AZ

Ölkəmizi daim irəli aparan praktik siyasət

Azərbaycan Prezidenti bu gün dünyanın ümumi vəziyyətinə təsir etmək gücündə olan nüfuzlu dövlət başçıları ilə eyni sıradadır

İnamla deyə bilərik ki, bu gün Azərbaycan qüdrətli  dövlət kimi  artıq  nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Yəni, dünya siyasətini idarə edən fövqəlgüclərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlətimizin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi önəm daşıyır. Bu mənada fərəhlə demək olar ki, Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır. Digər çox mühüm  məsələ odur ki, müasir dövrdə  dünyada cərəyan edən geopolitik qarma-qarışıqlıqda  Azərbaycan dövləti özünə yönəlik təhlükələri zamanında hiss eməklə ciddi önləyici tədbirlər həyata keçirir və nəticədə milli mənafelərimiz, daxili sabitliyimiz kifayət qədər  etibarlı qorunur.

Bəs müstəqillik tarixi üç onilliyi yenicə ötən bir dövlət bütün bunlara necə nail olur? Təbii ki, qazanılan uğurlar Prezident İlham Əliyevin müstəqil və qətiyyətli siyasətinin, milli mənafeləri daim öndə tutması bacarığının nəticələridir. Ölkəmizin başçısı ilk növbədə uğurlu daxili siyasətlə cəmiyyəti ölkənin maraqları, mənafeyi üçün səfərbər edir. Bu, çox önəmli haldır və xalq-iqtidar birliyinin təməl prinsipidir. Eyni zamanda, siyasətdə və dövlət idarəetməsində qətiyyətlilik Prezident İlham Əliyevə ölkəmizi hətta ən çətin hədəflərə çatdırmağa imkan verir. Diqqət  yetirsək görərik ki, bir neçə il əvvəl ölkəmizin sahib olduğu neft kəmərlərinin dünya bazarlarına çıxışı üçün göstərilən təzyiqlərə rəğmən  Cənub Qaz Dəhlizi gerçəkləşdi. Məhz mühüm transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması ölkəmizin strateji mövqelərini daha da gücləndirdiyindən Azərbaycan Qərbə iqtisadi baxımdan daha geniş açılmaq niyyətindədir. Eyni zamanda, Azərbaycan dünyanın 120-dən artıq ölkəsini birləşdirən Qoşulmama Hərəkatına  bir neçə il sədrlik etdi. Bu da çox ciddi geosiyasi uğur idi. Çünki həmin təşkilata üzv dövlətlər İkinci Qarabağ müharibəsində BMT-də dövlətimiz əleyhinə qətnamələrin qəbul edilməsinə çalışan Ermənistanın və onun havadarlarının məkrli niyyətlərinə «yox» dedilər.  Prezident İlham Əliyevin  xarici siyasətində ən mühüm uğur  Qərb-Rusiya qarşıdurmasında balansı qorumaqla ölkəmizi fövqəlgüclərin savaş poliqonu olmaqdan qorumasıdır.  

2024-cü il də  ölkə başçısının  geosiyasi uğurları ilə zəngindir. Xüsusilə Bakıda  keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29- cu sessiyasının (COP29) beynəlxalq əhəmiyyətliliyi  bir daha göstərdi ki, biz dünyanın mütləq çoxluğunun  bizim bəşəri və haqlı mövqelərimizlə həmrəy olmaq istəyini də yaratmağa qadirik. Xüsusilə sözügedən  beynəlxaq tədbirdə qəbul olunan dünya  əhəmiyyətli qərarlarla Azərbaycan yeni tarixi hadisənin memarı oldu.  Belə bir möhtəşəm qlobal konfransa ev sahibliyi etməklə dövlətimiz ekoloji sabitliyə sadiqliyini nümayiş etdirdi. Bununla da Azərbaycan dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirməyə nail oldu. COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyildi,  həm də ümumbəşəri həmrəyliyin təsdiqi idi. Bu uğurlar bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni hərbi- siyasi reallıq həm də qlobal səviyyədə etiraf olunmaqdadır. Çünki COP29 kimi möhtəşəm tədbir keçirmək hər dövlət, xüsusilə də Azərbaycan kimi ərazi cəhətdən  kiçik bir ölkə üçün o qədər də asan görünmürdü. Amma biz bacardıq. Dünyaya, böyük dövlətlərə  hansı qüdrətə sahib olduğumuzu göstərdik. Həm də biz bu mötəbər tədbiri keçirməklə dünyaya səsləndik ki, gəlin, müharibələrə son verək, ana təbiətin fəryadına diqqət kəsilək, onun harayına çataq!

