AZ

Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi: MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! SENSASİON TƏFƏRRÜAT

İspaniyaya bağlı Balear Adaları Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunda Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladlarına qarşı cinayət işi davam edir. Sabiq nazirin oğlu Anar, qızları Xuraman və Nərgiz çirkli pulların yuyulmasında ittiham olunurlar. 2 il əvvəl başlanan cinayət işi çərçivəsində müəyyən olunub ki, Mahmudovun övladlarına bağlı şirkətlərin hesablarına mənbəyi şübhəli 100 milyon avrodan çox vəsaitin daxil olub və bu vəsaitlər Belear adalarında daşınmaz əmlak alınmasına sərf olunub. İstintaq Belear adalarında və İspaniyada bu yolla alınan 60-a yaxın əmlakı üzə çıxarıb.

Bu ilin sentyabrında İspaniyanın “Diario de Mallorca” nəşrinin məlumatına görə, Mahmudovun övladlarının hesablarına köçürülən 29 milyon avro birbaşa Azərbaycanın dövlət vəsaiti olduğunu yazımışdı.

Anar Mahmudov və onun bacıları Azərbaycanda korrupsiya və rüşvətxorluq yolu ilə 50 milyon avrodan çox vəsaitin yuyulmasında, bu vəsaitdən Belear adalarından ən böyüyü olan Mayorka adasında dəbdəbəli daşınmaz əmlak almaqda ittiham olunurlar. Cinayət işi başlanan gündən Eldar Mahmudovun övladları İspaniyaya getməkdən yayınırlar. Onlar istintaqa videokonfrans vasitəsilə ifadə verərək ittihamları rədd ediblər. Prokurorluq pulların yuyulması üçün çoxsaylı saxta şirkətlərin istifadə edildiyini müəyyən edib. İş materiallarına görə, Mayorkadakı əmlak tarixi Kalviya şəhərində qeydiyyatdan keçmiş 2 ispan şirkəti vasitəsilə alınıb. Mahmudovun övladları Azərbaycandan oğurlanmış vəsaitlərdən istifadə edərək Valdemossada 23, Kalviyada 22 və Palmada 15 mülk alıblar. O cümlədən Peguera kurort şəhərində 9 milyon avroya əmlak əldə ediblər.

Eldar Mahmudovun övladlarının daşınmaz əmlak alması üçün vəsaitin bir hissəsi Seyşel adalarında Sinalco İnvestments Limited ofşor şirkətində qeydiyyatdan keçmiş Latviya bankının bank hesabı vasitəsilə İspaniyaya köçürülüb. Bu hesabdan Anar Mahmudovun Palmada 27A Rue Alexandre Rossello ünvanında 4,5 milyon avroya 2 mənzil alması üçün kifayət qədər vəsait köçürülüb. Sahəsi 206 kvadratmetr olan mənzillər onun bacısı Xuraman Mahmudovanın adına rəsmiləşdirilib. Balear adalarında yerləşən Plaza del Comtat del Rossello dəbdəbəli yaşayış kompleksində 101 kvadratmetr sahəsi olan daha bir mənzil təxminən 445 min avroya alınıb. Anar Mahmudov Palmada Aleksandr Rossello küçəsində 4,5 milyon avroya 2 mənzil alıb. Bundan əlavə, Eldar Mahmudovun digər qızı Nigar Mahmudovanın adına Mayorkadakı Casayasas kompleksində 4,1 milyon avro dəyərində daşınmaz əmlak alınıb, onun alınması üçün vəsaitin bir hissəsi Sinalco Investments-in bank hesabından da köçürülüb. İstintaq müəyyən etmişdi ki, hələ 2014-cü ilin aprelində Eldar Mahmudov nazir olarkən onun övladlarının adına Malyorkanın Kalviya şəhərində ümumi dəyəri 1 milyon avro olan 6 mülk alınıb. Ödənişlər Anar Mahmudovun Latviyadakı şəxsi bank hesabından dörd tranşla həyata keçirilib. Diario de Mallorca-nın məlumatına görə, Eldar Mahmudovun övladları Londonda yaşasalar da, onlar tez-tez Kalviya sahillərinə, İspaniyanın Santa Ponsa, Puerto və Port Adriano kurort zonalarına səfər ediblər. Lakin korrupsiyaya qarşı mübarizə prokurorluğu onlara qarşı cinayət işi başlandıqdan sonra bu səfərlər dayanıb. Palma Şəhər Məhkəməsinin hakimi Eldar Mahmudovun övladlarını istintaq materialları ilə bağlı videokonfrans vasitəsilə dindirib və onlar bütün ittihamları rədd ediblər. Qeyd edək ki, hələ 2020-ci ildə araşdırmaçı jurnalistlər Eldar Mahmudovun övladlarına məxsus, Böyük Britaniya və İspaniya da daxil olmaqla, bir sıra Avropa ölkələrini əhatə edən nəhəng biznes imperiyası, həmçinin dəyəri yüz milyonlarla dollar dəyərində olan çoxsaylı daşınmaz əmlakla bağlı faktları açıqlamışdı. İngiltərənin The Guardian nəşri daha sonra məqalə dərc edib ki, 2019-cu ilin noyabrında Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM) şirkətinin müştəri məlumat bazası fayllarının sındırılması nəticəsində sonradan internetdə dərc olunub. Eldar Mahmudovun övladlarının bir sıra dəbdəbəli mülklər, o cümlədən Harrodsun yanındakı 17 milyon funt sterlinq dəyərində ev aldığını bildirib. Xakerlər tərəfindən ələ keçirilmiş bank sənədlərinə görə Eldar Mahmudovun ailəsinin təxminən 100 milyon avro dəyərində daşınmaz əmlak biznes imperiyası yaratdığına dair məlumatlar üzə çıxıb. Onun aktivlərinin demək olar ki, hamısı Mahmudovun oğlu Anar, eləcə də qızı Nərgizlə əlaqəli şirkətlər vasitəsilə alınıb. Bir neçə təşkilatın jurnalistləri tərəfindən aparılan birgə araşdırma göstərdi ki, Eldar Mahmudovun övladlarının “əlaqəli şirkətlər” vasitəsilə əldə etdikləri əmlaklar arasında Böyük Britaniyanın sahilyanı kurort şəhərlərindən Puul və Bornmutda ümumi dəyəri 13,5 milyon funt-sterlinq olan iki ofis binası da var. İstintaq həmçinin müəyyən edib ki, Anar Mahmudov Londonun nüfuzlu Naytsbric bölgəsindəki Pont küçəsində 17,35 milyon funt sterlinq dəyərində 4 mərtəbəli binaya sahibdir.

