Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zahid müəllim, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında bəlli bir səviyyədə razılaşmalar var. Amma bunun fonunda Azərbaycana kənardan mümkün qədər daha çox təzyiq etmək istəyənlərin də sayı artır. Məqsəd nədir? Bununla rəsmi Bakıya hansı mesajı vermək istəyirlər?
- Sülh danışıqları ətrafında Azərbaycan ən yüksək diplomatik iradəsini ortaya qoyub. Bu, ilk növbədə Vətən Müharibəsinin parlaq nəticələrindən qaynaqlanır. Çünki əsgərin, zabitin, bütövlükdə Ordunun, Ali Baş Komandanın döyüş meydanlarında düşmənə vurduğu zərbələr, ərazi bütövlüyünün təmin olunması, ardınca suverenliyimizin bərqərar edilməsi faktiki Azərbaycanı yeni müstəqilliyinə qovuşdurdu. Bölgədə fərqli geosiyasi gerçəkliklər meydana gətirdi. Bu da təbii ki, regionu həmişə təsir altında saxlayan dairələri nəinki qane etmir, onlar revanş götürmək üçün erməni alətindən yenə də istifadə edirlər. Ancaq sülh danışıqları prosesində də faktiki olaraq yaşadıqlarımız, hərbi meydanda və ya işğal dövründəki situasiyalarda tətbiq edilən siyasi təzyiq alətlərinin, iqtisadi təxribatların, Azərbaycanı informasiya məkanında ləkələməyin, demonlaşdırmağın, onun kəskin notlarla qlobal çapda obrazının yaradılmasının hamısının mənası bir mətləbdə tamamlanır. Ki, dövlətimiz sülh danışıqlarında hərbi qələbələrini tam ifadə edə bilməsin.
- Belə çıxır ki, diplomatik müstəvidə Azərbaycanın hərbi qələbəsini heçə endirmək kimi “planlar” var?..
- Tarixdə çox olub ki, ordu savaşı qazanıb, ancaq diplomatlar sonra onu masada itirib. Belə nümunələr hədsiz çoxdur. Azərbaycanın timsalında isə dövlətçiliyimizin durumundan asılı olaraq fərqli formasiyalarda, yaşadığımız dövrlərdə həmişə taleyimiz o diplomatik masalarda başqa qüvvələr tərəfindən həll olunub. Yəni öz varlığımızın, iradəmizin təmsilçisi olmaq imkanı belə verilməyib. İndi kimsə Kürəkçay (Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi barədə müqavilə), Türkəmançay (Qacarlar sülaləsi ilə Rusiya imperiyası arasında imzalanan və İkinci Rusiya-İran müharibəsini bitirən müqavilə) və yaxud Gülüstan (Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan və Birinci Rusiya-İran müharibəsini bitirən müqavilə) müqaviləsində fərqli adları deyə bilər. Amma o yenə də bütövlükdə Azərbaycan kimiliyini tam ifadə etmir.
- Ermənistanın II Qarabağ müharibəsindən sonrakı dövrdə davamlı olaraq silahlandırılmasında, hərbi balansı bərpa etməkdə məqsəd nədir?
- Prezident İlham Əliyevin diplomatik müharibəsinin də, sülh savaşının da başlıca məramı aydındır. Tarixdə ilk dəfə elə bir müqaviləni biz qazanaq ki, o, qətiyyən gələcək dövrdə təftiş edilməsin, mübahisələndirilməsin, onu geriyə döndərmək mümkün olmasın. Hərbi meydanda olanlar isə ayrıdır. Kimsə gərgin situasiyalardan irəli gələrək bəzən deyir ki, Ermənistanın sürətlə silahlanma durumu yaxın iki-üç ildə yenidən lokal da olsa Azərbaycanla toqquşma perspektivləri əmələ gətirə bilər. Əsla bu, qəbul edilən yanaşma deyil. Ermənistanın neft, ardınca insan resursu olsaydı və 20 ilə yaxın da sistemli siyasət aparsaydılar, yalnız ondan sonra bəlkə hərbi-siyasi balans bərpa olunardı. Ondan sonra savaş reallığı, Azərbaycanla Ermənistan arasında üçüncü müharibənin perspektivi meydana çıxa bilərdi. İndiki halda Hindistan, Fransa, Avropa “sülh fondu” və sair qüvvələr tərəfindən Ermənistana edilən yardımlar Azərbaycanla savaşa çatacaq bir güc meydana gətirmir.
- Azərbaycanın sülh təklifləri masada olduğu halda erməni tərəfi hələ də prosesə başlıca əngəl olan meyarları aradan qaldırmaqda maraqlı deyil...
- Artıq Azərbaycan tərəfindən Ermənistana təqdim edilən 11-ci sülh redaktəsinin özü sübut edir ki, həqiqətən də biz əsrin müqaviləsini qazanmaq istəyirik. O müqavilə əslində heç də Nikol Paşinyanla bağlanmır. Ermənistan dövləti ilə bu razılaşma əldə olunur. Yəni siyasi iqtidarlardan asılı olan qərarlar sonralar dəyişdirilə bilir. Ermənistan hökuməti və onun rəhbərliyi əslində müsbət sayılacaq xeyli bir yolu da qət ediblər. Bu da ondan ibarətdir ki, onlar konstitusiyada, onun preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən müddəaları zərərsizləşdirmək üçün hətta konstitusiya məhkəməsi vasitəsi ilə qərar da çıxartdırıblar. Paşinyan dəfələrlə bu məsələnin şərhini verməyə çalışıb ki, bu, tətbiq qüvvəsinə malik deyil. Çünki onun əsas hissəsini özündə ifadə eləmir və s. Amma məlumdur ki, konstitusiyanın hər bir sətri bütün digər qanunlardan üstün hüquqi qüvvəyə malikdir.
- Sizcə, Azərbaycan hansı əsasla kövrək razılaşmaya gedə bilər?
- Reallıq da məhz bundan ibarətdir. Əgər belə deyilsə, həmin konstitusion müddəalar sonrakı illərdə dəfələrlə tətbiqdə olub. Yəni vaxtilə keçmiş hərbi cani Robert Köçəryan Azərbaycan vətəndaşı olduğu halda gedib Ermənistanda prezidentliyə namizədliyini irəli sürəndə elə həmin konstitusion “müddəalar”a istinad ediblər. Çünki orda qeyd edilib ki, gələcəkdə hər hansı bir Ermənistan rəhbəri Qarabağı ikinci, üçüncü tərəflərə verə bilməz. Ermənistanın üzərində bu səlahiyyətlər daşınırsa, ixtiyarı var ki, onu vətəndaş kimi də qəbul etsin. Elə məsələnin də məğzi bundan ibarətdir. Yəni istinadlar olub, sonradan hüquqi müddəalar özünün tətbiqini tapıb. Sadəcə o nominal, statik müddəa xarakterində olmayıb. Azərbaycan üçün ən önəmli məsələ sülh müqaviləsində Ermənistana növbəti savaşlar və iddialar üçün hər hansı bir şans verməməkdir. Sözsüz ki, bu da təmin olanacaq.