AZ

Söyüdlüdəki qızıl yatağı yenidən istifadəyə veriləcək

Milli Məclis qanun layihəsini müzakirə edir

Gədəbəyin Söyüdlü (Zod) qızıl yatağının işlənməsinə icazə veriləcəyi bildirilir.

APA xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin keçirilən iclasında müzakirə ediləcək "Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Qanun layihəsində əksini tapıb.

Söyüdlü hadisələri

2023-cü il iyunun 20-dən Gədəbəyin Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb.

Saxlanılanlar arasında narkotik ittihamı verilən də olub.

İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.

Kəndin sakinləri isə bildiriblər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.

Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.

Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildiriblər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyib.

Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert olmayıb.

Həbslər və təzyiqlər…

Hakimiyyət hadisəyə təxribat donu geyindirib, yerli mediada bununla bağlı eyni məzmunlu materiallar dərc olunub, hadisəni işıqlandıran müstəqil media hədəfə alınıb.

İqtisadçı Nazim Bəydəmirli baş verənlərə görə şirkəti tənqid etdiyi üçün hökumət mediası tərəfindən hədəfə alınıb.

Buna görə də o, "Yeni Müsavat” saytına, Azərbaycan Dövlət Televiziyasına və deputat Elman Nəsirova qarşı məhkəmə iddiası qaldırıb.

İyulun 4-də isə Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel”) şübhəli şəxs qismində saxlanılıb.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

İstintaq dövrü müddətində onun həbs müddəti uzadılıb.

DİN Nazim Bəydəmirlinin səhmdarı olduğu şirkətdən pul tələb etmə ittihamıyla saxlanıldığı iddia etsə də, sabiq deputat deyib ki, onu Söyüdlü kəndində baş vermiş etirazlara görə saxlayıblar.

Bundan başqa, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov və keçmiş "heykəl məhbusu” Qiyas İbrahimov da Söyüdlü hadisələri zamanı sosial şəbəkələrdə yazdıqları statuslara görə inzibati qaydada həbs edilib.

Seçilən
15
arqument.az

1Mənbələr