AZ

Beynəlxalq ekspedisiya BALAKƏNDƏ - 16 əsr əvvəl inşa edilən Böyük Qafqaz səddinin SİRLİ TARİXİ - FOTO

Şotlandiyanın Edenburq və İngiltərənin Kembriç Universitetlərinin alimləri bir araya gələrək Balakən ərazisində qalıqları olan Böyük Qafqaz səddinin tədqiqində və inşa tarixinin öyrənilməsi istiqamətində araşdırmalar aparıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Tarix üzrə fəlsəfə doktoru, AMEA Şəki Regional Elmi Mərkəzin Böyük elmi işçisi Akif Məmmədli məlumat verib.  

Akif Məmmədli ekspedisiya üzvlərinin səylərinin nəticə verəcəyinə ümidlidir.

Çünki tədqiqatçı alim 30 il bu istiqamətdə çalşsa da, ilk dəfədir ki, beynəlxalq ekspedisiya tərəfindən ətraflı iş aparılır və gələcəkdə ərazidə arxeoloji tədqiqatların aparılmasına zəmin yaranır.   


Alimin sözlərinə görə sevindirici haldır ki, 30 ildən artıq araşdırdığı bölgə abidləri arasında xüsusi əhəmiyyəti olan Böyük Qafqaz səddi artıq Edenburq universiteti tərəfindən də araşdırılır. Hansı ki, bu, Azərbaycanda turizmin inkişafı, tariximizin öyrənilməsi üçün son dərəcə gözəl şərait yarada bilər.  

Beynəlxalq ekspedisiyanın layihə rəhbəri Eberhart Sauer isə bildirib ki, Azərbaycandan başlayan və Gürcüstanın içərilərinə kimi uzanan bu səddin araşdırlması onun gələcək tarixinə aydınlıq gətirə bilər.

Qeyd edək ki, ekspedisiya üzvləri bununla bağlı Gürcüstanda olub, daha sonra Azərbaycana gəliblər.


Layihə rəhbəri səddin qalıqlarına Balakəndə, Zaqatalanın Pərzivan, eləcə də Qaxın Güllük kəndi ərazisində rast gəlindiyini bildirir.    

“Biz buradan nümunələr götürürük  ki, səddin inşa edilmə yaşını təyin edə bilək. Bu bizə gələcəkdə daha böyük layihə əldə eləmək imkanı yaradacaq. Gələcəkdə bu divarların yanında qazıntılar aparmaq, həmçinin dağlardakı qalaların ərazisində də arxeoloji qazıntılar aparmaq haqda planlarımız var. Məsələn, biz dünən Pəri qalasına getdik, ilkin müşahidə apardıq və baxış keçirdik.

Çox güman ki, onun yaşı V-VI əsrlərdən başlayır və XII-XIII əsrə kimi davam edir. Ola bilsin oradan kiçik bir qazıntı sahəsi ilə işlərə başlayaq”- deyən  layihə rəhbəri sözlərinə onu da əlavə edib ki, gələcəkdə bu məkanlarda aparılacaq arxeoloji qazıntılarla biz Albaniyanın və qonşu İberiyanın şimal sərhədlərinin keçmişdə necə təşkil olunduğunu anlaya biləcəyik. 


Xatırladaq ki, Böyük Qafqaz səddinin inşasına V əsrin sonlarından başlanılıb. Sədd Şəki yaxınlığından başlayır və müasir Gürcüstanın içərilərinə doğru uzanır.


Tarixi mənbələrdə Səddin ümumi uzunluğunun 120 km olduğu bildirilir. Onun qalıqlarının bir hissəsi Balakənin Katex, cüzi hissəsi isə Zaqatalanın Pərzivan ərazisində müşahidə olunur. 

İlkin tədqiqat və müşahidələr səddin uzunluğundan, eləcə də onun ciddi tədqiqata ehtiyacı olduğundan xəbər verir. 












Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
22
bizim.media

1Mənbələr