AZ

"Əxlaqlı adamam, kimin ərini əlindən almışam?! - İlhamə Elşadqızı

Xəbər verdiyimiz kimi, ötən gün tanınmış aparıcı Azər Zahid və bir neçə tiktokerin keçirdikləri əyləncə yarışına görə saxlanılması müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda sözügedən şəxslərin əxlaqsızlığı təbliğ etdiklərinə görə saxlanıldığı bildirilib.

Saxlanılanlar siyahısında adı olmasa da, ən çox tənqid olunanlardan biri də şounun iştirakçısı olmuş şairə İlhamə Elşadıqızıdır. Sosial şəbəkə istifadəçiləri rəqsləri, dediyi şeirlər və söhbətləri ilə müzakirələrə səbəb olan şairənin də saxlanılması gərəkdiyini yazıblar.

Ölkə.Az barəsində yazılanlarla bağlı İ.Elşadqızın münasibətini öyrənib. Şairə Ölkə.Az-a açıqlamasında  şouya dəvət əsasında getdiyini bildirib:

“Mən hər zaman həqiqətləri söyləyən insan olmuşam. Niyə saxlanılmalıyam, neyləmişəm ki? Özüm getməmişəm ki. Şou idi, çağırdılar, mən də getdim. Gülməli söhbətlər elədim, şou yaratdım, rəqs elədim. İlhamə xanım nə edib ki? İlhamə xanım vətənpərvər şairədir, kitabı var, dövlət televiziyasının əməkdaşı olub. Əxlaqım, namusum da yerindədir. İlhamə xanımın 2-ci qrup əlil anası var. Evimdəyəm. Anlamıram, nə olub? Söz azadlığı var. O bir şoudur. Hər bir verilişin öz formatı var”. 

İ.Elşadqızı müzakirələrə səbəb olan şeirdən də danışıb:

“O şeiri mən yazmamışam. Bir şey olan kimi deyirlər İlhamə xanım. Çünki mən reytinqli adamam. Bəziləri də məndən reytinq tutmaq istəyir. Burada nə var ki?  
Qəribə hislər yaranıb,
Öpürəm ürək parçalanır. 
Yanaqlar od tutub yanır, 
Elə bil atapleniyadır. 
Bunu İlqar Dəniz yazıb. Zarafat xarakteri bir mahnıdır. İndi ağzımızı açıb söz danışmayaq? 
Hamı məni sevir. Öpüb-qucaqlayırlar. Məntiqli sözlər danışdım. İlhamə xanımın sözlərinə mahnılar yazılıb. Ədəbli, əxlaqlı adamdır. Bu yaşa çatmışam, hələ adıma nə bir maşın, nə də bir ev var”.

Şairə barəsində tənqid yazanların ona baxmamasını istəyib:

“Məndən xoşu gəlməyənlər ,niyə mənə baxırsınız? Baxmayın da. Kimin ərini, oğlunu əlindən almışam?! Oturmuşam 2-ci qrup əlil anamla, ona baxıram. Tənha adamam. Bir əsas gətirin görək, İlhamə nə edib?! Şou idi, oynamışam. Sizə bir söz deyiləndə siz də ona cavab verirsiniz, düzdürmü? Susmuruq ki. Başım çıxmr, İlhamə niyə saxlanılmalıdır. Getmişəm, zəhmət çəkmişəm. Saat 6-da evdən çıxmışam, 5-də evdə olmuşam. Elə bilirsiniz, şou yaratmaq asandır? 

Çox nahaq yerə haqqımda yazırlar. 1992-ci ildə od-alovun içərisində Birinci Qarabağ müharibəsini çəkən jurnalistəm. Bəs niyə yazmırlar ki, İlhamə xanım seriallara çəkilib, kitabı çıxıb? Niyə bunları yazmırlar? 

Filmdə deyildiyi kimi, məsələ sosiskada deyil, adam gərək “vinimatelni” olsun. Neyləməliyəm, orada ağzımı tikməliyəm, bağlamalıyam? 

Mən ziyalı ailəsində doğulmuşam. Ora gedib heykəl kimi durmalı idim? Sadəcə olaraq mən reytinqli adamam, trendəm. Hər yerdə mən. Özüm də seyid qızıyam. Heç kəslə işim-gücüm yoxdur. Kimsə qəlbimə toxunanda pis vəziyyətlərə düşürəm”, - deyə o əlavə edib. 

Billurə Yunus

Seçilən
19
olke.az

1Mənbələr