AZ

Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans- xarici siyasətin hamıya görünən tərəfləri...

Image

Bu gün bir sıra postsovet ölkələrinin hələ də geosiyasi çəkişmə mərkəzinə çevrildiyi müşahidə edilməkdədir. Ukrayna, Gürcüstan və Ermənistanda baş verənlər bunun faktiki təzahürləridir. Qeyd edək ki, analoji siyasətin Azərbaycanda da həyata keçirilməsinə cəhdlər edilib və edilməkdədir. Amma Azərbaycanın, onun liderinin uğurlu siyasəti tamam əks mənzərə yaradıb.

Bu gün Azərbaycan özü geosiyasi, geoiqtisadi proseslərin inkişafına yön verən ölkələrədən birinə çevirilib. Təbii ki, bu , ölkənin, onun prezidenti İlham Əliyevin böyük uğurudur. Qeyd edilən fonda prezident İlham Əliyevin Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsi gündəmin əsas mövzusudur. Bu da təsadüfi deyil, çünki dövlət başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi.  Bundan bir daha bəlli oldu ki, istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir. Bu da prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin nəticəsidir. Məhz peşəkar diplomatiyanın nəticəsidir ki, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Elə prezidentin dediyi kimi, dünyada ikinci belə ölkə yoxdur. Təsadüfi deyil ki, Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Bütün bunlar müstəqil dövlət olaraq Azərbaycana olan yüksək etimadın ifadəsidir.  Özü də bütün bunlar o fonda baş verir ki, müasir dünyanı gərgin hadisələr, müharibələr bürüyüb. Həm qonşularda, həm region ölkələrində gərginlik və münaqişələr yaşanır. Bu gün Azərbaycan bu gərginliklər içində sözün əsl mənasında sabitlik adası rolunu oynayır. Şübhəsiz ki, bunlara praqmatik, balanslı və çoxvektorlu siyasətlə nail olunub. Dövlət başçısı son müsahibəsində bu məsələlərə də toxunub, Gürcüstan, Ukrayna və digər bölgələrdə yaşanan hadisələrə diqqət çəkib. Məsələn, qonşu Gürcüstanda baş verənləri şərh edən dövlət başçısı bildirib ki, Gürcüstan Azərbaycan üçün mühüm tərəfdaş və yaxın dostdur: "Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin". Xatırladaq ki, Gürcüstan 2008-ci ilin avqustunda Qərbin təhriki ilə işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı Rusiya ilə müharibəyə başlasa da, nəticə acınacaqlı oldu, Abxaziya və Cənubi Osetiya Gürcüstandan alındı. Qonşu ölkəni bu avantüraya cəlb edən Qərb isə baş verənləri qıraqda dayanıb müşahidə etməklə kifayətləndi. Analoji prosesi Ukraynada da müşahidə etmək olar.

Bütün bunlar indiki vəziyyətdə səmərəli, düşünülmüş, uzaqgörən siyasət yürüdülməsini tələb edir. Azərbaycan da məhz buna nail olmağı bacarıb. Qeyd edilənlərlə yanaşı, Azərbaycan bu gün regional qarşıdurmaların, gərginliyin yatırılması üçün vacib addımlar atır. Azərbaycanın xarici siyasəti dünyada və regionda sabitliyin, təhlükəsizliyin, qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmlənməsi kimi ali məqsədlərə xidmət edir. İş o yerə çatıb ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, Bakıdan dünyaya qlobal mesajlar verilir, gələcək faydalı əməkdaşlığa hesablanan transmilli layihələrə imza atılır. Cari lin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bunun real təsdiqi oldu. COP29-a ölkəmizin evsahibliyi etməsi o demək oldu ki, qarşıdakı bir neçə il ərzində dünyanın qlobal iqlim çağırışlarına, “yaşıl” gündəliyinə məhz Bakı istiqamət verəcək. Bunlar həm də prezident İlham Əliyevin siyasətinin uzaqgörənliyinin nəticəsidir. Bununla yanaşı, prezident İlham Əliyevin müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, Azərbaycana qarşı beynəlxalq müstəvidə aparılan qərəzli kampaniyaların ifşa edilməsi baxımından da böyük önəmə malikdir. Elə bunun nəticəsidir ki, Azərbaycanı istəməyən, onun uğurlarına sevinməyi bacarmayan bədxahların məkrli planları nəticəsiz qalır. Ölkəmizi  müxtəlif oyunlara çəkmək istəyən bölgədənkənar güclər heç nə əldə edə bilmirlər. Buna nümunə olaraq, Fransanı, eləcə də Qərbin bir sıra digər dövlətlərini göstərmək olar. Artıq onların özləri də Azərbaycanla hesablaşmağın onların öz xeyirinə olduğunu qəbul edirlər. Əvəzində prezident İlham Əliyevin apardığı balanslı, ardıcıl və prinsipial xarici siyasətin nəticəsində Azərbaycanın beynəlxalq platformada əlaqələri daha da genişlənir, təhlükəsizliyi möhkəmlənir. Bütün bunlar ölkəyə yeni nailiyyətlər qazandırır.

Tahir TAĞIYEV





Seçilən
16
baki-xeber.com

1Mənbələr