Jurnalistlərin apardığı araşdırma nəticəsində məlum olub ki, Anar Mahmudov ilk dəfə 22 yaşında İspaniyada 2016-cı ilin may ayında Mjorca Capas Group İnvestment şirkətinin sahibi olub. Bu şirkət milli təhlükəsizlik nazirinin oğlunun İspaniya sahillərində qurduğu bir neçə şirkətdən birincisi idi. Sonrakı 9 il ərzində Anar Mahmudov şəxsən və şirkətləri vasitəsilə Mayorka kurort adasında çoxsaylı daşınmaz əmlak əldə edib. Bunlar torpaq sahələri, dəbdəbəli mənzillər, ofis binaları, avtomobil dayanacaqları və anbarlar, mağazalar və otellərdir. Və 2014-cü ilin sonunda o, bütün ispan aktivlərini Macent Invest şirkətinin himayəsi altında topladı. Həmin ilin oktyabrında şirkət Palma-de-Malyorkada yaşayış binasının birinci mərtəbəsində dörd mağaza alıb. Nədənsə bu ticarət obyektləri heç vaxt işləməyib və bu günə kimi bağlı qalıb. İspaniyanın daşınmaz əmlak reyestri Anar Mahmudovun bu ölkədəki mülklərinin bazar dəyərini açıqlamasa da, Macent İnvest Group-un son maliyyə hesabatında onun aktivlərinin dəyərinin 33 milyon avronu keçdiyi göstərilir. Jurnalistlər həmçinin müəyyən ediblər ki, səhmlərinin 50 faizi Anar Mahmudovun Macent İnvest Group şirkətinə məxsus olan Dolunay SL şirkəti 15 milyon avroya 127 hektar torpaq sahəsi olan 15-ci əsrə aid fermanı satışa çıxarıb. Araşdırmaçı jurnalistlər müəyyən ediblər ki, Mahmudovun övladlarının biznes imperiyası və aktivləri Britaniya, İspaniya, Lüksemburq, Fransa, İsveçrə, Çexiya və Litvaya səpələnib. Mayorkaya böyük maliyyə sərmayələri qoyan yeganə Anar Mahmudov deyil. Onun bacısı Nərgiz mədəniyyət və memarlıq abidəsi kimi dövlət tərəfindən qorunan 2 binanın - Palma-de-Mayorkadakı Can Kasasayas və Pension Menorquina binasının sahibidir. Nərgiz Mahmudova onları 2013-cü ilin sentyabrında 4,1 milyon avroya alıb. Binalar memarlıq abidəsi olduğundan onların dəyəri satışına icazə verən sənəddə göstərilir. Araşdırmaçı jurnalistlər həmçinin müəyyən ediblər ki, Mahmudovun övladlarının biznes imperiyası və aktivləri Lüksemburq, Fransa, İsveçrə, Çexiya və Litvaya səpələnib. Yəqin ki, İspaniya prokurorluğu bu jurnalist araşdırmasında üzə çıxan faktlara əsaslanaraq, geciksə də, buna baxmayaraq, Eldar Mahmudovun ofşor zonalara yerləşdirdiyi milyardlarla avronun cüzi bir hissəsi ilə bağlı cinayət işi başlanıb.

Musavat.com

phrase_var_article.chosen
4
4
hurriyyet.az

10phrase_var_article.sources