AZ

"Azərbaycan yeni müharibə istəmir" - ŞƏRH EDİLDİ

"Artıq 2024-cü il başa çatır. Təəssüf hissi ilə vurğulamalıyıq ki, bu ötən ildə Azərbaycanın böyük səylərinə, hədəf və vəzifələr istiqamətində qarşıya qoyduğu məqsədlərə çatmaq istəklərinə baxmayaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmadı". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, amma qarşıdakı dövrlərdə biz sülh müqaviləsinin imzalanması yönündə müsbət irəliləyişlərin ola biləcəyinə inanırıq: "Müəyyən nikbin proqnozlar vermək mümkündür. Amma təəssüf ki, Ermənistan da müstəqil siyasət yürütmür. Ermənistan Qərbin və Avropanın təsiri və təzyiqi altında sülh prosesində geriləmələr və ləngimələr yaradır, konstruktiv mövqe nümayiş etdirir. Əlbəttə ki, regionda bu proseslər belə davam edərsə, paralel olaraq Ermənistan kütləvi şəkildə silahlanarsa, Fransa, Hindistan, digər Qərb dairələrinin köməyi ilə öz hərbi arsenalını inkişaf etdirməyə çalışarsa, bu, gələcəkdə bölgədə ciddi təhlükələr yarada bilər.

Azərbaycan dövləti uzun müddətdir ki, sülhə üstünlük verir. Ermənistanla sülh müqaviləsi imzalamağa çalışır. Bütün resurslarını bu istiqamətə yönəldir. Dəfələrlə ən ali səviyyədə bəyən olunub ki, Azərbaycan yeni müharibə istəmir. Azərbaycan bölgədə, nəhayət, sülh və təhlükəsizlik, əmin-amanlıq istəyir. Yeganə bu prosesə mane olmağa çalışan Ermənistan və onun havadarlarıdır. Bu baxımdan Ermənistan, həqiqətən də, sülh istəməzsə, paralel olaraq hərbi təhdidlər yaradarsa, bu zaman münaqişələrin ola biləcəyi də ehtimal edilir. Çünki Azərbaycan tərəfi ölkəmizə, ərazi bütövlüyümüzə qarşı hər hansı təhlükə, təhdid olarsa, buna ən ağır formada qarşılıq verəcəkdir. Bu da bölgədə yeni münaqişə, müharibənin yarana biləcəyinə səbəb olacaq. Amma istənilən halda, hətta belə bir münaqişə yaranarsa, yenə də bundan itirən Ermənistan olacaq. Sonunda Azərbaycanın haqlı tərəfləri qarşısında Ermənistan məcbur olacaqdır ki, bu tələb və təklifləri qəbul etsin və biz sonunda sülh müqaviləsi imzalaya bilək".

Müəllif: Söylü Ağazadə
Seçilən
11
sia.az

1Mənbələr