Suriya, tarix boyunca Şərq və Qərb sivilizasiyalarını birləşdirən, Yaxın Şərqin mədəni və siyasi mərkəzlərindən biri olub. Ərəb dünyasının mədəniyyət mərkəzlərindən biri sayılan bu ölkə, əsrlərlə nəhəng imperiyaların göz dikdiyi strateji ərazi kimi tanınırdı.
Yaxın Şərq sivilizasiyaları ilə bərabər Yunan, Roma, Bizans və İslam dünyasının dərin izlər buraxdığı və Qədim İpək Yolu üzərində yerləşən Suriya, ticarət, elm və mədəniyyət mübadilələrinin mərkəzi idi.
Dünyanın ən qədim paytaxt şəhərlərindən biri olaraq bilinən Dəməşq yaxud Şam şəhəri, sadəcə Suriyanın deyil, bütün islam dünyasının da ən qədir və vacib şəhərlərindən biri hesab olunur.
Bu şəhər, yalnız tarixi və mədəni baxımdan deyil, həm də dini və geosiyasi səbəblərə görə İran üçün xüsusi əhəmiyyət daşıyır. İranın xarici siyasətində Şamın rolu, həm ideoloji məqsədlərlə, həm də strateji maraqlarla bağlıdır.
Kərbəla faciəsindən sonra İmam Hüseynin (ə.s.) ailə üzvləri, Əhli-Beyt, əsir alınaraq Şama gətirilməsi, şiəlikdə böyük mənəvi və simvolik əhəmiyyət daşıyır. Şam şəhəri, bu baxımdan şiələrin tarixində hüzn və müqavimətin simvolu kimi ön plana çıxır.
Şamın cənubunda yerləşən Zeynəbiyyə məscidi, İmam Əlinin (ə.s.) qızı və İmam Hüseynin bacısı olan Xanım Zeynəbin məzarını əhatə edir. Bu ziyarətgah, bütün dünyadan şiə zəvvarlarını cəlb edən müqəddəs məkanlardan biridir. İran, daima bu məkanı qorumaq və dini təsirini artırmaq üçün böyük səy göstərmişdir.
Suriya və İran arasındakı əlaqələr, ilk baxışda mədəni və məzhəbi fərqlərə görə gözlənilməz görünsə də, ortaq strateji maraqlar sayəsində uzunmüddətli və möhkəm bir tərəfdaşlığa çevrilmişdir. Bu əlaqənin təməli Hafiz Əsədin hakimiyyəti dövründə qoyulsa da, onun oğlu Bəşər Əsəd dövründə daha da genişlənmiş və güclənmişdi.
İranın Hafiz Əsəd və Bəşər Əsəd rejimlərinə dəstək verməsinin səbəbləri strateji və ideoloji müstəvidə qiymətləndirilə bilər.
- Hafiz Əsədin Hakimiyyəti Dövründə İran-Suriya Əlaqələri
Hafiz Əsəd 1970-ci ildə Suriyada hakimiyyətə gəldikdən sonra ölkəni dünyəvi bir Bəəs ideologiyasına əsaslanan avtoritar rejimlə idarə etməyə başladı. Lakin onun xarici siyasəti İranla yaxınlaşmaya şərait yaratdı:
- İran-İraq Müharibəsi (1980-1988): Hafiz Əsədin Suriyası, İraqla uzun illər davam edən düşmənçilik səbəbindən İranın yanında yer aldı. İran-İraq müharibəsində Suriya, İranı dəstəkləyən əsas ərəb ölkəsi oldu.
- Məzhəbi Fərqliliklərə Baxmayaraq Ortalıq: Hafiz Əsəd ələvilik məzhəbinə mənsub idi, İran isə şiə teokratik rejimi ilə tanınırdı. Məzhəbi fərqliliklərə baxmayaraq, hər iki ölkə İsrailə qarşı düşmənçilikdə və Qərbə qarşı müqavimətdə ortaq mövqedən çıxış edirdi. Hərçənd ki, Suriyanın ələvi rejimi ilə İranın şiə rejimi arasında məzhəbi fərqliliklər mövcudluğuna baxmayaraq, hər iki tərəf bu bağları ideoloji yaxınlıq kimi təqdim edirdi.
Suriya, İranın xarici siyasətinin əsas məqsədlərindən biri sayılan İslam inqilabı ideologiyasını yaymaq üçün ən əlverişli qonşulardan və müttəfiqlərdən biri idi.
- Livan Konteksti: İran və Suriya Livan üzərində təsir uğrunda əməkdaşlıq etdilər. Xüsusilə, İranın dəstəklədiyi Hizbullahın qurulmasında Suriya mühüm rol oynadı.
