AZ

“Liverpul”un seriyası davam etdi, “Real” özünə gəldi - İCMAL

Çempionlar Liqasının əsas mərhələnin 6-cı turunun oyunları keçirildi.

Ənənəvi yüksək məhsuldarlıq öz yerində, artıq bir çox komandanın taleyinə də aydınlıq gəlib. “Liverpul”un ardından “Barselona”, “Arsenal”, “Bayer-04”, “Aston Villa”, “İnter”, “Brest” və “Lill” də pley-offa vəsiqəni təmin edib. “Liverpul”la “Barselona”nın 1/8 finala vəsiqə qazanması da dəqiqləşib. “Leyptsiq”, “Slovan” və “Yanq Boyz” isə artıq pley-off şansını itirib.

“Liverpul” yoluna xal itirmədən davam edir. Slotun komandası səfərdə “Jirona”nı məğlub etməklə qələbə seriyasını 6-ya çatdırdı. Düzdü, bu qələbə mersisaydlılara elə də asan başa gəlmədi. Onlar oyunboyu ərazi üstünlüyünü özündə saxlasa da, kataloniyalılar da əks-hücumlar üçün imkan tapırdı. Xüsusən də zədədən sonra “çərçivə”dəki yerini tutan Alisson ilk yarıda bir neçə önəmli seyvlə yadda qaldı. “Jirona”nın qolkiperi Qassaniqa da oyunun gedişində dəfələrlə komandasını xilas etdi. Ancaq 2-ci yarıda topu tordan çıxarmalı oldu. Van de Beekin Diasa qarşı kobud oynadığını bildirən hakimlər briqadası “Jirona”nın qapısına birmənalı qarşılanmayan penalti təyin etdi ki, Salah da bu imkanı boşa vermədi. Turnir cədvəlinin vahid lideri olan “Liverpul” praktiki cəhətdən 1/8 finala birbaşa vəsiqəni təmin edib. 6 oyunun beşində uduzan “Jirona”nın pley-off şansı isə çox cüzidi.

“Atalanta” “Real”la oyuna qədər ardıcıl 9 qələbə qazanmışdı. Bu oyunun ədalətli nəticəsi heç-heçə olardı. Ancaq madridlilərin bəxti gətirdi. Onlar Mbappenin sayəsində erkən qol vurdular. İlk yarının sonunda De Ketelare hesabı bərabərləşdirdi. 2-ci hissənin əvvəlində, daha dəqiqi, 56-59-cu dəqiqələr aralığında iki qol vuran “Real” faktiki oyunun taleyini həll etdi. Düzdü, meydan sahibləri bundan sonra fəallaşdı, rəqibi əməlli-başlı öz qapısına doğru sıxışdırdı. Qollardan birinin əvəzini çıxmaq mümkün oldu, hətta hesabı bərabərləşdirmək imkanları da var idi. Ancaq sonra berqamoluların ÇL-in cari mövsümündə ilk məğlubiyyətlə barışmaqdan başqa çarəsi qalmadı. “Real” isə biabırçı turnir vəziyyətini xeyli yaxşılaşdırdı.

“Bayer-04” turnirdə indiyə qədər bir qol da buraxmayan “İnter”i qəbul etdi. Meydan sahibləri oyun başlayan kimi hesabı açmağa yaxın oldu: Frimponq topu tirə vurdu. Milanlılar bir neçə maraqlı hücum qursalar da, Kovarjın qapısı önündə təhlükəli vəziyyət yarada bilmirdilər. “Bayer-04”ün hücumları daha təhlükəli idi: Cakanın uzaq küncə zərbəsini Zommer çətinliklə qaytardı, Palasiosun zərbəsindən sonra Bastonidən səkən top tirin üzərindən aşdı. 2-ci hissə də “aspirinlər”in hücumlarıyla başladı. Amma ya hücumçular son məqamda qeyri-dəqiq oynayır, ya da Zommer ustalığını göstərirdi. Bəli, istənilən qapıçının ustalığı bir yerə qədərdi. 90-cı dəqiqədə Mukielenin yaxın məsafədən zərbəsinin öhdəsindən isveçrəli qapıçı da gələ bilmədi.

