AZ

İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİB

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Adalet.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə mənim və xanımımın səmimi təbrikimizi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Fürsətdən istifadə edərək bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı çox gözəl praqmatik və səmərəli əməkdaşlıq, həmçinin mövcud olan strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha fəal şəkildə inkişaf edəcəkdir.

Bolqarıstan ilə Azərbaycanın səmərəli ikitərəfli təmasları və yüksək səviyyədə fəal siyasi dialoqu genişləndirmək, inkişaf etdirmək istəyi, həmçinin hər iki ölkənin buna hazır olması il ərzində həm ikitərəfli, həm də COP 29 kimi mühüm beynəlxalq formatlar çərçivəsində Sizinlə keçirilmiş görüşlər və danışıqlar zamanı dəfələrlə nümayiş etdirilib. Sizin şəxsi töhfəniz və iştirakınız, şübhəsiz ki, bütün bu məsələlərdə böyük rol oynayıb.

Mən ölkələrimiz arasında olan ən yüksək siyasi, dövlət səviyyəsində dialoqu 2025-ci ildə də davam etdirməyə hazıram.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Adalet.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq müstəvidə dəyər kəsb edən səylərinizdə Uca Yaradandan Sizə uğurlar diləyirik.

Ulu Rəbbimizin xeyir-duası ilə Zati-aliniz dünya miqyasında hər bir dövlət xadiminin qibtə edəcəyi yüksəkliyə ucalmış, müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə təsdiq etmiş dövlət xadimisiniz. Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə tarixi ədalətin təntənəsini təmin etmiş, Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz soydaşlarımızı dədə- baba torpaqlarına qovuşdurmaqla, azad olunmuş Qarabağda şəhərləri, kəndləri yenidən dirçəldərək genişmiqyaslı quruculuq işləri ilə yanaşı, məscid və məbədləri xüsusi qayğı ilə bərpa etməklə Ulu Yaradanın nəzərində və xalqın qəlbində ucalmaqdasınız. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir.

Möhtərəm cənab Prezident, Sizin həyatınızın şərəfli ildönümü bizə xoş fürsət verir ki, cənabınızın Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlığını bir daha ifadə edək. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi və iqtisadi qüdrətinin artması, dünyada sivilizasiyalar və mədəniyyətlərarası dialoq mərkəzi və dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz, Zati-alinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq işinə önəmli töhfələr verən qlobal ideyalarınız və təşəbbüsləriniz, müəllifi olduğunuz Mədəniyyətlərarası Dialoqa dair Bakı Prosesi, insan həmrəyliyinə xidmət edən davamlı əməli səyləriniz Azərbaycanın tolerant imicini, ali mənəvi dəyərlərə sadiqliyini dünya miqyasında əyani təsdiq edir, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirir. Dövlət siyasəti olaraq yürütdüyünüz multikulturalizm siyasəti sayəsində dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarını milli birlik, mənəvi vəhdət ideyaları ətrafında bir araya gətirən Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində birgəyaşayış təcrübəsi ilə dünyada model olaraq təqdir edilir.

Möhtərəm cənab Prezident, iqlim dəyişmələrinə dair qlobal əhəmiyyətli mötəbər COP 29 tədbirinə yüksək səviyyədə ev sahibliyi və əldə olunmuş uğurlu nəticələr münasibətilə Zati-alinizi və Sizin simanızda Azərbaycan dövlətini ürəkdən təbrik edir, Uca Yaradana xoş olan məramlara xidmət edən fəaliyyətinizin Azərbaycan və bütün dünya üçün xeyirlərə vəsilə olması naminə dualar edirik. Sizin xeyir-duanızla COP 29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Bakı Sammiti, heç şübhəsiz, Azərbaycan dövlətinin daha bir böyük nailiyyəti oldu. Bəşəriyyət üçün çox önəmli olan iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsinə həsr olunmuş belə bir qürurverici Zirvə görüşünün Azərbaycanda ərsəyə gəlməsində, möhtərəm cənab Prezident, Sizin böyük rolunuz danılmazdır. Məhz Sizin “yaşıl iqtisadiyyat” quruculuğu istiqamətində dəyərli fəaliyyətinizlə, planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən “Yaşıl Dünya Naminə Həmrəylik İli” kimi dəyərli qlobal təşəbbüsünüzlə Azərbaycan dünyanın iqlim nəbzinin vurduğu məkan kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Çox hörmətli cənab Prezident, dini konfessiyaların rəhbərləri olaraq, ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınıza, dini konfessiyalara diqqət və dəstəyinizə görə təmsil etdiyimiz icmalar adından Sizə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuruq. Azərbaycanın dövlət rəhbəri olaraq doğum gününüzdə dünyanın müxtəlif nöqtələrindən təbriklər qəbul edən qalib xalqın Müzəffər Sərkərdəsi, Qarabağın Fatehi olaraq Sizin ən böyük mükafatınız xalqın dəstək və həmrəyliyi, sonsuz məhəbbəti, dərin etimadı və hədsiz minnətdarlığıdır. Var olun, hər zaman zirvədə olun, uğur həmişə Sizə yar olsun! Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi dəstəkləyən biz dindarların duaları hər zaman Sizinlədir.

Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən Dini Konfessiyaların Məşvərət Şurası adından bir daha Sizi - müzəffər dövlət başçısını şərəfli ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə fəaliyyətinizdə uğurlar diləyirik. Bir olan Yaradanımız hər zaman yardımçınız olsun, lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və onun müdrik rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!"

***

İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Adalet.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.

Arzu edirik ki, ölkəniz Sizin rəhbərliyinizlə bundan sonra da uğurlu inkişaf yolunu davam etdirsin.

Qoy bu əlamətdar gün Azərbaycan və onun vətəndaşları üçün daha böyük uğurlara imza atmaq naminə Sizə bol sevinc və güc-qüvvət gətirsin! Sizə cansağlığı, xoşbəxtlik və işlərinizdə davamlı uğurlar diləyirik.

Doğum gününüz mübarək olsun!"

***

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Adalet.az xəbər verir ki, məktubda deyilir:

"Çox hörmətli və əzizimiz cənab Prezident.

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ən xoş arzu və istəklərimizdən qaynaqlanan səmimiyyətlə təbrik etməyi özümüzə böyük şərəf hesab edirəm.

Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirərək doğma Azərbaycanımızın sürətli inkişafı, dünya ölkələri arasında layiqli yer tutması, suverenliyinin tam təmin olunması ilə nəticələnən zəfərlər qazanması istiqamətində gördüyünüz böyük işlər bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda Azərbaycançılıq ideyamız naminə yeni-yeni nailiyyətlər əldə etməyə səfərbər edir.

Azərbaycanımızın dövlət quruculuğunun möhkəmləndirilməsi üçün həyata keçirilən siyasi, iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Sizi və bütün xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyiniz dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Bu əlamətdar gündə Zati-alinizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

Seçilən
7
47
adalet.az

10Mənbələr