İtaliya millisinin heyətində dünya çempionu olmuş Alessandro Nesta A Seriyası təmsilçisi “Montsa”nın baş məşqçisi vəzifəsindən qovulub.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə işindən kənarlaşdırılıb. Onun baş məşqçisi olduğu kollektiv A Seriyasının cari mövsümündə 17 görüşdə 7 heç-heçə edib, 9 görüşdə məğlub olub. Komanda cəmi 1 matçda qələbə qazana bilib. 10 xala malik “Montsa” 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, Nesta cari mövsümün əvvəlindən “Montsa”ya rəhbərlik edirdi. 48 yaşlı italyan mütəxəssis bu komandanı bütövlükdə 20 oyuna çıxarıb, 3 qələbə, 7 heç-heçə və 10 məğlubiyyət görüb.
2014-cü ildə futbolçu karyerasına xitam verdiyini bəyan edəndən bəri, Alessandro Nesta ABŞ-da “Mayami”də 2 illik təcrübədən başlayaraq məşqçi kimi çalışıb. Daha sonra italyan mütəxəssis 2017/2018-ci illər mövsümündə “Peruca”nı çalışdırmaq məqsədilə vətəninə qayıdıb. Ardınca Nesta İtaliya B Seriyasında (2019-2021) “Frozinone”ni çalışdırıb. İtalyan mütəxəssis komandanın sükanı arxasında ikinci mövsümünün bitməsinə iki ay qalmış klubdan istefaya göndərilib. Nesta 2023-cü ilin iyunundan 2024-cü ilin iyununa qədər də “Recina”ya rəhbərlik edib.
Artıq “Montsa”nın yeni baş məşqçisi də məlumdur. Belə ki, bundan sonra sözügedən komandaya İtaliya millisinin və “Milan”ın sabiq futbolçusu Salvatore Bokketti rəhbərlik edəcək. 38 yaşlı mütəxəssislə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Salvatore Bokketti baş məşqçi kimi ilk və son dəfə “Verona” komandasını çalışdırıb. İtaliya yığmasının sabiq üzvü futbolçu karyerası dönəmində də “Verona”da forma geyinib. O, Rusiyada “Rubin”, “Spartak” (Moskva), İtaliyada “Cenoa” və “Milan” klublarında da oynayıb.