ÇL-in cari mövsümündə ən parlaq təsir bağışlayan komandalardan biri də “Aston Villa”dı. 2-ci turda “Bavariya”nı məğlub edən birmingemlilər bu dəfə Almaniyanın digər təmsilçisi “Leyptsiq”in öhdəsindən gəldi. Unay Emerinin əvəzetmələri işə yaradı, sonradan meydana çıxanlardan Duranla Barkli hərəyə bir qol vurdu. “Leyptsiq”in halına isə acımaq lazımdı. Mümkün iki qələbə belə “öküzlər”in köməyinə çatmayacaq.

“Şaxtyor” Almaniya nəhənginə qarşı elə ...Almaniyada oynadı. Artıq 5-ci dəqiqədə Kevin Sudakovun ötürməsindən yararlanıb hesabı açdı. Amma bu qol “Bavariya”nın əhvalını korlamadı, tezliklə Laymer bərabərlik qolunu vurdu. Hissənin sonunda isə illərin təcrübəsi Müller münhenliləri irəli çıxardı. 2-ci hissə favoritin üstünlüyü şəraitində keçdi. Sona 20 dəqiqə qalmış hakimlər əvvəlcə Musialanın vurduğu qolu saymadı, ancaq penalti təyin olundu və Olise hesabı 1:3 etdi. Ardından “Bavariya” fərqi daha biabırçı həddə çatdırdı. Əlbəttə, “Şaxtyor” 1:5 hesablı məğlubiyyətə layiq deyildi, ancaq “Bavariya”nın aşkar üstün olduğunu da etiraf etməliyik.

PSJ cari mövsümdəki 2-ci qələbəsini yalnız 6-cı turda qazana bildi. Luis Enrikenin komandası Avstriyada “Zaltsburq”un ciddi müqaviməti ilə üzləşmədi. Xüsusən də ilk yarıda qonaqların oyun və ərazi üstünlüyü var idi. Bu üzdən Ramuşun 30-cu dəqiqədə hesabı açması heç kimi təəccübləndirmədi. 2-ci hissəyə “Zaltsburq” cəsarətli başlasa da, Donnarummanı ciddi şəkildə narahat edə bilmədi. Hadisələri qabaqlamaq istəməyən PSJ isə sonra yaxın daha iki qol vurdu. Əvvəlcə uzaq “9-luğ”u nişan alan Mendeş komandasının üstünlüyünü möhkəmlətdi. 85-ci dəqiqədə isə Due PSJ-də ilk qolunu vurdu. Böyükhesablı qələbə qazanan parislilər hələ də pley-off zonasından kənardadı. “Zaltsburq” isə növbəti mərhələdən ümidini üzüb.

Fransa çempionatında ilk “10-luq”dan kənarda olan “Brest” qitənin ən nüfuzlu klub turnirində inanılmaz oyun göstərir. Buna qədər hesabında üç qələbə olan “piratlar” Niderland çempionunu da məğlub etdi. Komandalar fasiləyə yollanmağa hazırlaşarkən Le Kardinal hesabı açdı. PSV 2-ci hissədə xoşbəxtliyi hücumda axtardı, ancaq qonaqların bərabərlik qolunu vurmaq niyyəti puça çıxdı. “Brest” turnir vəzifəsinin öhdəsindən gəlib, PSV isə yanvarda son cəhdlərini edəcək.

Başqa oyunlara gəlincə, “Dinamo” ilə “Seltik” bir-birinin qapısına yol tapa bilmədi. Bu iki komanda hələ ki ilk “24-lük”də qalır. “Sportinq” Ruben Amorim baş məşqçi postundan gedəndən sonra keçirdiyi 5-ci oyunda 4-cü məğlubiyyətini aldı. Düzdü, lissabonluların turnir vəziyyəti hələ ki yaxşıdı.

