AZ

Uşaq oturacaqları:“Kiçik həyatları böyük təhlükədən necə qoruyaq?”- FOTO

Uşaq təhlükəsizliyi hər bir valideyn üçün ön planda olmalıdır. Avtosfer.az bildirir ki, avtomobillərdə uşaq oturacaqları bu təhlükəsizliyin əsas komponentlərindən biridir. Son illərdə avtomobil qəzalarında uşaq ölümlərinin sayının artması valideynlərin diqqətini uşaq oturacaqlarının əhəmiyyətinə yönəldib.

“Hed Academy Azerbaijan” şirkətinin Azərbaycan bölməsinin rəhbəri Ruslan İbrahimov Avtosfer.az-a açıqlamasında bildirib ki, uşaq oturacaqları həyat qurtaran bir vasitədir və onun istifadəsi hər bir valideynin məsuliyyətidir.

“Uşaqların təhlükəsizliyi üçün avtomobillərdə uşaq oturacağı istifadə etmək mütləqdir. 5,5 kiloqram çəkidə olan körpə 50 km/saat sürətlə hərəkət edən avtomobildə qəza zamanı 137 kq güc tətbiq edə bilər. Belə vəziyyətlərdə uşaq oturacağı onları ölümcül nəticələrdən qoruyur,” – deyə Ruslan İbrahimov bildirib.
Ekspert bildirib ki, Türkiyə Statistika Təşkilatının məlumatlarına görə, hər 25 saniyədən bir yol qəzaları baş verir və bu qəzaların ən çox zərər çəkənləri körpələr və uşaqlardır. “Son 10 ildə 3233 uşaq həyatını itirib, 275 mindən çox uşaq isə xəsarət alıb. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına əsasən, Avropada qəzalarda uşaq ölümlərinin nisbəti 2%, Türkiyədə isə bu rəqəm 40%-ə çatır.”

Ruslan İbrahimov onu da qeyd edib ki, uşaq oturacağı istifadəsi qanunla tənzimlənir. “Belə ki, boyu 150 sm-dən kiçik və çəkisi 36 kq-dan az olan uşaqlar üçün uşaq oturacağı məcburidir. Əks halda, həm uşağın təhlükəsizliyi risk altına alınır, həm də hüquqi pozuntu yaranır.”

Ekspert qeyd edib ki, valideynlər uşaq oturacağı seçərkən onun keyfiyyətinə, istifadə rahatlığına və avtomobilə uyğunluğuna diqqət yetirməlidirlər. “ISO FIX standartlarına cavab verən, sərt plastikdən hazırlanmış və erqonomik modellər üstünlük təşkil etməlidir. Məhsulun bahalı olması deyil, təhlükəsizlik funksiyalarının mövcudluğu əsasdır”.
Ruslan İbrahimov fərqli çəki və yaşa uyğun oturacaqlar barədə də danışıb. Qeyd edib ki, 0-36 kq arasında olan uşaqlar üçün müxtəlif oturacaq modelləri mövcuddur. Məsələn 0-9 kq arxa oturacaqda və yatmış vəziyyətdə istifadə edilməlidir. Amma 10-18 kq otracaqlar 8 ay – 4 yaş arası uşaqlar üçün irəli baxaraq istifadə edilə bilər.
15-25 kq üçün nəzərdə tutulmuş otracaqlar 3-7 yaş arası uşaqlar üçün təhlükəsizlik təmin edir. Həmçinin 22-36 kq üçün istehsal olunmuş otracaqlar isə 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub”.

Ekspert bildirib ki, siqaret və telefon xərclərinə milyonlar xərcləyən valideynlər bir uşaq oturacağı ilə övladlarının həyatını qorumağa laqeyd yanaşmamalıdır. ““Hansı daha vacibdir, mənim balam, yoxsa siqaretim?” sualı hər bir valideynin özünə verməli olduğu ən əsas sualdır.
Qeyd edək ki, uşaq oturacaqları sadəcə qanunla tələb edilən bir qayda deyil, uşaqlarınızın həyatda qalma ehtimalını artıran ən vacib təhlükəsizlik tədbirlərindən biridir. Bu məsələni diqqətdən kənarda qoymayın, çünki övladınızın həyatından daha qiymətli heç nə yoxdur.

Fidan Məmmədova

FOTO QALEREYA
Seçilən
26
50
avtosfer.az

10Mənbələr