PSJ-nin italyan əsas qapıçısı Canluici Donnarummanın agenti Entso Rayola qapıçının Paris klubundakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, Rayolanın bu barədə cavabını təqdiim edir:
“Donnarummanın PSJ-dəki gələcəyi? Biz düşüncələr içindəyik. Baxıb-görəcəyik, hər şey ola bilər. Biz indi yeni müqavilə ilə bağlı danışıqlarda gözləmə mövqyindəyik”, deyə Rayola müştərisinin adından vurğulayıb.
Xatırladaq ki, italyan qapıçı son vaxtar PSJ-nin ispan baş məşqçisi Luis Enrikenin komandanın qapıçıları arasında yaratdığı rəqabət mühitindən gileylidir. PSJ rusiyalı qapıçı Matvey Safonovu öz heyətinə qatdıqdan sonra, Luis Enrike oyunlara qapıçıları mütəmadi olaraq növbələşmə əsasında müəyyənləşdirir. Bu məqam Donnarummanı qane etmir.
Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 16 oyuna çıxıb, 15 qol buraxıb, 5 oyundan “quru” qurtulub.
Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 130 oyun, 128 buraxılmış qol və 44 “quru” oyundan ibarətdir.
Futbol uğurlarına gəlincə, Donnrumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024), Fransa Kubokunun (2023/2024), Fransa Super Kubokunun (2022/2023, 2023/2024) qalibi olub.
Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığmasının heyətində 70 oyun keçirib, 58 qol buraxıb, 29 oyunda qapısının toxunulmazlığını təmin edib.
Donnarumma “skuadra adzrra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 25 yaşlı italyan qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.