- Bəşər Əsədin Hakimiyyəti Dövründə İran-Suriya Əlaqələri
Bəşər Əsədin hakimiyyətə gəlməsi ilə bu əlaqələr daha da dərinləşdi:
- Vətəndaş Müharibəsi və İranın Dəstəyi: 2011-ci ildə başlayan vətəndaş müharibəsində İran, Bəşər Əsəd rejimini hərbi, maliyyə və siyasi baxımdan güclü şəkildə dəstəklədi. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onlara bağlı olan qüvvələr (məsələn, Livan Hizbullahı) Əsəd rejiminin ayaqda qalmasında mühüm rol oynadı.
- İsrailə Qarşı Mübarizə: Həm İran, həm də Suriya hakimiyyətlərinin, İsraili ortaq düşmən hesab etməsi, onların əməkdaşlığını gücləndirən əsas amillərdən biriydi. Suriya, İranın İsrailə qarşı strateji mövqelərini gücləndirən əsas müttəfiqiydi. Bu əlaqə, xüsusilə İranın Hizbullah vasitəsilə İsrailə qarşı mübarizəsində mühüm rol oynayırdı.
Həmçinin, İran, Suriyanı ABŞ-ın və onun bölgədəki müttəfiqlərinin təsirinə qarşı bir dayaq nöqtəsi kimi görürdü.
- Regional Təsir: İran, Suriya vasitəsilə Yaxın Şərqdə şiə hilalı adlanan bir təsir zolağı yaratmağa çalışırdı, hansı ki bu təsir zolağı, İranı İraqa, Suriyaya və Livana birləşdirirdi.
Yaxın Şərqdə gücünü artırmağa çalışan İran, Suriyanı öz təsir dairəsində saxlamaqla, bu ölkəni İranın Aralıq dənizinə çıxışını təmin edən və Livandakı Hizbullah üzərində təsirini gücləndirən bir körpü kimi istifadə edirdi.
XX əsrin əvvəllərində Osmanlı imperiyasından qoparılan Suriya, dövlət kimi formalaşmağa cəhd etsə də, hərbi çevrilişlərlə uzun müddət qeyri-stabil ölkələrdən biri oldu, Hafiz Əsədir qurduğu avtoritar rejim ölkəyə müəyyən qədər sabitlik gətirsə də, 2011-ci ildə Ərəb Baharının təsirləri Suriyaya çatmasıyla hökumətə qarşı başlayan dinc etirazlar zamanla vətəndaş müharibəsinə döndü. Bu münaqişə, ölkəni müxtəlif silahlı qruplar, regional qüvvələr və beynəlxalq aktorlar üçün bir mübarizə meydanına çevirdi.
Vətəndaş müharibəsi, Suriyanın həm fiziki, həm də sosial toxumasını dağıtdı. Şəhərlər, tarixi abidələr və məscidlər yerlə yeksan edildi. BMT-nin məlumatlarına görə, milyonlarla insan qaçqın vəziyyətinə düşərək qonşu ölkələrə və ya Avropaya sığındı.
Bu müharibə, Suriyada sadəcə dağıntılara deyil, həm də insan həyatlarında dərin yaralara yol açdı və müharibə acısı və travmasıyla yetişən bir nəsli ortaya çıxardı.
Təhsil və səhiyyə sistemləri iflic olmuş bir ölkənin aydın gələcəyini çətinləşdirir, öz tarixinin bəlkə də ən qaranlıq dövrünü yaşayan Suriya, beynəlxalq güclərin maraqlarının toqquşduğu bir arenaya çevrildi.
ABŞ, Rusiya, Türkiyə, İran və digər güclərin iştirak etdiyi bu münaqişədə Suriya xalqının tələbləri və ehtiyacları çox vaxt nəzərə alınmadı və xarici qüvvələrin müdaxiləsi ölkədə vəziyyəti daha da mürəkkəbləşdirdi və münaqişənin həllini uzatdı.
İran və Rusiya dəstəkli Əsəd hakimiyyətinin devrilməsi, Suriyada yenidən sülhün bərqərar olacağına, qaçqınların və məcburi köçkünlərin evlərinə qayıdacağına inam yaratsa da, hələ toz-duman səngiməyib, bunun üçün isə həm daxili həmrəylik, həm də beynəlxalq ictimaiyyətin ədalətli və davamlı həll üçün əməkdaşlığı vacibdir.
İndi, Suriyanın tarixindəki mədəniyyət işığını yenidən alovlandırmaq, başqalarının şamına ehtiyac olmadan yeni Suriya qurmaq, əsas məqsədlərdən olmalıdır.
Əks halda, qonşu şamına ümid olanlar, qaranlıqda qalmağa məhkum olacaqlar.