AZ

D-8 Azərbaycana üçün yeni imkanlar açır - Aydın Mirzəzadə

Yazını böyüt
Yazını kiçilt

“Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT)XI Sammiti zamanı Azərbaycanın yekdilliklə təşkilata üzv seçilməsi mühüm hadisədir. Bu təşkilata üzvlük ölkəmizə, regiona və təşkilata üzv olan digər ölkələrlə yeni dialoq mühiti və qarşılıqlı əlaqələrin yeni mərhələdə inkişafına təkan verəcək”.

 Bunu hafta.az-a deputat Aydın Mirzəzadə bildirib. Deputat İƏT-nın yaranma tarixinə diqqət çəkib. O, qeyd edib ki, “İslam Səkkizliyi” adlanan bu təşkilatın təməli 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri “2020-2030 illər yol xəritəsi” sənədində əks olunub.

A.Mirzəzadə qeyd edib ki, D-8-in yaradılmasında məqsəd islam ölkələrinin iqtisadiyyatını bir-birinə yaxınlaşdırmaqdır. O, burada dini faktorun əsas olmadığını önə çəkib.  Deputat hesab edir ki, 8 dövlətin eyni mədəniyyətə, eyni kökə malik olması istər-istəməz birgə fəaliyyət formasına kömək edir.

“Bu iqtisadi təşkilat son dövrlərdə ikinci həyatını yaşamağa başlayıb. Dünyanın 8 tanınan ölkəsi üçün müxtəif bölgələrdə bir platformada birləşib birgə mövqe nümayiş etdirmək, iqtisadi layihələrdə çalışmaq, ikitərəfli münasibətləri möhkəmləndirmək prioritet sayılır. Eyni zamanda bir təşkilatda təmsil olunmaq istər-istəməz həmin ölkələrin bir-birini yaxşı tanımasına imkan yaradacaq. Bu ölkələr bir-birinə təkcə iqtisadi platformada deyil, humanitar sahələr üzrə də yaxınlaşacaq”.

A.Mirzəzadə Azərbaycanın  D-8-ə daxil olan ölkələrin hamısı ilə çox sıx əməkdaşlığa malik olduğunu deyib. O, təşkilata üzv olmaqla həmin ölkələrlə münasibətlərin daha da yaxşılaşması imkanlarının yaranacağını istisna etməyib.

Azərbaycanın beynəlxalq təşkilatlarda iştirak və rəhbərlik etmək təcrübəsini qeyd edən deputat, ölkəmizin iştirak etdiyi müəyyən layihələrin, investisiyalarla bağlı əməliyyatların bu təşkilat daxilində həyata keçirilməsi imkanlarından danışıb. Eyni zamanda bildirib ki, təşkilatın sammitlərinin müəyyən bir hissəsinin Azərbaycanda  keçirilməsi həmin ölkələrin elitasını, biznes dairələrinin, mədəni birliklərinin Azərbaycanı daha yaxşı tanımasına səbəb olacaq.

“Təsadüfi deyil ki, Azərbaycanın D-8-ə qəbul olunması ilə bağlı qərar qəbul ediləndən sonra Türkiyə Prezidenti bununla bağlı xüsusi bəyanat yaydı və Azərbaycanı təbrik etdi. Azərbaycanın bu təkilata daxil olması ölkəmizlə bağlı həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasına və mədəniyyətlərimizin daha uğurlu qovuşmasına səbəb olacaq. Əlbəttə burada iqtisadi amil çox böyük rol oynayır. Həmin təşkilata üzv ölkələrinin şirkətlərinin işğaldan azad olunan ərazilərimizdə bərpa-quruculuq işlərində iştirak etməsi tamamilə gözləniləndir”.

A.Mirzəzadə “İslam Səkkizliyi”ndə yer alan Azərbaycanın regionda daha da güclənməklə yanaşı, müəyyən əkstəsirlərlə üzləşmə ehtimalını da qeyd edib.

“Dünya mübarizə, təsir və əks-təsirlər dünyasıdır. Ona görə də bu təşkilata üzv olduğuna görə Azərbaycana təzyiqlər, təkliflər ola bilər. Amma Azərbaycan artıq beynəlxalq diplomatiyada kifayət qədər təcrübəsi olan bir ölkədir və onun bu təşkilat üzvləri ilə əlaqələrinə hər hansı üçüncü ölkə təsir edə bilməyəcək. Təşkilatda olan ölkələrlə əlaqələri bundan sonra daha da yaxşılaşacaq”.

Seçilən
11
hafta.az

1Mənbələr