AZ

"Sosial şəbəkə istifadəçiləri öz məsuliyyətlərini dərk etməlidir" - RƏYLƏR

Dünən xeyli sayda tiktoker həbs olunub. Belə hallar niyə yaşanır və daha ciddi tədbirlər necə görülməlidir? SİA məsələ ilə bağlı media eksperti Qulu Məhərrəmlinin və sosioloq Ağasəlim Həsənovun fikirlərini öyrənib.

Media eksperti Qulu Məhərrəmli: "İnsanın fundamental haqlarından biri onun ifadə azadlığıdır. İnsan qanuni yolla istədiyi məlumatı əldə edə bilir, onu yayır, bu və ya başqa formada davranış, sözlə, hərəkətlə özünü ifadə edir. Bu, onun haqqıdır. İndi internetin meydana çıxmasından sonra mövcud olan platformalar, o cümlədən sosial şəbəkələr bu haqların gerçəkləşməsi üçün böyük imkanlar yaradır. Media profilləri, müxtəlif səhifələr, proqramlar, portallar, hamısı insanın ifadə azadlığının genişlənməsinə şərait yaradır. Amma o ifadə, söz azadlığı heç bir halda başqalarının azadlığını poza bilməz. Nalayiq ifadələrin işlənməsinə, fərqli çağırışlara, insan əxlaqına, bəşəri dəyərlərə qarşı çevrilə bilməz. Ona görə də bu gün "TikTok"la bağlı çox ciddi problemlər var. Dünyanın bir çox ölkələrində "TikTok" ardıcıl olaraq bağlanır. Çünki o platformadan həmin ölkələrin millilik dəyərlərinə hücumlar var, nalayiq ifadələr var. Söyüşlə danışanlar var. Ona görə də o platformanın bağlanması ilə bağlı sanki yarış gedir. Bu niyə olmalıdır? Bir tərəfdən insan haqları, ifadə azadlığı var, digər tərəfdən bəşəri dəyərlər var. "TikTok" konkret olaraq yaradan Çindir, maliyyəsi Çinin əlindədir. Amma Çində "TikTok" yoxdur. Sual olunur ki, niyə? Bu, düşündürücüdür. Bizdə də indi "TikTok"u bağlamağa çağırışlar var. Bəzi hallarda onlara haqq qazandırmaq da mümkündür.

Son illər həbs olunan insanlar var. Mən elə bilirəm ki, həmin dəst-xətti aparan insanlara çox ciddi xəbərdarlıq olunmalıdır ki, onlar bu davranışları təkrar etməsinlər. Əgər orada cəmiyyət üçün qorxu varsa, əxlaq üçün qorxu varsa, söyüş söyülürsə, insanların əxlaqını pozan, onları dayanıqlı vəziyyətdən çıxaran, insanların şüuruna, əxlaqına, mənəvi atmosferinə təsir edən hallar varsa, bu, qanunvericilikdə nəzərdə tutulduğu halda, təbii ki, cəzalandırılmalıdır. Ona görə də, bu həbslərin ciddi əsası var. Amma ikinci cəhəti ondan ibarətdir ki, müstəqil fikir adamları əgər heç bir xətaya yol vermirsə, bu dalğada onları həbs etmək, qorxutmaq, onlara qarşı təzyiqlər göstərmək yolverilməzdir. Bu həssas məsələyə xüsusi diqqət yetirməliyik".

Fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov: "Sosial şəbəkələrdən istifadə məsələsinə gəlincə burada fərqli platformalarda, fərqli maraq dairələrinə uyğun şəkildə ayrı-ayrı fərdlərin paylaşımları, fikir mübadilələri, hansısa məsələləri müzakirə predmetinə çevirmələri müsbət haldır. Sosial şəbəkələrin müsbət tərəfidir, geniş imkanlar yaradır. Fəaliyyət istiqamətindən asılı olmayaraq əxlaqa zidd davranışların təbliğ olunması qanuna uyğun şəkildə cəzalandırıla bilər. Eyni zamanda bu, ictimai qınaq obyektinə çevrilməli və müxtəlif sosial dairələrdə qınaq obyektinə çevrilməlidir, tənqidi yanaşılmalar ortaya qoyulmalıdır.

Sosial platforma, sosial şəbəkədə azad hiss etmək, "azadlığın heç bir həddi-hüdudu yoxdur, istədiyim paylaşımı edə bilərəm" deyə bir yanaşma yanlışdır. Sosial şəbəkə istifadəçiləri əvvəlcə öz məsuliyyətlərini dərk etməli və əxlaqa zidd deyil, əslində əxlaqa dayanan, əxlaqlı davranışlar ortaya qoymalı, cəmiyyətdə bu fikirlərin sosial şəbəkələr üzərindən yayılmasına öz töhfələrini verməlidirlər. Təəssüf ki, biz sosial şəbəkələrdə əks-mövqedə olan paylaşımları da görürük. Əxlaqa zidd, milli-mənəvi dəyərlərimizə zidd paylaşımları görürük. Bunu təbliğ edənləri qınayırıq. Mümkün qədər mübarizə aparmağa çalışırıq.

Azərbaycan cəmiyyətində istər toplumsal səviyyədə, istərsə də dövlət səviyyəsində bu cür hallara qarşı mübarizə hələ ki, yetərli səviyyədə deyil. Düşünürəm ki, bəzi tiktokerlərin saxlanılması ola bilsin ki, gələcəkdə onlar haqqında həbs-qətimkan tədbirlərinin seçilməsi, yaxud da hansısa qanunauyğun şəkildə inzibati cəzalara məruz qalması bir başlanğıc ola bilər. Gələcəkdə bu proses daha da genişlənməli və əxlaqa zidd paylaşım edən sosial şəbəkə istifadəçiləri fəaliyyətləri müqabilində layiqli cəzalarını almalıdır.

Sosioloq olaraq sosial davranışlar məsələsində mütləq şəkildə əxlaqa dayanan, milli-mənəvi dəyərlərə əsaslanan fəaliyyətlərin genişlənməsinin tərəfdarıyam. Çünki bu, milli dəyərlərimizə sahib çıxmağımıza böyük dəstək ola bilər. Bu fəaliyyətdə hər kəs bir vətəndaş, hər bir sosial şəbəkə istifadəçisi öz fərdi məsuliyyətini eyni zamanda, toplumsal məsuliyyətini dərd etməlidir".

Müəllif: Söylü Ağazadə
Seçilən
10
sia.az

1Mənbələr