AZ

“Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev

“İnsanlarımız bəzən gecə qazı söndürməyi unudurlar, yaxud da soyuqdur deyə söndürmürlər. Ona görə də belə faciələr baş verir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü Razi Nurullayev son vaxtlar aktuallaşan dəm qazından zəhərlənmə və ölüm halları ilə bağlı məsələdən danışarkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

18 gündə 11 ÖLÜM – Dəm qazından vaxtsız ölümlərin günahkarı kimdir?


Deputat vətəndaşların öz təhlükəsizliyinin qeydinə qalmadığı qənaətindədir:

“Mən soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmaram. Çünki nə bilmək olar, bəlkə gecə mən yatdığım zaman qaz sönəcək? Hətta təhlükəsizlik qaydalarına cavab verən cihaz olsa belə, ehtiyatlı olmaq lazımdır. Bəlkə o məqamda cihaz işləmədi, sıradan çıxdı. O baxımdan vətəndaş da gərək öz təhlükəsizliyini düşünsün.

Bizim vətəndaşlar öz təhlükəsizliyini birinici yerə qoymurlar. Dövlət orqanları da hərdən-birdən buna barmaqarası baxır. Eyni xalqın nümayəndələriyik. Bəlkə də bu, bizim ənənələrimizdən irəli gəlir. Bildiyim odur ki, insanlarımız qış hazırlığına havalar soyuyandan sonra başlayırlar. Soyuqlar düşəcək deyə kənara bir az pul qoyub daha keyfiyyətli istilik sobası almağı düşünmürlər. Ucuz sobalar alırlar. O sobaların da qaz kəsiləndə özünü avtomatik bloklamaq funksiyaları olmur. Təhlükəsizlik baxımından keyfiyyəti də çox aşağıdır”.

Razi Nurullayev hesab edir ki, dəm qazından zəhərlənmələrin artmasına səbəb sobaların keyfiyyətsiziyi və onların təhlükəsizlik qaydalarına cavab verməməsidir:

“Bu məsələ də araşdırılmalıdır ki, o insanlar hansı səbəbdən boğulublar. Bu, sobanın keyfiyyətsiz olmasındanmı baş verib, yoxsa vətəndaşın təhlükəsizlik qaydasına əməl etməməsindən? Yaxud vətəndaşlara xəbər edilmədənmi qaz kəsilib? Bütün bunlar aydınlaşdırılmalıdır və bununla bağlı cəmiyyətə mesajlar verilməlidir”.

Qazın keyfiyyəti olub-olmamasına gəlincə, deputat bununla bağlı fikir bildirməkdə çətinlik çəkib:

“Bir söz deyə bilmərəm, çünki bu sahədə məlumatsızam. Mən də bu haqda fikirləri mediadan oxuyuram. Qazla təmin edən orqan isə deyir ki, bununla bağlı problem yoxdur. Mənim bunu yoxlamaq imkanlarım olmadığına görə, fikir bildirə bilmərəm. İstənilən halda aidiyyatı dövlət qurumları bununla bağlı həyəcan təbili çalmalı, lazımi tədbirlər görməlidir. Eləcə də “Azəriqaz” tərəfindən sosial şəbəkələrdə, televiziyada təhlükəsizlik tədbirləri ilə bağlı davamlı olaraq maarifləndirici videoroliklər nümayiş olunmalıdır".

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
12
1
bizim.media

2Mənbələr