Jirona – Liverpul 0:1 (0:0)
Jirona (İspaniya): Qassaniqa, Franses, Xuanpe, Kreyçi, Blind (Solis, 76), Van de Beek (Martin, 76), Romeo, Xil (Portu, 71), Asprilya, Qutyerres, Qruneveld (Stuani, 71).
Liverpul (İngiltərə): Alisson, Aleksander-Arnold, Qomes, Van Diyk, Robertson, Cons (Elliott, 76), Qravenberx, Soboslai, Salah, Nunyes (Qakpo, 71), Dias (Endo, 88).
Qol: Salah, 63-p.
Vərəqələr: Dias, 53. Romeo, 55. Qomes, 79. Franses, 87. Portu, 90+3 – sarı.
Hakim: Benua Bastyen (Fransa).
10 dekabr. Jirona. 9241 tamaşaçı.

Atalanta – Real 2:3 (1:1)
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Cimşiti (Kossunu, 75), Hin, Kolaşinats, Bellanova (Zappakosta, 75), Ederson, De Roon, Ruceri (Zanyolo, 87), Paşaliç (Samarciç, 58), De Ketelare (Retegi, 75), Lukman.
Real (Madrid, İspaniya): Kurtua, Vaskes, Çuameni, Rüdiger, F.Qarsiya, Valverde, Sebalyos (Modriç, 84), Dias (Asensio, 84), Bellingem (Gülər, 87), Vinisius, Mbappe (Rodriqo, 36).
Qollar: Mbappe, 10 (0:1). De Ketelare, 45+2-p. (1:1). Vinisius, 56 (1:2). Bellingem, 59 (1:3). Lukman, 65 (2:3).
Vərəqələr: Çuameni, 45+2. Kossunu, 90+2. Vaskes, 90+3 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
10 dekabr. Berqamo. 22967 tamaşaçı.

Bayer-04 – İnter 1:0 (0:0)
Bayer-04 (Leverkuzen, Almaniya): Kovarj, Mukiele, Ta, Tapsoba, İnkapye, Palasios, Caka, Frimponq, Virts (Andrix, 90+4), Qrimaldo (A.Qarsiya, 90+4), Tella (Terrye, 83).
İnter (Milan, İtaliya): Zommer, Bissek, De Vrey, Bastoni, Darmian, Zyelinski, Çalhanoğlu (Aslani, 66), Frattezi (Barella, 66), Auqusto (Dimarko, 56), Taremi (Arnautoviç, 85), Türam (L.Martines, 66).
Qol: Mukiele, 90.
Vərəqələr: Çalhanoğlu, 25. Auqusto, 27. Barella, 90+4 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
10 dekabr. Leverkuzen. 30210 tamaşaçı.

Leyptsiq – Aston Villa 2:3 (1:1)
Leyptsiq (Almaniya): Qulaçi, Zayvald, Qertyoyda, Orban, Henrixs, Baumqartner, Vermeren (Klostermann, 84), Aydara (Kampl, 46), Nusa, Openda, Şeşko (A.Silva, 76).
Aston Villa (Birmingem, İngiltərə): Martines, Konsa, Karlos, Torres, Din (Maatsen, 83), Tilemans (Barkli, 83), Kamara, Keş (Nedelkoviç, 71), Rocers, Makqinn (Buendia, 76), Uotkins (Duran, 46).
Qollar: Makqinn, 3 (0:1). Openda, 27 (1:1). Duran, 52 (1:2). Baumqartner, 62 (2:2). Barkli, 85 (2:3).
Vərəqələr: Din, 45. Karlos, 79. Henrixs, 81 – sarı.
Hakim: Mauritsio Mariani (İtaliya).
10 dekabr. Leyptsiq. 40406 tamaşaçı.