COP29-un uğurla başa çatması Azərbaycan dövlətinin qarşısında yeni prioritetlər açıb. Bu, Cənubi Qafqazın sülh və əmin-amanlıq bölgəsinə çevrilməsidir. Ümumiyyətlə, Cənubi Qafqaz regionu həmişə özünün gərginliyi ilə seçilib. Çünki   müxtəlif beynəlxalq güclərin barışmaz maraqları daha çox münaqişə ocaqlarının burada mövcud olmasını şərtləndirib. Lakin 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Cənubi Qafqaz bölgəsinin münaqişə potensialı əhəmiyyətli dərəcədə azaldı. Belə ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev postmüharibə dövründə tarixdə ilk dəfə olaraq regionun təhlükəsizlik xəritəsini  cızdı. Ən diqqətçəkən digər önəmli hadisə isə odur ki, biz öz ərazilərimizdə antiterror tədbirlərini həyata keçirdikdən cəmi iki ay yarım sonra COP29-un Azərbaycanda keçirilməsi haqqında yekdilliklə qərar qəbul edildi. Təbii ki, bu amili Azərbaycanın ədalətli mövqeyinin təntənəsi kimi də qiymətləndirmək olar. Eyni zamanda, bu,  Azərbaycan dövlətinə və onun rəhbərinə olan böyük inam və etimadın göstəricisi idi. Yəni, böyük dövlətlər 35 ildən sonra, nəhayət, görməyə başladılar ki, hansı coğrafiyada baş verməsindən və hansı etnik qrup tərəfindən törədilməsindən, hətta onların məlum fobiyaları və ayrı-seçkiliyi səbəbindən kiməsə tərəfkeşlik etmələrindən asılı olmayaraq, separatizm dünya birliyinin nizamına ciddi təhdid yaradan təhlükəli faktordur.

Uzaq olmayan tarixdən də  məlumdur ki, Cənubi Qafqazda regional təhlükəsizlik sisteminin qurulması üçün dəfələrlə cəhdlər edilib. Lakin heç vaxt uğurlu nəticələr əldə olunmayıb. Məhz Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda sülh və təhlükəsizlik üçün real imkanlar yaranıb. 2020-ci ilə qədər dövlətimiz keçmiş münaqişə vəziyyətini dinc vasitələrlə həll etmək üçün qətiyyətli mövqe sərgiləyirdi. Həmin vaxtadək ötən 17 ildə Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına təsir göstərmək üçün ayrı-ayrı beynəlxalq təşkilatlara çağırışlar edirdi. Lakin bizim bu çağırışlarımıza diqqət yetirən yox idi. Əksinə, bildirilirdi ki, guya  münaqişənin hərbi həll yolu yoxdur. Bununla da onlar münaqişəni uzatmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında möhkəmlənməsinə şərait yaradırdılar.

Azərbaycan MDB məkanında öz ərazilərini məhz beynəlxalq normalara uyğun olaraq işğaldan azad edən, separatizmin kökünü kəsən ilk dövlətdir. Nəticədə əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycan Cənubi Qafqaz regionunda yeni geosiyasi konfiqurasiya formalaşdırdı. Ən başlıcası isə Prezident İlham Əliyev dövlətin  və xalqın məğlub obrazını da tamamilə dəyişdi. Bu gün artıq dünyada ərazi bütövlüyünü  və suverenliyini bərpa etmiş qalib Azərbaycan dövləti və qalib Azərbaycan xalqı var. Məhz güclü Azərbaycan haqlı olaraq postmüharibə dövründə Ermənistanı sülhə məcburetmə taktikası ilə küncə sıxışdırdı.  Xüsusilə qürurverici haldır ki,  Azərbaycan Prezidenti dünyanın ümumi vəziyyətinə təsir etmək gücündə olan dövlət başçıları ilə eyni sıradadır. Ölkəmizin hazırkı nüfuzu və mövqeyi həm tarixi Qələbəmizi və həm də ümumilikdə milli maraqlarımızı inamla qorumağa imkan verir.

Bu gün Fransa başda olmaqla kollektiv Qərb Cənubi Qafqazda yenidən gərginlik ocaqları yaratmağa çalışır. Lakin onların regiona müdaxilə etmələrinə imkan verən münaqişə amili artıq mövcud deyil. Ona görə  ki, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, böyük diplomatik bacarığı sayəsində ölkəmizə qarşı qərəzli mövqelərin formalaşdırılması cəhdləri tam fiaskoya uğrayıb. Prezidentimizin də vurğuladığı kimi, hazırda  Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Bu güc anti-Azərbaycan qüvvələr üçün bir kabusdur. Çünki müasir dövrdə hüququn gücü yox, gücün hüququ keçərlidir. Azərbaycan Ordusunun bugünkü gücü həm də dövlətimizin siyasi-diplomatik uğurlarının qarantı rolunda çıxış edir.

Həmçinin Prezident İlham Əliyev bütün geosiyasi  hədəflərinə böyük hərbi-siyasi gedişlər etməklə çatmağı bacarır. Yəni, bu gün Prezident İlham Əliyevin qarşıya qoyduğu ümummilli hədəflər dövlətimizi daha da güclü etməklə onun beynəlxalq proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Xüsusilə Hayastan üzərindən ölkəmizə qarşı qurulan bütün məkrli palanların qarşısı ustalıqla alınır.

Elçin Zaman, «İki sahil»

Seçilən
23
ikisahil.az

1Mənbələr