AZ

“El Pais”: NATO üzv ölkələrdən hərbi xərclər üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edib

Bakı, 23 dekabr, AZƏRTAC

NATO İspaniyanın və hərbi xərclərə ən az pul xərcləyən digər müttəfiqlərinin müdafiə investisiyaları üzrə öhdəliklərini yerinə yetirmələrini istəyir.

AZƏRTAC xəbər verir ki, “El Pais” qəzetinin məlumatına görə, Donald Trampın tezliklə Ağ evə qayıdışı alyansda müdafiə xərclərinin artırılması ilə bağlı müzakirələri yenidən canlandırıb. Bu baxımdan NATO səkkiz ölkədən hərbi xərclər üzrə öhdəliklərini yerinə yetirməsini tələb edib. Həmin dövlətlərin arasında müdafiə investisiyalarına görə sonuncu yeri tutan və yalnız 2029-cu ilədək hərbi xərclərini ümumi daxili məhsulunun vəd edilən iki faizi səviyyəsinə çatmağı planlaşdıran İspaniya da var. Şimali Atlantika Alyansı isə yenidən hərbi xərclərin ÜDM-in üç faizinə çatdırılması ideyasının müzakirəsinə qayıdıb.

NATO-nun proqnozlarına görə, 2024-cü ildə 32 müttəfiq ölkədən 24-nün müdafiə xərcləri ÜDM-in iki faizini ötməlidir. İspaniya, Xorvatiya, İtaliya, Kanada, Portuqaliya və Belçika kimi ölkələrin müdafiə xərcləri isə 1,28-1,81 faiz arasında qalacaq.

Qeyd edək ki, alyansın 2014-cü ildə Böyük Britaniyada keçirilən sammitində üzv ölkələr hərbi xərclərini ÜDM-in iki faizinə çatdırmaq barədə öhdəlik götürüb. “Financial Times” qəzetinin məlumatına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz nümayəndələri vasitəsilə NATO ölkələrinə müdafiə xərclərini ÜDM-in beş faizinə çatdırmağı tələb edib.

Seçilən
9
1
azertag.az

2Mənbələr