Şaxtyor – Bavariya 1:5 (1:2)
Şaxtyor (Donetsk, Ukrayna): Riznık, Konoplya, Bondar, Qram, Matviyenko, Qomes (Krıskiv, 46), Zubkov (Neverton, 83), Bondarenko (Pedrinyo, 77), Sudakov, Kevin (Eginaldo, 77), Sikan (Traore, 46).
Bavariya (Münhen, Almaniya): Perets, Laymer (Aznu, 88), Upamekano, Kim Min Ce (Dayer, 88), Gerreyro (Bue, 65), Kimmix, Qoretska, Olise, Musiala, Sane (Tel, 65), Müller (İbrahimoviç, 88).
Qollar: Kevin, 5 (1:0). Laymer, 11 (1:1). Müller, 45 (1:2). Olise, 70-p. (1:3). Musiala, 87 (1:4). Olise, 90+3 (1:5).
Vərəqələr: Sane, 7. Krıskiv, 55. Traore, 82. Qoretska, 82 – sarı.
Hakim: Xəlil Umut Meler (Türkiyə).
10 dekabr. Helzenkirhen. 57079 tamaşaçı.

Zalstburq – PSJ 0:3 (0:1)
Zaltsburq (Avstriya): Şlager, Kapaldo, Dediç, Baydu, Hindo, Bidstrup (Kamavura, 80), Qurna-Duat (Bayçetiç, 66), Qlux (Terziç, 80), Dorjeles, Yeo (Klark, 57), Ratkov (Dagim, 57).
PSJ (Paris, Fransa): Donnarumma, Hakimi, Markinyos, Paço, Mendeş (L.Ernandes, 83), Ruis (Zair-Emeri, 72), Vitinya, Neveş, Barkola, Li Kan İn, Ramuş (Due, 66).
Qollar: Ramuş, 30 (0:1). Mendeş, 72 (0:2). Due, 85 (0:3).
Vərəqələr: Hindo, 35. Qurna-Duat, 53. Kapaldo, 75 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
10 dekabr. Zaltsburq. 25065 tamaşaçı.

Brest – PSV 1:0 (1:0)
Brest (Fransa): Bizot, Le Kardinal (Pereyra Laje, 56), Şardonne, Ndiay, Aydara, Fernandeş, Kamara, Manyetti, Dumbiya (Salah, 88), Del Kastilyo, Balde (Sima, 69).
PSV (Eyndhoven, Niderland): Benites, Karsdorp (Ledesma, 46), Flaminqo, Boskalyi, Dams (Verman, 46), Tillman (Til, 84), Junior, Saybari, Bakayoko (Losano, 73), L.de Yonq (Pepi, 73), Lanq.
Qol: Le Kardinal, 43.
Vərəqələr: Dams, 41. Le Kardinal, 45+2. Del Kastilyo, 58. Tillman, 64. Şardonne, 84. Verman, 86 – sarı.
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
10 dekabr. Genqam. 15778 tamaşaçı.

Dinamo – Seltik 0:0
Dinamo (Zaqreb, Xorvatiya): Zaqorats, Ristovski, Bernoer, Teofil-Katrin, Pyer-Qabriel, Kaçavenda, Roq, Baturina (Stoykoviç, 82), Şpikiç (Mbuku, 72), Pyatsa (Hoca, 82), Kulenoviç.
Seltik (Qlazqo, Şotlandiya): Şmeyhel, Conston (Rolston, 46), Karter-Vikers, Trasti, Teylor, Hatate (Makkouen, 65), Bernardo (Engels, 65), Makqreqor, Furuhaşi (Ayda, 72), Kyun, Maeda (Forrest, 72).
Vərəqələr: Teylor, 6. Roq, 35. Kulenoviç, 35. Maeda, 38. Rolston, 56 – sarı.
Hakim: Feliks Svayer (Almaniya).
10 dekabr. Zaqreb. 18158 tamaşaçı.

