəbiyyatına daha çox üstünlük verilirdisə, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin açılmasından sonra Asiya ədəbiyyatı üstünlük təşkil etməyə başladı. Elə dünya bədii düşüncəsində də Asiya ədəbiyyatı önə çıxmaqdadır. Son illərdə Asiya ədəbiyyatının bir neçə nümayəndəsi Nobel mükafatı alıb. Artıq hind, yapon, Çin, Koreya ədəbiyyatının görkəmli nümayəndələri bu mükafata layiq görülüb.

Konfransda Çin, Yaponiya, Koreya, İndoneziya, hind, Pakistan, Vyetnam, qazax, türk, Azərbaycan, qırğız, özbək, malay ədəbiyyatından edilən məruzələrin böyük maraq doğurduğunu vurğulayan alim deyib: “AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşkilatçılığı ilə keçirilən konfransa dünyanın müxtəlif ölkələrindən görkəmli alimlər dəvət olunmuşdu. Asiya Elmlər Akademniyası və Cəmiyyətlər Assosiasiyasının prezidenti Əhməd Nuri Yurdisev, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti Nəcibə Arif, habelə Cənubi Koreyanın Seul Milli Universiteti, Vyetnam Hanoy Universiteti, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutu, Fərqanə Dövlət Universiteti, Qazaxıstanın Abay Milli Pedaqoji Universiteti, Hindistanın Camiə Milli Universiteti, Özbəkistan Milli Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu, Latviya Universitetinin Asiyaşünaslıq departamentindən alimlər və digər xarici qonaqlar məruzələr etdilər.

İlk dəfə olaraq belə bir mövzuda konfrans keçirildi. Ona görədə də bunu ənənəyə çevirərək Azərbaycanda üç ildən bir keçirilməsi qərara alındı. Artıq Özbəkistan, Pakistan, Türkiyə, Koreya, Hindistan kimi ölkələrin təmsilçiləri bu cür konfransların keçirilməsini məqsədəuyğun hesab ediblər. Qonaqlar Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Pakistan, Çin, Mehmet Akif Ərsoy mərkəzləri ilə tanış oldular və böyük təəssüratlarla ayrıldılar. Onların fikrində, bu cür elmi toplantıların tez-tez keçirilməsi Asiya ədəbiyyatının araşdırılmasına böyük töhfələr verəcək. Qeyd olundu ki, belə tədbirlər elmin inkişafı ilə yanaşı, xalqlar arasında elmi, mədəni, ədəbi, siyasi inteqrasiyanı da sürətləndirir və intensivləşdirir”.

phrase_var_article.chosen
20
1
azertag.az

2phrase_var_article.sources