Brügge – Sportinq 2:1 (1:1)
Brügge (Belçika): Minyole, Seys, Ordonyes, Mexele, De Kayper (Sabbe, 90+1), Yaşari, Onyedika, Skov-Olsen (Talbi, 64), Vanaken, Dzolis (Nilsen, 81), Cutqla (Nilsson, 64).
Sportinq (Lissabon, Portuqaliya): İsrael, Kuarejma (Sent-Yuste, 45), Diomande, Reys, Katamo, Yulmann, Simoeş, Arauxo (Esqayu, 81), Trinkan, Kenda (Harder, 87), Dyökereş.
Qollar: Katamo, 3 (0:1). Kuarejma, 24-öz qapısına (1:1). Nilsen, 84 (2:1).
Vərəqələr: Skov-Olsen, 26. Dyökereş, 34. Dzolis, 43. Onyedika, 45+4. Sent-Yuste, 50. Minyole, 52. Arauxo, 78. Yulmann, 83 – sarı.
Hakim: Entoni Teylor (İngiltərə).
10 dekabr. Brügge. 22254 tamaşaçı.

Faktlar
* Mbappe ÇL-də 50-ci qolunu vurdu (təsnifat mərhələsi nəzərə alınmadan). “Real”ın fransalı hücumçusu turnirin tarixinə bunu bacaran 9-cu futbolçu kimi düşdü. K.Ronaldo, Messi, Levandovski, Benzema, Raul, Van Nistelroy, Müller və Anri də turnirdə 50 və daha artıq qol vurub. Mbappe qitənin ən nüfuzlu klub turnirinə daha tez çatan 4-cü futbolçudu. Ona bu həddə çatmaq üçün 79 oyuna çıxmaq lazım gəlib. Van Nistelroy (62), Messi (66) və Levandovski (77) 50-ci qolu Mbappedən daha tez vurub. Oyun sayına yox, yaşa gəlincə, Kilian ən gənc 2-ci futbolçudu. O, “Atalanta”nın qapısından qolu 25 yaş 356 günlüyünə keçirdi. “Barselona”nın sabiq hücumçusu 2012-ci ildə 50-ci qolu vuranda 24 yaş 284 günlük idi.
* “Şaxtyor”la oyunda fərqlənən Müller Kriştiano Ronaldo ilə Giqqzin unikal göstəricisini təkrarladı. Belə ki, almaniyalı hücumçu ÇL-in ardıcıl 16-cı mövsümündə qol hesabını açdı. Müller, Ronaldo və Giqqz ÇL-in ardıcıl 16 mövsümündə ən azı bir qol vurub. Bu göstəricidə rekord isə ardıcıl 18 mövsümdə fərqlənən Messi ilə Benzemaya məxsusdu.
* Salah təsnifat mərhələsini də nəzərə almaqla ÇL-də 50-ci qolunu vurdu. Bu qolların 44-ü “Liverpul”un, 5-i “Bazel”in, 1-i isə “Roma”nın payına düşür. ÇL-in bombardirləri sırasında ilk “10-luğ”a düşən misirli ulduz 10-cu pilləni Filippo İnzaqi ilə bölüşür. Turnirin bombardiri isə Kriştiano Ronaldodu (140).

Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Çox vacib qələbə qazandıq. Burda heç də hər komanda qalib gəlmir. Çempionlar Liqasında dözmək lazımdı. “Atalanta” təzyiq göstərsə də, 2-ci hissəyə yaxşı başladıq. Bizim üçün çox pozitiv qələbədi, heç də təkcə xala görə yox. Finişə ilk “8-lik”də çatmaq hələ də bizim üçün çətin olacaq, ancaq xal toplamaq üçün hələ iki oyun da var”.


Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“Belə güclü, əsl dünya səviyyəli komanda ilə oyunda qələbə qazanmaq çox xoşdu. İnadkarlıq göstərdik – öz anımızı gözlədik və ondan yararlandıq. Mukiele get-gedə komandaya uyğunlaşır, gələcəkdə bizə çox şey verəcək”.
Seçilən
19
football-plus.az

1Mənbələr